C vitaminini çox qəbul etmək infeksiyalardan qoruyur?

C vitaminini çox qəbul etmək infeksiyalardan qoruyur?

Həkim deyir ki, ehtiyac olmadan böyük miqdarda vitaminlər qəbul etməyin faydası yox, ziyanı var

 

Son dövrlərdə əhali arasında yeri gəldi-gəlmədi vitamin tərkibli preparatlardan, xüsusilə də C vitaminindən istifadə halları çoxalıb. O da sirr deyil ki, koronavirus (COVID 19) infeksiyasının yayıldığı dövrdən sonra vitaminlərə tələbat daha çox artmağa başlayıb. Bəs bu nə dərəcədə doğrudur? Mütəxəssislər nə deyir?

Suallarımızı III Daxili xəstəliklər kafedrasının dosenti, həkim-terapevt Nağdəli Zamanov cavablandırıb. O, “Təbib” qəzetinə açıqlamasında qeyd edib ki, kimyəvi adı askorbin turşusu olan C vitamininə orqanizmin ehtiyacı elə də çox deyil, gün ərzində cəmi 90 mq-dır: “Amma son illərdə koronavirus infeksiyası ilə bağlı insanlarımız müqaviməti gücləndirmək məqsədilə askorbin turşusuna daha çox müraciət edirlər. Əlbəttə, askorbin turşusu bədəndə oksidləşmə proseslərini tənzimləyir. Lakin insanlarımız bunu xəstələnməmişdən qabaq iri dozalarda, hətta 5 qramlıq dozada qəbul edir ki, bu da yolverilməzdir. Məlumdur ki, yüksək temperaturda, xəstəlik zamanı orqanizmdə askorbin turşusu azalır. Deməli, belə vəziyyətdə biz xəstələrə iri dozada C vitamini verəcəyik. Həmçinin ağır fiziki məşqlər vaxtı C vitamininə tələbat təbii olaraq artır. Ancaq tələbatın artmasına baxmayaraq, heç bir xəstəlik əlaməti olmadan profilaktik məqsədlə iri dozada C vitaminindən istifadə etməyə ehtiyac yoxdur”.

N.Zamanovun fikrincə, C vitaminini qəbul edərkən təbii şəraiti də nəzərə almaq lazımdır: “Unutmamalıyıq ki, Azərbaycan meyvə və tərəvəzlərlə zəngin ölkədir. Burada tərkibində kifayət qədər C vitamini olan göy soğan, sarımsaq, limon, portağal, naringi, itburnu, cəfəri kimi meyvə və giləmeyvələr, tərəvəzlər var. Duza qoyulmuş tərəvəzlər istisna olmaqla, bu cür qidalar insan orqanizmi üçün çox faydalıdır”.

Orqanizmin özünün sintez etmədiyi, kənardan aldığı C vitamininin yan təsirlərinin də olduğunu diqqətə çatdıran həkim-terapevtin sözlərinə görə, onun həm də müəyyən dərmanların təsirini azaltmaq və gücləndirmək xüsusiyyəti var. Ona görə də hipertoniklər, şəkərli diabet xəstələri C vitaminini yüksək dozada qəbul etməməlidir: “Çünki mədəaltı vəzin insulyar aparatının işini tormozlamaq qabiliyyətinə malikdir və dolayısıyla qanda şəkəri artırır. Əgər qanda dəmirin miqdarı çoxdursa, biz buna hemoxromatoz deyirik. Qaraciyərdə dəmirin artıq şəkildə toplanmasına gətirib çıxara bilər. Bir də böyrəklərdə oksalat kristallarına daha çox rast gəlinir ki, bu da gələcəkdə böyrəklərin zədələnməsi və böyrək daşı xəstəliyi ilə nəticələnir. Eyni zamanda mədə turşuluğu olan xəstələrə də mənfi təsir göstərir. Yəni turşuluğu bir az da artırır, mədəni qıcıqlandırır”.

Bütün hallarda həkim tövsiyəsi olmadan iri dozada C vitamini qəbul etməyi məsləhət görməyən müsahibimiz bildirib ki, “hansısa xəstəliyin qarşısını almaq üçün C vitaminindən istifadə zəruridir” düşüncəsi yanlışdır: “Hər kəs yadda saxlamalıdır ki, orqanizm onsuz da artıq şeyi xaric edir. Belə bir mif yaradıblar ki, C vitaminini çox qəbul etsən, infeksiyaya yoluxmayacaqsan. Bu fikirlərin məntiqi və elmi əsası yoxdur. Təcrübədə də özünü doğrultmayıb. Əsas odur ki, insanın sinir sistemi, iş rejimi, yuxusu rahat olsun”.

Dosent N.Zamanov C vitamininin əhəmiyyətindən danışaraq  vurğulayıb ki, onun çatışmazlığı nəticəsində sinqa xəstəliyi əmələ gəlir, damarların keçiciliyi pozulur, qansızmalar baş verir: “Bu baxımdan C vitamininə ehtiyacımız böyükdür. Uşaqlar daim hərəkətdədir deyə, onların C vitamininə ehtiyacı daha çoxdur. Ancaq yaşlı insanlar üçün də C vitamini vacibdir. Damar divarını möhkəmləndirir, qansızmaların, qanaxmaların qarşısını alır. Hamiləlik zamanı, süd verən analarda da C vitamininə tələbat artır. Amma ifrat dərəcədə istifadəsi zərərlidir. Dahi şairimiz Nizami Gəncəvi demişkən:

 

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

 

Bir sözlə, zərurət yarandıqda orqanizmin tələbatını ödəyəcək miqdarda C vitamini qəbul etmək normaldır. Sağlam insanların isə sadəcə profilaktik məqsədlə təkcə C vitaminindən deyil, başqa vitaminlərdən də istifadə etməsi tövsiyə olunmur”.