O qanlı hadisələrin şahidi olan ATU-nun əməkdaşları həmin günlərdə neçə-neçə yaralının həyatını xilas edib
Sovet qoşunlarının Azərbaycanda törətdiyi kütləvi qanlı qırğından – 20 Yanvar faciəsindən 33 il ötür. Hadisənin şahidləri o dəhşətli günləri indi də ürəkağrısı ilə xatırlayırlar.
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə öz həyatlarını təhlükə altına atan həkimlərimiz də böyük fədakarlıqla çoxsaylı yaralılara tibbi yardım göstərib, neçə-neçə həyat xilas ediblər. Bu prosesin iştirakçısı olan Azərbaycan Tibb Universitetinin əməkdaşları həmin günləri həyəcansız yada sala bilmir.
“SSRİ DTX-nın əməkdaşını da güllələmişdilər”
Universitetin Ümumi cərrahlıq kafedrasının professoru, tibb elmləri doktoru Çərkəz Cəfərov deyir ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixində misli görünməmiş qanlı bir faciə idi:
- Mən o zaman Bakı şəhərinin baş cərrahı vəzifəsində işləyirdim. Yanvarın 19-dan 20-nə keçən gecə evdə idim. Saat 1-ə işləmiş güllə səsləri eşitdim. Təcili Bakı Şəhər Səhiyyə İdarəsinə zəng etdim. Dəstəyi növbətçi götürdü. Bildirdi ki, rus qoşunları şəhərə daxil olub, qarşılarına çıxanı güllələyirlər. Elə dəstəyi yerinə qoymuşdum ki, Təcili Yardım Xəstəxanasında işləyən əməkdaşlardan biri zəng etdi. Xəstəxanada xeyli yaralı olduğunu, köməyimə ehtiyac olduğunu bildirdi. Mən o zaman “Beşmərtəbə”nin yanında yaşayırdım. Arxamca təcili yardım maşını gəldi. Elə yolla getməliydik ki, rus əsgərləri qarşımıza çıxıb bizi güllələməsin. Həyətlərin arası ilə məni xəstəxanaya gətirdilər. Ora çatanda gördüm ki, xeyli adam və yaralı var. Yataqxana yaxın olduğu üçün Tibb Universitetinin tələbələri də köməyə gəlmişdilər. Dəhliz belə yaralılarla dolu idi. 7 əməliyyat otağının hamısında əməliyyat aparılırdı. Xəstəxanaya baş, döş, qarın və ətraf yaralanmaları ilə yaralılar daxil olmuşdu. Təbii ki, gecə heç kim yatmadı. Mən 3 mərtəbənin arasında qalmışdım. Aşağı - Qəbul şöbəsinə düşür, yaralılara baxır, 2-3-cü mərtəbələrdə əməliyyat otaqlarında olur, həkim personalına tapşırıq və tövsiyələrimi verirdim. Yaxşı yadımdadır, həmin gün 109 yaralı qəbul etdim. SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin Boqdanov soyadlı bir əməkdaşı da ağır yaralanmışdı. Onu özüm əməliyyat etdim. Əməliyyata hazırlayan zaman dedi ki, həkim, məni özümünkülər güllələdi. Heç nəyə baxmadan hər kəsə atəş açırdılar. Onda aşağı vena, ağciyərin kökü tamamilə dağılmışdı. Əməliyyatdan 4 saat sonra dünyasını dəyişdi. Səhər tezdən xəstəxanada bir otaqda müxtəlif yaşlarda 29 meyit saydım. 3-4 gün xəstəxanadan çıxmadım. Rus qoşunları yanvarın 20-dən sonra da mülki vətəndaşlara atəş açırdılar. Xəstəxanaya yenə də yaralıları gətirirdilər. Aralarında həyatlarını xilas edə bilmədiyimiz, dünyasını dəyişənlər də oldu.
SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əli günahsız Azərbaycan xalqının qanına batdı. Həmkarlarımızdan – Bakı Şəhər Səhiyyə İdarəsinin Elçin adlı əməkdaşını da güllələyərək qətlə yetirmişdilər.
Universitetin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları da əllərindən gələni edib, neçə yaralını ölümün cəngindən xilas ediblər. Professor Saday Əliyev rus qoşunları tərəfindən millətimizin başına gətirilən faciəni heç vaxt unutmur:
- Təcili Yardım Xəstəxanasında yaralılar əlindən tərpənmək olmurdu. Yaralıların vəziyyəti stabilləşənədək onlara tibbi yardım göstərdik. Bizim xəstəxana Bakıdakı digər xəstəxanalardan fərqli olaraq, bir növ qərargah rolunu oynayır, təxliyə hospitalı kimi fəaliyyət göstərirdi. Yaralananların əksəriyyətində müalicə ərəfəsində bir sıra ağırlaşmalar və psixoloji dəyişikliklər müşahidə olunduğundan, sonrakı 3-4 ay da onların reablitasiyası ilə məşğul olduq.
