Professor Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə konfrans keçirilib

 

Biokimya sahəsində tanınmış alim

 

Yanvarın 27-də Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının məsləhətçi professoru, əməkdar müəllim, biologiya elmləri doktoru, professor Arif Mustafa oğlu Əfəndiyevin 80 illik yubileyi münasibətilə “Biokimya və təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı açıq elan edən universitetin Elmi işlər üzrə prorektoru, t.e.d. Rauf Bəylərov yubilyarın həyat yolu və elmi fəaliyyəti haqqında qısa arayış verib, onun 58 il ərzində çalışdığı kafedrada biokimya elminə gətirdiyi bir sıra yeniliklərdən söhbət açıb.

Toplantıda çıxış edən millət vəkili Tamam Cəfərova qədimdən şairlər, ziyalılar diyarı olan Şamaxının xalqımıza böyük şəxsiyyətlər bəxş etdiyini və onların hər zaman xalqımızın fəxri sayıldığını vurğulayıb. Belə insanlardan birinin də ömrünün müdriklik çağını yaşayan istedadlı alim, vətənpərvər ziyalı Arif Əfəndiyev olduğunu söyləyib.

Yubilyarın həyatı və fəaliyyəti haqqında geniş məlumat verən Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova bildirib ki, Arif Əfəndiyev 1943-cü il yanvarın 1-də Şamaxı rayonunda ziyalı ailəsində anadan olub: “Onun atası Mustafa Məhyəddin oğlu ixtisasca mühəndis-neftçi idi. Keçən əsrin 30-cü illərində Stalin repressiyasının ölkədə tüğyan etdiyi dövrdə əsassız təqib olunan Mustafa Məhyəddin oğlu çox sevdiyi işindən ayrılaraq, həyat yoldaşı Səkinə xanımla Şamaxı rayonuna köçür. Bir müddət ailəsi ilə birlikdə Səkinə xanımın baş həkim vəzifəsində işlədiyi Çuxuryurd kəndində yaşayır. 1946-cı ildə Mustafa kişi Bakı şəhərinə dönərək neftçıxarma idarəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirir. 1959-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olan gənc Arif 1966-cı ildə aspiranturaya qəbul edilir və elə o illərdən başlayaraq həm də kafedrada əvəzçilik üzrə tədris işləri ilə məşğul olur. 1969-cu ildə aspirantura təhsili başa çatan A.Əfəndiyev Bioloji kimya kafedrasının assistenti vəzifəsinə qəbul olunur”.

Sözünə davam edən məruzəçi vurğulayıb ki, Arif müəllim 1974-cü ildən kafedranın dosenti vəzifəsinə seçilib, 1981-1984-cü illərdə kafedranın müdiri vəzifəsini icra edib. Həmin illər ərzində intensiv elmi-tədqiqat işləri aparan A.Əfəndiyev 1986-cı ildə doktorluq dissertasiyası üzərində işini tamamlayaraq, Moskvada müdafiə edir. O, 1987-ci ildə Bioloji kimya kafedrasının müdiri vəzifəsinə seçilir, 1989-cu ildə professor elmi adı alır. A.Əfəndiyev 1988-1994-cü illərdə I Müalicə-profilaktika və Əczaçılıq fakültələrinin dekanı vəzifəsində işləyib. Bu gün kafedrada çalışan əməkdaşların əksəriyyəti onun rəhbərliyi altında elmi-pedaqoji kadr kimi yetişən şəxslərdir. İndiyə qədər onun rəhbərliyi altında 28 namizədlik (fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənərək müdafiə olunub, 5 dissertasiya işi üzrə tədqiqatlar davam etdirilir.

Professor A.Əfəndiyev 2000-ci ildə Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş «Biokimyanın tədrisi» komissiyasının MDB ölkələrindən seçilmiş yeganə üzvüdür. O, uzun müddət respublika biokimyaçılar cəmiyyətinin elmi katibi vəzifəsini yerinə yetirib. Onun fədakar əməyi ölkə rəhbərliyinin də diqqətindən yayınmayıb və 1984-cü ildə SSRİ “Səhiyyə əlaçısı” döş nişanına, 2010-cu ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Professor A.Əfəndiyevlə bağlı ürək sözlərini bölüşən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, professor Vaqif Şadlinski, dosent Rəşid Mahmudov, bəstəkar Vaqif Gərayzadə və başqaları yubilyarı uzun illərdir tanıdıqlarını dilə gətiriblər. Onun insani keyfiyyətlərindən danışan natiqlər bildiriblər ki, Arif müəllim elmdə tanınmış alim olduğu kimi, həyatda da sadiq dost, bacarıqlı təşkilatçı və gözəl ailə başçısıdır.

A.Əfəndiyevin yaxın qohumu, BDU-nun professoru Rafiq Həsənov çıxışında qeyd edib ki, həyatda qazandığı hörmətdən stimul alan Arif müəllim bu yaşında da sağlam və gümrah olmaqla yanaşı, həm də böyük səylə elmi yaradıcılığını və pedaqoji fəaliyyətini davam etdirir.

Tədbirdə yubilyara müxtəlif hədiyyələr təqdim edilib və onun ömür yolundan, həmçinin elmi yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Sonra professor Arif Əfəndiyev tədbirin təşkilinə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, bu işdə əziyyəti olan doğma kollektivə və eləcə də tədbir iştirakçılarının hər birinə minnətdarlıq edib.

Elmi-praktik konfransın ikinci hissəsində isə universitet əməkdaşları və digər qurumları təmsil edən tanınmış mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.