Rafiq Bayramov soyuq aylarda kəskinləşən xəstəliklərlə bağlı suallara cavab verib
Qlobal pandemiyaya çevrilmiş yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə, onun simptomları, yayılması, individual müdafiə üsulları, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər dünya mediasının gündəmini zəbt edib. Həkim və mütəxəssislər bu virusdan qorunmağın yolları haqqında mütəmadi tövsiyələr verirlər. Bu, maarifləndirici əhəmiyyətə malik olmaqla yanaşı, profilaktik xarakter də daşıyır.
Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov ölkə mətbuatına açıqlamasında tənəffüs infeksiyaları ilə yoluxma hallarının spesifikası və xarakteristikasından bəhs edib. Koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə taktikasından danışan R.Bayramov üç istiqaməti diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk istiqamət infeksiya mənbəyinə qarşı mübarizə tədbirlərini özündə ehtiva edir: "Müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicəsi vacibdir. Paralel olaraq infeksiya ocağı dezinfeksiya olunmalıdır".
Şəxsi gigiyena qaydalarına ciddi əməl etməyin, qoruyucu maskalardan istifadənin zəruriliyinə toxunan həkim, bunların infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlər sırasında yer aldığını vurğulayıb.
Tənəffüs infeksiyaları ilə mübarizədə üçüncü istiqaməti yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə konkret tədbirlər görülməsi təşkil edir. Tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmağın asan olmadığını söyləyən kafedra müdiri “yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar, xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu kontekstdə orqanizmin immun statusunun rolu böyükdür”, - deyə bildirib.
Mütəxəssis immun sisteminin normal olmasına bir sıra amillərin təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, ilk növbədə balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, normal gün rejimi, yetərli səviyyədə yuxu da vacibdir. Bunlarla yanaşı, idmanla məşğul olmaq, təmiz hava qəbulu, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq lazımdır.