Həkim-psixiatr tələbə auditoriyasında

 

Dekabrın 6-da ATU-nun Tədris İdman Kompleksində “Təbib” idman klubunun təşkilatçılığı ilə keçirilən seminar tələbələrin sevimlisi, psixiatr dr. Ramil Hüseynzadə haqqında qısa tanıtımla başlayıb. Bildirilib ki, R.Hüseynzadə 2011-ci ildə 695 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub və 2017-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

O, rezidentura təhsilini 2017-2019-cu illərdə 2 saylı Klinik Psixiatriya Xəstəxanasında alıb. 2019-cu ildə isə Türkiyənin 19 Mayıs Universitetində uşaq və yeniyetmə psixiatriyası üzrə təcrübə keçib. Rezidentura təhsilindən sonra dövlət təyinatı ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı köməkçi stansiyasında çalışıb. Hazırda “Nəfəs” Psixi Sağlamlıq Akademiyasında həkim-psixiatr kimi fəaliyyət göstərir. 

Bundan sonra həm haqqında səslənən təqdimata, həm də tələbələrlə görüş üçün yaradılan şəraitə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirən dr. Ramil Hüseynzadə “Müasir dövrdə tələbələrin psixologiyası” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, tələbələr təhsil müddətində bir sıra kiçik, lakin əhəmiyyətli psixoloji problemlərlə qarşılaşırlar. Bu problemlər içərisində diqqət pozuntusu, sosial fobiya və özünüifadə çətinliyi, sosial media asılılığı, həmçinin tələbələrin gələcək qayğıları fonunda təşviş pozuntuları daha çox nəzərə çarpır. Diqqət pozuntusunun 2 qrupa bölündüyünü xatırladan doktorun sözlərinə görə, birincili diqqət pozuntusu diqqət əskikliyi sindromu ilə doğulan uşaqlarda olur: “Deməli, bu problem sizə aid deyil. Tələbələrdə ehtimal olunan ikincili diqqət pozuntusudur ki, bunun da əsas səbəbi həyəcan xofu, təşviş qorxusu, panik qorxu və digər amillərdir. Sosial fobiya da, sosial mediadan asılılıq problemi də həyəcan qrupuna aiddir. Bəzən hansısa fərd özünü sosial şəbəkələrdə tamamilə fərqli şəkildə təqdim edir. Məsələn, həyatda susqun, heç nəyə qarışmayan bir adam sosial mediada çılğınlığını göstərən şəkillər paylaşır. Beləliklə, yuxarıda sadaladağım problemlərin hər biri ilk növbədə həyəcanla əlaqədardır”. 

Mütəxəssis mühazirəsində insanın psixologiyasına mənfi təsir göstərən başqa amillərdən də danışıb. Onun sözlərinə görə, əsas problemlərdən biri təşviş hissi, həyəcan qorxusu keçirən hansısa şəxsin özünü və ətrafındakıları düzgün dəyərləndirə bilməməsidir.  Belə olduqda, həmin şəxs özünü əskik, ətrafını isə təhlükəli görür. Həyəcanının mahiyyəti bundan ibarətdir. Düşünür ki, dünya onu çox ağır sınağa çəkəcək və böyük faciə baş verəcək.

Bəzən insanları sosial qayğıların, maddiyyatın, gələcəklə bağlı narahatlığın və özünəgüvənsizliyin “sındırdığını” deyən həkim-psixiatr, problemin həlli yollarının daha çox fərdin özündən asılı olduğunu vurğulayıb. Qeyd edib ki, insan ilk növbədə özünü doğru dəyərləndirməyi bacarmalıdır.

Ailə münasibətlərinin, ətrafda baş verənlərin insan psixologiyasına təsirindən də söhbət açan məruzəçi, cəmiyyətimizdə “xoşbəxtlik” məfhumuna oturuşmuş yanaşmaya özünün fərqli mövqeyini sərgiləyib. Valideynin “mən ancaq övladlarımın xoşbəxtliyi üçün çalışıram” düşüncəsini qəbul etmədiyini diqqətə çatdırıb. Fikrini onunla əsaslandırıb ki, əgər hər kəs özünün xoşbəxtliyi üçün çalışsa, övladlarını da xoşbəxt edə biləcək: “Sağlam düşüncə odur ki, biz özümüzü qüsurlarımızla bir yerdə qəbul edirik”.

Auditoriya ilə səmimi ünsiyyət yaradan dr. R.Hüseynzadə sonda tələbələrin mövzuya dair suallarını cavablandırıb. Bəzi tələbələr şəxsən özlərinə aid problemləri də rahatlıqla həkim-psixiatrla bölüşüblər.

Tədbirin sonunda “Təbib” idman klubu tərəfindən hazırlanan xüsusi hədiyyə Ramil Hüseynzadəyə təqdim olunub.