ATU-nun rezidentləri dünyanın ən yaxşı universitetlərində təcrübə keçir

ATU-nun rezidentləri dünyanın ən yaxşı universitetlərində təcrübə keçir

Rektor, professor Gəray Gəraybəyli: Azərbaycanda tibb təhsilinin ikipilləli olması əlavə məsuliyyət yaradır

 

Dekabrın 27-də Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib. İclasa sədrlik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə tədbir iştirakçılarının timsalında universitetin bütün əməkdaşlarını, o cümlədən tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, hər kəsə cansağlığı və uğurlar arzulayıb.

Gündəlikdə duran məsələlər diqqətə çatdırıldıqdan sonra Rezidentura və magistratura şöbəsinin 2021-2022-ci illərə dair hesabatı dinlənilib.

Cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında xüsusi rolu olan Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən şöbənin müdiri, professor Məlahət Sultanova bildirib ki, səhiyyəyə göstərilən böyük diqqət və qayğı ölkəmizin daha da inkişaf etməsini şərtləndirən əsas amillərdəndir: “Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli səhiyyə sistemi hər şeydən əvvəl, səhiyyədə ənənəviliklə müasirliyin üzvi vəhdətinin təmin olunması, eləcə də Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğunlaşdırılması prinsiplərinə əsaslanır. Bu istiqamətdə universitet rəhbərliyinin dəstəyi ilə əsas məqsədimiz – rezidentura və magistratura təhsil pilləsində həkim-mütəxəssis hazırlığının səmərəliliyini artırmaq, verilmiş tibb təhsili sənədlərini beynəlxalq məkanda tanıtmaqdır”.

Onun sözlərinə görə, şöbə ATU-ya qəbul olunan rezidentlərin və magistrantların tədrisinə, rotasiyalarının təşkilinə, rezidentlərin klinikada maksimum səviyyədə xəstələrlə təminatına nəzarət edir. Eyni zamanda universitet rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan tələbləri yerinə yetirərək, rezidentləri və magistrləri narahat edən problemlərin həlli üçün də lazımi tədbirlər həyata keçirir.

M.Sultanova hesabat ilində 881 rezidentin ATU-nun bazalarında və Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş bazalarda, 93 magistrin isə aidiyyatı üzrə kafedralarda təhsil aldığını, rezidentura üzrə 56, magistratura üzrə 9 ixtisasda tədris aparıldığını diqqətə çatdırıb.

Məruzədə 2021-2022-ci tədris ilinin buraxılış imtahanlarının yekunları da öz əksini tapıb. Belə ki, test mərhələsində iştirakı nəzərdə tutulan 271 rezidentdən 15 nəfəri imtahana gəlməmiş, imtahanda iştirak edən 256 rezidentdən 251 nəfəri imtahandan müvəffəqiyyətlə keçərək yekun attestasiyanın praktiki mərhələsinə buraxılmışdır. Yekun attestasiyanın test mərhələsinin nəticələrinə əsasən, 5 nəfər imtahandan keçə bilməmişdir. Praktiki mərhələdə iştirakı nəzərdə tutulan 251 rezidentdən 1 nəfər imtahanda iştirak etməmiş, 250 nəfər imtahandan müvəffəqiyyətlə keçmişdir. 2022/2023 tədris ilinə qəbulun nəticələrinə gəldikdə isə, bu il ATU-nun rezidentura təhsil pilləsinə 272 rezident, rezidentura üzrə 23 əcnəbi vətəndaş qəbul olunmuşdur. Qəbul imtahanlarının I mərhələsi baza tibb fənləri, II mərhələsi isə kliniki fənlər üzrə aparılmışdır.

Şöbənin beynəlxalq əlaqələrinə də toxunan M.Sultanova, rezidentlərimizin ATU-nun müqavilələri çərçivəsində Türkiyənin ən tanınan universitetlərində rahat şəkildə rotasiya keçdiklərini və qazandıqları təcrübəni ölkəmizdə tətbiq edə bildiklərini vurğulayıb: “Hazırda 86 rezidentimiz xaricdə təhsilini davam etdirir ki, onlardan 63 nəfəri ATU-nun müqavilələri çərçivəsində, 23 nəfəri isə dəvət məktubu ilə rotasiyaya göndəriliblər. 2 nəfər ABŞ-da, 21 nəfər Almaniyada, digərləri isə Türkiyə Cümhuriyyətində rotasiya keçir. Artıq bir neçə ildir ki, Səhiyyə Nazirliyinin təklifinə əsasən, digər bazalardan olan rezidentlərin xarici ölkələrə rotasiyası da şöbəmiz tərəfindən həyata keçirilir”.

