Əməkdaşımız Şuşada “Ekoterrora yox!” deyib

 

Dekabrın 12-dən etibarən Şuşada ekoloji fəallar, media və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də sadə vətəndaşların iştirakı ilə sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq fasiləsiz aksiyalar keçirilməkdədir.

Həmin aksiyada Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri, ATU-nun Ailə təbabəti kafedrasının assistenti, t.ü.f.d. Sveta Rəfiyeva da iştirak edib.

S.Rəfiyeva bildirib ki, aksiyada məqsəd ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, respublikamızın suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir: “Əsas məqsədimiz ölkəmizin suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şəraitin yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər”.

Sveta xanım “Ekoterrora yox!”, “Azərbaycan sərvətlərinin talanmasına yox!”, “Laçın dəhlizi sülh dəhlizidir. Soyğunçuluq, talan dəhlizi deyildir!” kimi şüarların yer aldığı aksiyaya qəlbinin çağırışı ilə qoşulub: “Doğrudan da soyuğa, yuxusuzluğa, yolun uzaqlığına baxmayaraq, mənəvi bir rahatlıq tapdım. Bu imkanı bizə yaradan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm.

Qoy ermənilər bilsin ki, biz sülh carçılarıyıq. Yolkəsən deyil, sülhə yol açanlarıq. Dinc ermənilər bizə xilaskarları kimi baxa bilərlər. Biz onları girov saxlayan, onlardan bir alət kimi istifadə edən quldur rejimi lənətləyirik. Mülki erməni əhali ilə heç bir problemimiz yoxdur. Bizim düşmənimiz ərazimizi talayanlar, qanunsuz silahlı quldurlardır”.

Söhbət əsnasında Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin yaranmasından da bəhs edən S.Rəfiyeva qeyd edib ki, təşkilat 2017-ci ildə təsis olunub və bu müddət ərzində bir sıra layihələr həyata keçirib: “Qaçqın və məcburi köçkün uşaqlarda kardioloji xəstəliklərin aşkara çıxarılması və bu xəstəliklə bağlı onların valideynlərinin maarifləndirilməsi, icbari tibbi sığorta ilə bağlı, COVID-19 infeksiyası zamanı regionlarda əhalinin tibbi ləvazimat və ərzaqla təmin edilməsi kimi layihələrimiz olub. Oktyabrın 12-dən başlayaraq, regionlarda ürək-damar xəstəlikləri və onların profilaktikası çərçivəsində "Ürəkləri qoruyaq" adlı növbəti layihəmizə start vermişik. Layihənin ilk tədbiri Şamaxı şəhərində uğurla nəticələnib. Qeyd edim ki, tərəfimizdən icra olunan bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 9 regionda - Şamaxı, Ağdaş, Şirvan, Biləsuvar, Gədəbəy, Şəmkir, Kürdəmir, Astara və Lənkəranda həyata keçiriləcək”.

Məlumat üçün bildirək ki, təşkilatın layihələri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mükafatlarına layiq görülüb.