Niyə qrip tez yayılır?

Mütəxəssis qrip və mövsümü respirator infeksiyalardan qorunmağın yollarını açıqlayır

 

Hər mövsüm milyonlarla insan qrip virusuna yoluxur. Bu bəzi insanlar üçün yüngül xəstəlik olsa da, yaşlılar, xüsusilə diabet və ya ürək xəstəliyi kimi sağlamlıq problemləri olanlarda təhlükə doğura bilir. Bəs qrip və mövsümü respirator infeksiyalardan necə qorunmaq lazımdır? Bu suala aydınlıq gətirmək üçün ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Ələsgər Vəliyev müraciət etdik.

Həkimin sözlərinə görə, qrip və ona bənzər respirator infeksiyalar -  paraqrap, adenovirus infeksiyalari və s. həm nəzəri, həm də praktik təbabətin daimi problemi olaraq qalır: “Bütün cəhdlərə baxmayaraq, onlara qarşı tam effektli vaksin hazırlamaq hələ ki mümkün olmayıb. Respirator infeksiyaların ən ağır forması olan qrip (koronavirus infeksiyası, legionelloz daxil olmaqla) vaxtaşırı epidemiya, bəzən hətta pandemiyaya keçərək ölkələr üçün böyük iqtisadi, humanitar problemlər yaradır. Qriplə təkrar xəstələnmələrin əsas səbəbi onun törədicisinin antigen quruluşunun dəyişkənliyi, əhali arasında yeni antigen variantına qarşı immun müdafiənin olmamasıdır. Bununla yanaşı, qripin yayılmasında heyvan qripinin (donuz, quş) törədicilərinin mutasiyası, insan orqanizminə təsir edən iqlim, yaşayış şəraiti, vitamin çatışmazlığı da rol oynayır. Soyuqdəymə, qapalı yerdə çox qalmaq, bədən tərbiyəsi ilə məşğul olmamaq qriplə xəstələnmə riskini xeyli artırır”.

Sözünə davam edən mütəxəssis bildirib ki, tipik respirator və antroponoz xəstəlik olduğu üçün qripi bilavasitə xəstələr, xüsusilə yataq rejiminə (təcrid olunma) əməl etməyən şəxslər yayır: “Qrip və digər respirator infeksiyaların törədiciləri əsasən yuxarı tənəffüs yollarında dəyişikliklər törədir və asqırma, öskürmə, hətta danışıq zamanı selik damcıları ilə 1.5-2 metr məsafəyə yayılırlar. Belə asan yoluxma mexanizmi sayəsində bir xəstə qısa müddət ərzində yüzlərlə adamı yoluxdura bilir. Məhz buna görə də qrip sürətlə yayılır, mövsümi (payız, yaz) epidemiyalar, bəzən mövsümdən asılı olmayan pandemiyalar verir. Qripin geniş yayılmasının bir səbəbi də xəstələnmənin erkən müəyyən edilməməsidir.

Təəssüf ki, başlanğıc əlamətləri qızdırma, üşütmə, baş və boğaz ağrısı olan əksər kəskin infeksion xəstəliklər əvvəlcə qrip (kəskin respirator infeksiya) adlandırılır. Buna səbəb qripin meningit, malyariya, qarın yatalağı, legionelloz, bruselloz və s. xəstəliklər kimi başlamasıdır”.

Həkim qeyd edib ki, klassik hallarda qrip də yuxarıdakı infeksion xəstəliklərin əlamətləri ilə başlayır: “Lakin 1-2 gün ərzində kataral əlamətlər - boğazın, damağın quruması, quru öskürək, burun tənəffüsünün çətinləşməsi, sonra bəlğəmli (selikli) öskürək, burun seliyinin və göz yaşının çoxalması əlavə olunur. Xəstənin vəziyyəti tez pisləşir, alın, qaşüstü nahiyələrdə, göz dibində, əzələ və oynaqlarda ağrı, iştahasızlıq, dad və iy hissinin pozulması baş verir. Bununla yanaşı, qripin ancaq kataral əlamətlərlə təzahür edən yüngül və güclü intoksikasiya verən ağır, fulminant formalarına da rast gəlinir.

Qripin qorxulu ağırlaşmalar (meningit, pnevmoniya, sinusitlər) verməməsi üçün ən vacib tədbir azı 5 gün yataqda qalmaq, çoxlu isti-ilıq mayelər, mürəbbəli, ətirli otlarla çay, meyvə şirələri içmək, duru xörəklər yemək məsləhət görülür. Ən vacib tədbirlərdən biri də evə həkim çağırmaq, onun məsləhəti ilə müalicə qəbul etməkdir. Qripin müalicəsi üçün məsləhət görülən antiviral preparatlar ancaq ilk 1-3 gün ərzində qəbul edildikdə, yəni virusemiya dövrü effektli olur. Bədən hərarəti 39C-dən yuxarı qalxdıqda və bu, xəstənin vəziyyətinə pis təsir etdikdə, hərarətsalıcı həblər məsləhət görülür. Lakin orqanizmin müdafiə reaksiyası olan qızdırmanı sürətlə endirmək iltihab ağırlaşmalarına səbəb ola bilər. Yalnız belə ağırlaşmalar zamanı antibiotiklər təyin edilməlidir”.