Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və sağlamlıq elmləri təhsili kafedrasında klinik bacarıqlar fənni üzrə sessiya imtahanlarına start verilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli Obyektiv Strukturlaşdırılmış klinik imtahan (OSKİ) formatlı prosesin gedişi ilə tanış olub.
ATU-nun rektoru OSKİ imtahanının keçirilməsi üçün yaradılan şəraitlə tanış olub, müəllim və tələbələrin fikirlərini öyrənib. İmtahan verən yerli və xarici tələbələr kursun daha effektiv keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Rektor G.Gəraybəyliyə verilən məlumata görə, klinik bacarıq dərslərinin birinci bölməsi steril zonaya girişin qaydaları ilə əlaqəlidir. Bu bölmədə tələbələrə əllərin tibbi qaydada yuyulması bacarıqları, steril əlcək geyinilməsi, tibbi kombinezonların geyinib-çıxarılması, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları və ünsiyyət bacarıqları tədris olunur.
Tədrisin ikinci hissəsində isə tələbələrə dərman tətbiqləri, inyeksiya qaydaları və təməl yaşam dəstəyinin verilməsi öyrədilir. Tədris zamanı nəzəri biliklərə nisbətən praktiki bacarıqlara daha çox üstünlük verilir. Kursu sonunda isə tələbələrin qazandığı biliklər Obyektiv Strukturlaşdırılmış klinik imtahan (OSKİ) vasitəsilə qiymətləndirilir.
Qeyd olunub ki, kafedrada OSKİ sınaqları 6 stansiya üzrə aparılır və bunlardan 4-ü dərman tətbiqlərinə aiddir. Bu semestr ərzində tibb ixtisası üzrə 2-ci kursda oxuyan 744 tələbənin klinik bacarığı yoxlanılır.