ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarın bu dəfəki mövzusu “Xronik irinli orta otit və ağırlaşmaları” olub. Tədbiri açan TCK-nın rezidentlər üzrə məsul şəxs, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov seminarın keçirilməsinə verilən dəstəyə görə ATU-nun və klinikanın rəhbərliyinə təşəkkürünü bildirərək, mövzu barədə iştirakçıları məlumatlandırıb.
Bundan sonra Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti Ayaz Qasımov qeyd olunan mühazirəni təqdim edib.
Məruzəçi çıxışında xronik irinli otitlərin etiologiyasından, patogenezindən, növlərindən, müalicə prinsiplərindən və baş verə biləcək yerli və ümumi ağırlaşmalardan bəhs edib, onun diaqnostikasının vaxtında və doğru aparılmasının vacibliyini vurğulayıb. Xəstəliyin simptom və əlamətlərindən danışan A.Qasımov bildirib ki, qulaqdan irinli və ya şəffaf, yapışqanşəkilli axıntının olması onun göstəricisidir: “Təbil pərdəsində dəlik qeyd olunur və orta qulağın selikli qişası şişkin və ifrazatlıdır. Təbil pərdəsinin yuxarı hissəsinin (pars flaccida) dəliyi xolesteatomanın demək olar ki, daimi əlamətidir. Təbil pərdəsinin mərkəzi hissəsində (pars tensa) dəlik xolesteatomaya meyllik yaradır və tez-tez orta qulaqda keratinləşmiş kütlə müşahidə edilir”.
Xroniki orta otitin konservativ müalicəsindən də bəhs edən məruzəçi əlavə edib ki, əgər qulaq qurudursa və pars tensada mərkəzi perforasiya varsa, təcili müalicə göstəriş deyil: “Xəstə qiymətləndirilməsi üçün otorinolarinqoloqa yönəldilir. Əgər dəlik təbil pərdəsinin yuxarı hissəsində görünürsə, xəstədə xolesteatoma olması ehtimalı var və əməliyyat göstərişdir”.
Sonra Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti Sara Ağalar seminarın işini diskussiya formasında davam etdirərək, məruzəyə dair sualları cavablandırıb.
Qeyd edək ki, artıq bir neçə ildir ənənə şəklini alan bu əhəmiyyətli layihə universitet rəhbərliyinin dəstəyi, Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutur. Burada ATU-nun rezidentlərilə yanaşı, kafedra və klinikaların həkimləri də iştirak edirlər.