M.Sultanova hesabat ili ərzində ATU-nun bazalarında rezidentlərlə keçirilən görüşlər, treninqlər, konfranslar, mühazirə və seminarlardan danışaraq, bu tədbirlərdə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də iştirakını müsbət qiymətləndirib.

Mövcud problemlər üzərində isə ayrıca dayanaraq qeyd edib ki, narahatlıq yaradan ən böyük problem davamiyyətlə bağlıdır: “Bu məsələni araşdıranda məlum olur ki, rezidentlər ya başqa klinikalarda da işləyir, ya da xarici dövlətlərdə təhsillərini davam etdirmək üçün imtahan və kurslarda olurlar. Bəzən isə şöbələrində xəstə azlığına görə başqa bazalara rotasiyaya getməyə üstünlük verirlər. Çalışırıq ki, rezidentin təhkim olunduğu kafedra və ya müəssisənin rəhbəri ilə bu problemi anında həll edək”.

O, ədəbiyyat və kurator probleminin də narahatlıq doğurduğunu söyləyərək, rezidentlərin qeyri-ciddi səbəblərdən kuratorlarını dəyişmək üçün müraciət etdiklərindən təəssüfləndiyini deyib. Çıxışına onu da əlavə edib ki, kuratorun rezidentə rəhbərlik etməsi rezidentura haqqında qanunla tənzimlənir: “Bu qanunun tələblərinə görə, kurator ikidən artıq rezidentə rəhbərlik edə bilməz. Rezident fərdi iş planının yerinə yetirilməsi ilə bağlı hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi (tibbi) şurası qarşısında hesabat verir. Hesabatda il ərzində görülmüş işlər əks etdirilməlidir. Hesabatı məqbul hesab edilən rezident dövri attestasiyaya buraxılır. Kuratordan asılı olmayaraq, rezident proqram üzrə təhkim olunduğu şöbədə digər manipulyasiya, müayinə və əməliyyatlarda iştirak edə bilər. Rezidentin fəaliyyətinə kurator nəzarət etsə də, o, şöbənin rezidentidir”.

Ədəbiyyat probleminin isə daha çox dövri və yekun attestasiya imtahanlarında hiss olunduğunu bildirən M.Sultanova, rezidentlər üçün vəsaitlərin hazırlanmasının vacibliyini vurğulayıb.

Məruzədə rezidentlərin rezidenturadan xaric edilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, 2 rezident inzibati xətaya görə, 48 nəfər isə öz xahişi ilə rezident sıralarından xaric edilib. Bu proses il ərzində tək-tək qeydə alınsa da, fevral-mart aylarında kütləvi hal alır. Çünki rezidentlər yenidən rezidentura imtahanına girmək istəyir. Bu halın səbəblərindən biri də rezidentlərimizin təhsil üçün xarici dövlətlərə üz tutmasıdır.

Şöbənin ikinci əsas fəaliyyət sahəsi olan magistraturanın istiqamətlərindən də söhbət açan məruzəçi, 2020-ci ildən magistraturaya iki yeni ixtisas - Səhiyyə menecmenti və Kliniki (Tibbi) psixologiya üzrə qəbul aparıldığını bildirib: “Hər iki ixtisas İctimai səhiyyə fakültəsinin nəzdində yaradılıb. Səhiyyə menecmenti üzrə 8, Kliniki psixologiya üzrə 10 nəfər magistrantımız təhsil alır. Hər ixtisas üzrə magistrantlar qış və yaz sessiyasında keçirilən fənlərdən imtahan verirlər. Keçirilən imtahanların formatı fənnə görə dəyişir. Tədris olunan qeyri-ixtisas fənləri üzrə imtahanlar İmtahan Mərkəzində, ixtisas fənləri üzrə imtahanlar isə şifahi bilet üzərindən canlı formatda müvafiq kafedrada keçirilir. İmtahanda semestr ərzində toplanan orta bal ilə birgə (qiymətləndirmə nəzərə alınmaqla toplam 50 bal), maksimal bal 100 təşkil edir. Hər fənn üzrə orta semestr balının nəticələrini əks etdirən imzalı blanklar müvafiq kafedralara göndərilir. Davamiyyətdə imtahana giriş üçün 20% limit qüvvədədir (20% dən çox dərsdə iştirak etməyən magistrant imtahana buraxılmır). Magistrantların müdafiəsi müvafiq İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında təşkil olunur”.

