Nur şöbəsi
İnsanların gözünə işıq, nur bəxş etmək hər həkimə nəsib olmur. Qurban İsmayılov məhz belə həkim-oftalmoloqlardandır. Onun rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin qarşısında həmişə növbədə dayanan pasiyentləri görmək olar. Ölkəmizin hər yerindən bu şəfalı əllərin sahibinə müraciət edirlər. Reportaj üçün üz tutduğumuz şöbədə pasiyentlər müayinə olunur, dəqiq diaqnoz qoyulur, sonra müalicə aparılır, ehtiyac olduqda isə əməliyyat icra edilir.
Şöbə müdiri son zamanlar quru göz sindromunun çoxaldığını bildirir: “Bu, oftalmologiyada ən böyük problemlərdən biridir. Belə xəstələrdə daimi diskomfort, qızartı, qaşınma, gözdə batma və quruluq müşahidə olunur. Tam müalicəsi olmadığı üçün nəmləndirici damlalardan, yeni texnoloji metodlar tətbiq etməklə, gözün aşağı yaş nöqtələrinə ucu qapalı lakrimal punktlardan istifadə edirik. Bu, mayeni yaş yollarına keçməyə qoymur, gözü həmişə nəmli vəziyyətdə saxlayır. Bir sözlə, lakrimal punktlarla yaş yollarını genişləndirmək mümkün olur”.
Nəticələrin qənaətbəxş olduğunu deyən Q.İsmayılov, bizimlə söhbət edə-edə pasiyentlərini müayinədən keçirir. Firəngiz Qarayeva klinikaya təkrar üz tutan pasiyentlərdəndir. Hər iki gözünün görmə qabiliyyəti zəif olduğundan, öncə biri əməliyyat olunub. Özünü yaxşı hiss edir. Əməliyyat olunan gözü ilə artıq yaxşı gördüyünü və heç bir narahatlığı olmadığını deyir. İndi həkimin o biri gözünü əməliyyat edəcəyini bildirir. F.Qarayeva bu əməliyyatın da uğurlu olacağına, problemdən biryolluq qurtulacağına əmindir.
Nailə Abbasova isə Gəncədən gəlib. O, 10 yaşlı oğlu Muxtarı müayinəyə gətirib. Deyir ki, qəflətən oğlunun gözündə çəplik əmələ gəlib. Orada mütəxəssislərə göstərib müalicə etdirsə də, nəticəsi olmayıb. Məsləhət görüblər ki, Qurban İsmayılova müraciət etsin.
Həkim müayinə etdikdən sonra M.Abbasovun müalicəyə deyil, əməliyyata ehtiyacı olduğunu deyib. Bundan sonra balacada çəpliyin aradan qalxacağını və görmə qabiliyyətinin bərpa olunacağını bildirib.
Şöbənin həkim-oftalmoloqu Aytən Eyvazova da pasiyentlərin müayinəsi ilə məşğuldur. Həkim, adının açıqlanmasını istəməyən pasiyentlərdən birinin keratokonus xəstəsi olduğunu qeyd etdi. Azərbaycan isti iqlim qurşağına malik olduğundan bu xəstəliyin geniş yayıldığını diqqətə çatdırdı: “Xəstəlik zamanı hər hansı bir səbəbdən, genetik-xroniki allergik və ya quru göz sindromu nəticəsində buynuz qişada baş verən nazilmə müşahidə olunur. Nazilmənin nəticəsi olaraq görmə keyfiyyəti itir, görmə itiliyi azalır və nəticədə buynuz qişada qabarma, dikləşmə baş verir. Amma buynuz qişanın qalınlığı normal halda 520-550 mk götürülür. Keratokonus xəstəliyinin ən dürüst diaqnostikasını korneal topoqrafiya vasitəsi ilə qoymaq mümkündür. Müalicəsi isə yalnız əməliyyat yolu ilə mümkündür. Belə xəstələrdə ilkin mərhələlərdə transepitelial və ya standart kross-linkinq əməliyyatı icra olunur. Sonra isə eyni etaplı kross-linkinq və korneal həlqə əməliyyatı aparılır. Buynuz qişanın vəziyyətindən asılı olaraq - yəni buynuz qişa qlobuslaşır və ya optik hissə bulanırsa - keratoplastika əməliyyatına ehtiyac yaranır. Müasir oftalmologiyada keratokonus xəstəliyinin müalicəsi zamanı trifokal və torik iollardan da istifadə edirik”.
A.Eyvazova bu linzaların gözün içərisinə implantasiya olunduğunu, trifokalın uzaq, orta, yaxın məsafəni, torik hissənin isə keratokonusun yaratdığı astiqmatizmi korreksiya etdiyini bildirdi.
Şöbədə gənc bir qız da diqqətimizi çəkir. Öyrənirik ki, Xaçmazdan gələn 18 yaşlı Lalə Əliyevanın gözlərinin görməsi 9 faiz olub. Bu il oktyabrın 21-də əməliyyat edilib. İndi təkrar müayinəyə gəlib. Müayinənin inanılmaz nəticəsini biz də eşidirik: Görmə yüz faiz bərpa olunub! Lalənin isə sevincinin həddi-hüdudu yoxdur.
Məlum olur ki, belə sevincli anlar bu şöbədə tez-tez yaşanır. Xəstələrin ümid yeri olan həkimlərimizə uğurlar arzulayıb, xoş təəssüratla şöbədən ayrılırıq.