ATU-nun Əsaslı kitabxanasında “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər planı çərçivəsində “Heydər Əliyev – 100” adlı kitab sərgisi açılıb.
Sərginin açılışında çıxış edən kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədər ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci ildə xüsusi Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması Ulu Öndərin şəxsiyyətinə, onun ictimai-siyasi fəaliyyətinə verilən çox yüksək qiymətdir. O, bu qərarın xalqımızın bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib. Hələ sovet dönəmində Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin əməyi, tarixi fəaliyyəti sayəsində Azərbaycanın qabaqcıl respublikalardan birinə çevrildiyini vurğulayıb: “O dövrdə həyata keçirilən geniş miqyaslı tədbirlər, iri sənaye müəssisələrinin açılması, tələbələrimizin xarici ölkələrdə təhsil alıb geri dönməsi, elm və texnikanın, mədəniyyətin bütün sahələrində böyük irəliləyişlər Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə də Azərbaycan dövlətinin parçalanmadan xilas edilməsi, xarici təzyiqlərə tab gətirərək möhkəmlənməsi Heydər Əliyevin dərin zəkası, qətiyyəti sayəsində mümkün olmuşdur”.
ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev də tədbirdə çıxış edərək, ilk növbədə sərginin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirib. Hər bir azərbaycanlının həmişə böyük hörmət və məhəbbətlə xatırladığı Heydər Əliyevin şərəfli ömür yolundan söhbət açıb. Milli təhlükəsizlik orqanlarında gənc zabit kimi fəaliyyətə başlayaraq, sonralar ölkənin rəhbəri vəzifəsinə yüksələn Ulu Öndərin xalqımız üçün əvəzsiz xidmətlərinin dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. O, gənc nəslin Heydər Əliyev irsi ilə daha yaxından tanış olması baxımından bu cür kitab sərgilərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, başqa bir ideologiyanın təsiri ilə yaşadığımız dövrdə də Heydər Əliyev öz xalqının tarixinə, milli maraqlarına həmişə xüsusi diqqət göstərib.
“Hələ SSRİ-nin tərkibində olduğumuz müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına çox önəmli müddəaların salınması, xüsusilə də Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bir möcüzə idi” – deyən professor, Heydər Əliyevin idarəçilik fəaliyyətinin təkcə bir ölkəyə rəhbərliklə məhdudlaşmadığını vurğulayıb. O, bu fikrini ümummilli liderimizin ən mötəbər beynəlxalq təşkilatlara təsir etmək imkanı ilə, dünyada söz sahibi olması ilə əsaslandırıb.
Tədbirdə bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin arzuları artıq reallaşıb. Onun özü qədər inandığı möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad edib. İndi ölkəmizin hər yerində geniş quruculuq işləri vüsət alıb. Bütün bunlar Heydər Əliyev ideyalarının həyata keçməsinin bariz nümunəsidir.
Açılışdan sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə müasir Azərbaycanın qurucusu və memarı, gələcək nəsillərə örnək olan Heydər Əliyevin zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimizin tarixində müstəsna xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib. Həmin kitablar arasında ATU əməkdaşlarının müəllifliyi ilə işıq üzü görən kitablar da var.