Çıxışının sonunda qazanılan uğurlara baxmayaraq, hələ görüləcək işlərin də çox olduğunu söyləyən M.Sultanova, respublikamız üçün xüsusi əhəmiyyətə malik olan rezidentlərin və magistrlərin təhsil səviyyəsinin yaxşılaşdırılması və hazırlığı istiqamətində şura üzvlərinin təklif və rəylərini eşitmək istədiyini bildirib.

  Məruzə ətrafında çıxış edən II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova, Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov və Tədris Stomatoloji Klinikanın direktoru, dosent Mahir Səfərov rezidentlərin iş prinsipindən, aparıcı mütəxəssislərin rəhbərliyi altında müalicə işi ilə məşğul olan rezidentlər üçün əlverişli şərait yaratmağın zəruriliyindən söhbət açıblar. Hesabat məruzəsini qənaətbəxş qiymətləndirərək təkliflərini irəli sürüblər.

Müzakirələri yekunlaşdıran professor Gəray Gəraybəyli artıq10 ildən çoxdur ki, Azərbaycanda tibb təhsilinin ikipilləli olmasının əlavə məsuliyyət yaratdığını vurğulayıb. Bildirib ki, vaxtilə internaturanı bitirən həkimlərə tələbat böyük idisə, bu gün rezidenturanı bitirənlərə tələbat artıb.

Bu istiqamətdə ciddi iş aparıldığını və yeni islahatların gözlənildiyini söyləyən rektor, hələ də müəyyən problemlərin mövcudluğuna diqqət çəkib. Hazırda III kursu bitirən tələbənin rezidenturaya qəbul imtahanında iştirak edə bilməsini isə müsbət qiymətləndirərək qeyd edib ki, əgər tələbə məqbulları verib lazımi balları toplayarsa, həmin nəticələr 5 il müddətində qüvvədə qalır. Yəni universiteti bitirdikdən sonra rezidenturaya qəbul zamanı imtahanın I mərhələsindən azad olunur.

Professor G.Gəraybəyli tələbələrə belə bir hüququn verilməsinin rezidenturaya qəbul imtahanlarının ümumi nəticələrinə də müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Xatırladıb ki, ötən il imtahanların I mərhələsində iştirak üçün müraciət edənlərin sayı 900 nəfərdən artıq olmuşdu: “Çox təəssüf ki, onlardan yalnız 197 nəfəri 40 bal həddini keçə bilmişdi. Ancaq nəticələri təhlil edərkən bizi sevindirən bir mənzərə ilə qarşılaşdıq. Məlum oldu ki, 197 nəfərin təqribən 46 faizi proqramların, imtahanların dəyişməsini, aparılan islahatları öz üzərlərində hiss edən universitetimizin III, IV kurs tələbələridir”.

Çıxışında nizam-intizam məsələsinin vacibliyini önə çəkən rektor, bəzi rezidentlərin özəl klinikalarda qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olmasını ciddi qanun pozuntusu kimi səciyyələndirib. Kuratorların və bazaların dəyişdirilməsi ilə bağlı müraciətlərin və rezidentlərin rezidenturadan xaric edilməsinin əsas səbəblərinə də aydınlıq gətirən universitetin rəhbəri şura üzvlərinə yeni kadr dəyişiklikləri haqqında da məlumat verib.

ATU-nun professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyəti və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşlarının 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, əlavə əməkhaqqının isə 10% artırılması təklifini təsdiqləyən Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.