“Stomatologiyanın aktual problemləri” mövzusunda XXII beynəlxalq elmi-praktik konfrans keçirilib
Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) 25 illiyinə həsr olunmuş konfranslar silsiləsinə start verilib. Bu silsilədən “Stomatologiyanın aktual problemləri” mövzusunda XXII beynəlxalq elmi-praktik konfrans dekabrın 10-da baş tutub.
Konfransda Assosiasiyanın prezidenti, ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva açılış nitqi ilə çıxış edərək öncə tədbir iştirakçılarını salamlayıb. O, “Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz yurdumuzun cənnət guşəsi olan Qarabağı düşmən işğalından azad etdi. Bayrağımızı öz torpaqlarımızda ucaltdıq. Bu müharibədə qardaş Türkiyə daim yanımızda oldu” – deyərək, Azərbaycan Stomatoloji Assosiasiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə yubiley tədbirlərinin çox əlamətdar bir dövrdə keçirildiyini xatırladıb.
Üzümüzə gələn ildə isə bütün tədbirləri müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcəklərini söyləyən R.Əliyeva, rəhbəri olduğu qurumun tarixi inkişaf yolundan söhbət açıb. Bildirib ki, ölkəmiz ikinci dəfə öz müstəqilliyini qazandıqdan sonra böyük islahatlar aparıldı: “Ölkə rəhbərliyi Azərbaycanın müstəqil dövlət kimi bütün sahələrdə, o cümlədən səhiyyə sistemində dünya proseslərinə inteqrasiya siyasətinə dəstək verdi. Bu baxımdan, 1998-ci ildə yeni yaradılmış ASA dünya stomatoloqlarının aparıcı orqanı olan Ümumdünya Stomatoloqlar Birliyinə (FDİ) daimi üzv seçildi. Onu da qeyd etmək istərdim ki, keçmiş SSRİ dövlətləri arasında Rusiyadan sonra Ukrayna ilə birlikdə 1998-ci ildə 2-ci və 3-cü dövlət olaraq FDİ parlamentində qəbul olunduq. Eyni zamanda ASA FDİ-nin Avropa Regional Təşkilatının həqiqi və daimi üzvüdür. Assosiasiyamız həm də Müstəqil Dövlətlər Birliyinin və Türkiyə Diş Həkimləri Birliyinin rəhbərliyi altında olan "Qonşu ölkələr – The Neighbouring Countries Platforması"nın üzvüdür”.
R.Əliyevanın sözlərinə görə, ASA-nın fəaliyyət istiqamətlərindən biri də diş həkimləri və əhalı arasında sanitar-maarifləndirmə işinin aparılmasıdır: “Diş həkimlərinin professional bilik və bacarıqlarının artırılması da həmişə diqqət mərkəzindədir. Belə ki, 2000-ci ildən başlayaraq biz bir sıra regional və beynəlxalq seminar, simpozium, master-klaslar və konfranslar təşkil edirik. Bütövlükdə müasir stomatologiyanın problemlərinə həsr olunan bu tədbirlərin bir qismi “Davamlı təhsil” proqramı çərçivəsində həyata keçirilir.
Fəaliyyətimizin əhəmiyyətli mərhələlərindən biri də Assosiasiyamızın dövri mətbuat orqanının yaradılmasıdır. “Qafqazın Stomatoloji Yenilikləri” adlı dərgimizin artıq 26-cı sayı işıq üzü görüb. Apardığımız işlərin hesabatı, qarşıda duran məqsəd və məramlarımız dərgidə öz əksini tapır”.
ASA-nın uzun illərdir ki, dünyanın aparıcı şirkətləri ilə məktəblər arasında “Ağız boşluğuna qulluq” üzrə təhsil proqramını həyata keçirdiyini söyləyən qurumun rəhbəri, bu proqramın 15 ilə yaxın müddətdə Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Şirvan və Mingəçevir şəhərlərində reallaşdığını və ümumilikdə 500 mindən artıq uşağı əhatə etdiyini vurğulayıb.
Natiq XX əsrin sonundan bu günə qədər müasir tibdə həyat keyfiyyəti anlayışının böyük önəm daşımasına və bu anlayışın stomatologiyada da çox mühüm olmasına diqqət çəkib: “Estetik baxımdan ağız sağlamlığının funksiyalarının yerinə yetirilməsi, gigiyenası, diş sıralarının vaxtında bərpası və ümumilikdə ağız sağlamlığının qorunması xüsusi önəm kəsb edir. Bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Ümumdünya Stomatoloqlar Federasiyasının birgə keçirdiyi toplantıda qəbul olunan ağız sağlamlığı strategiyası sentyabrda Cenevrədə yenidən müzakirəyə çıxarılıb və FDİ-nin parlament iclasında qəbul olunub. Artıq bu strategiya 2030-cu ilə qədər bütün diş həkimləri üçün bir proqram kimi nəzərdə tutulur”.
Çıxışının sonunda bugünkü tədbirin stomatologiyanın aktual problemi hesab edilən dişin sərt toxumalarının mineral balansının bərpasına həsr olunacağını bildirən R.Əliyeva sözü məruzəçilərə verib.
Türkiyədən professor Betül Kargül “Molar insizal hipomineralizayonunda (MIH) klinik yönetim”, DRC Group şirkətinin (R.O.C.S.) elmi təmsilçisi Tatyana Kupes “Həkim-stomatoloqun təcrübəsində remineralizəedici terapiya”, dosent Gülşən Zeynalova “Diş məcunlarının minanın remineralizasiya prosesinə təsiri” və dosent Ramidə Şadlinskaya “Böyük β-talassemiyalı uşaqlarda diş kariyesinin yayılmasının və intensivliyinin qiymətləndirilməsi” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. Hər məruzədən sonra sual-cavab sessiyası olub və müzakirələr aparılıb.