“Xeyli yaralının həyatını xilas etdik”
Dosent Səxavət Rəfiyev 20 yanvar gecəsini belə xatırlayır:
- Yanvarın 19-u gecə Əhmədli qəsəbəsində evimdə idim. Axşam saat 10-11 arası baş həkim Cahangir Hüseynov zəng etdi. Bildirdi ki, çoxlu yaralı gətiriblər, təcili xəstəxanaya gəlim. “Əhmədli” stansiyasından metroya daxil oldum. Qatarlar “Gənclik” stansiyasınadək işləyirdi. “Gənclik”dən çıxıb piyada xəstəxanaya gəldim. Küçədə hər kəsə güllə atdıqlarına görə, gizlənə-gizlənə özümü xəstəxanaya çatdırdım. Xəstəxananın həyətindəki hovuzun ətrafına xeyli adam toplanmışdı. İlk dəfə görürdüm ki, qan necə axaraq kanalizasiyaya tökülür... Əməliyyat otağına getdim. Həkim Ədalət Rüstəmi gördüm. Döş qəfəsindən yaralanmış xəstəni əməliyyata hazırlayırdı. Onunla bir neçə əməliyyat etdik. Gecə gördüklərim mənə o qədər mənfi təsir etmişdi ki, təzyiqim 200-dən yuxarı qalxmışdı. Məni buna görə terapevtik korpusda yerləşdirdilər. Həmin günlər xeyli yaralının həyatını xilas edə bildik.
Onu da deyim ki, bu hadisələrdən sonra 12 və 9 yaşlarındakı övladlarım Vüqar və Fərid etiraz olaraq, rus bölməsində təhsil almaqdan imtina etdilər.
Dosent Faiq Qapaqov:
- Gecə idi. Küçədən səs-küy, atışma səsləri eşidilirdi. Səhərədək yata bilmədim. Səhər işə gələndə xəstəxanada çoxlu yaralılar var idi. 3 gün xəstəxanada qaldım. Fasiləsiz işləyirdik. 15 yaşlı bir oğlana küçədə getdiyi yerdə atəş açmışdılar, sidik kisəsi dağılmışdı. Əməliyyat etdim, həyata qayıtdı. Ağstafadan bir yaşlı kişini də əməliyyat etdim. Gecə çıxıb oğlunu axtarırmış. “Salyanski kazarma”ya yaxın ərazidə güllələmişdilər. Bağırsaqları ciddi zədələnmişdi. Təəssüf ki, dünyasını dəyişdi.
“Rus əsgərlər bizə səhərə qədər işgəncə verdi”
Dosent Ədalət Rüstəm:
- O vaxt 29 yaşım var idi. Kafedranın klinik ordinatoru idim. Həmkarım Qafar İsgəndərovla yanvarın 19-da “Salyanski kazarma”nın qarşısına getdik. Ruslar fırlanan güllələrdən istifadə edirdilər. Qəlpələr yuxarı qalxır, aşağı enəndə insanlara dəyir, yaralayırdı. Birdən arxamda olan bir nəfər qışqırdı ki, məni vurdular. Güllə mənim başımın üstündən keçib, hündür bir oğlanın sinəsini deşmişdi. Onu ətrafdakı insanların köməyi ilə “Moskviç” markalı avtomobilə qoyub, Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Orada çoxsaylı yaralılar gördük. Dəhliz büsbütün qan içərisində idi. Baş həkim Cahangir Hüseynov yaralıların çeşidlənməsi ilə məşğul idi. Bir neçə əməliyyat apardım və əməliyyatlara kömək etdim. Gecə 2-nin yarısında işıqlar söndü. Buna görə narkoz aparatlarının fəaliyyəti dayandı. Başladıq əllə işləməyə. Tələbələr kağız yandırdılar, yaxınlıqda yaşayan insanlar şam gətirdilər. Kağız və şam işığına əməliyyat apardıq. Sonra xəstəxananın generatoru işə salındı.
Professor Çərkəz Cəfərov əməliyyatlara rəhbərlik edirdi. Professor Akim Muxtarov da o gecə əlindən gələni etdi.
Yanvarın 23-ə qədər xəstəxanada qaldım. Sonra qardaşımgilə piyada getməli oldum. Axşamtərəfi saat 5-6 radələrində Nəsimi AXC-nin qərargahı qarşısında xeyli insan toplaşmışdı. Əlimdə 41 nəfər şəhid olanların ad və soyadları var idi. Siyahını onlara verdim. Gözlənilmədən rus hərbçilər gəldi. Bizi indiki Nəsimi Polis İdarəsinə apardılar. Axşam saat 7-dən səhər saat 6-dək orada saxladılar. Kim yuxulayırdısa, dəyənəklə vurub oyadır, işgəncə verirdilər. Səhər bir polkovnik gəldi, bizdən kim olduğumuzu soruşdu. Biləndə ki Tibb Universitetində çalışıram, komendant Lebedin yanına daxil oldu. Sonra gəldi məni və başqa bir nəfəri onun yanına apardı və dedi ki, bunlar universitetdə dərs deyirlər. Bunlardan ekstremist, terrorçu olar? Bizi azad etdi. Sonra bildim ki, həmin şəxs Nəsimi Rayon Polis İdarəsinin rəisi imiş.
O faciəli günlər yaddaşımda elə dərin iz buraxıb ki, heç vaxt xatirimdən çıxan deyil.