O, 2022-ci ildə universitetimizin bir çox nailiyyətlər əldə etdiyini və hesabat ilində Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçdiyini bir daha diqqətə çatdırıb: “Uzun müddətli akkreditasiya prosesini Dünya Tibb Təhsil Federasiyası (DTTF) tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik aparıb. Nəhayət, 2022-ci il yanvarın 28-də beynəlxalq qurumun ali orqanı tərəfindən müsbət qərar verilib. Təqdim edilən 3 ixtisas üzrə (Müalicə işi, Əczaçılıq və Stomatologiya) ən böyük müddətə - 5 illiyə akkreditasiyadan keçirilmə universitet və ölkəmiz üçün əhəmiyyətli hadisədir.
2022-ci ildə universitetimiz 110-dan artıq ali məktəbi birləşdirən nüfuzlu Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv qəbul edilib. Bu birlik 50-dən çox ölkədə fəaliyyət göstərən müxtəlif universitetlər arasında əməkdaşlığı təşviq edir”.
Sözünə davam edən məruzəçi bildirib ki, son zamanlar səhiyyədə aparılan islahatlar nəticəsində əhaliyə ilkin tibb xidmətinin təşkili üçün bu sahə üzrə mütəxəssislərə ehtiyac yaranıb: “Baza tibb təhsilinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, təhsil proqramının dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırılması məqsədi ilə 2022-2023-cü tədris ilindən etibarən “Tibb və sağlamlıq elmləri təhsili” kafedrasının yaradılması məqsədəuyğun hesab edilib. Kafedra 2022-2023 tədris ilinin payız semestrindən fəaliyyətə başlayıb”.
Çıxışında elmi nailiyyətlərə xüsusi yer ayıran prorektor nəzərə çatdırıb ki, hesabat ilində ATU-nun rektoru, professor Gəray Gəraybəyli və Elmi işlər üzrə prorektor Rusiya Elmi-Tibbi Terapevtlər Cəmiyyəti ilə aktiv əməkdaşlıq və iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə verilən töhfəyə görə “İbn Sina” ordeni ilə təltif ediliblər. Bundan başqa, ATU-nun Onkologiya kafedrasının müdiri, akademik Əhliman Əmiraslanova, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru Vaqif Şadlinskiyə və Normal fiziologiya kafedrasının müdiri, professor Arif Məmmədova Rusiya Elmlər Akademiyasının xarici üzvü diplomları təqdim olunub. Eləcə də ölkəmizin ictimai-siyasi həyatında fəallığına görə professor Vaqif Şadlinskiyə YAP-ın 30 illiyində Prezidentin fərdi təqaüdü verilib. Həmçinin II Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov və III Cərrahi xəstəliklər kafedrasının məsləhətçi-professoru Məmməd Nəsirov Prezidentin fəxri diplomu ilə təltif ediliblər”.
ATU-nun beynəlxalq əlaqələrinin də günün tələbləri səviyyəsində qurulduğunu diqqətə çatdıran R.Bəylərov bildirib ki, dövlət başçısının sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması” üzrə Dövlət Proqramı təsdiq edilib və hazırda dünyanın 100-ə yaxın elm və təhsil qurumları ilə əməkdaşlıq edirik.
Professor R.Bəylərov çıxışında kadr potensialı barədə də məlumat verib: “2023-cü il yanvar ayının əvvəlinə olan məlumata əsasən, ATU-da çalışan 1179 nəfərin 1049-u professor-müəllim heyətidir. Onlardan 3-ü Rusiya Elmlər Akademiyasının üzvü, 2-si Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, 4-ü müxbir üzvü, 23-ü əməkdar elm xadimi, 37-si əməkdar həkim, 36-sı əməkdar müəllim, 1-i əməkdar bədən tərbiyəsi və idman xadimi, 1-i fəxri bədən tərbiyəsi və idman işçisi, 168-i elmlər doktoru, 749-u fəlsəfə doktoru, 128-i professor, 296-sı isə dosentdir”.
2022-ci ildə ATU-da “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununa əsasən aparılan elmi-tədqiqat işləri barədə məlumat verən R.Bəylərov təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 57 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdırıb: “2022-ci ildə elmi-tədqiqat işlərinin nəticələri 20 monoqrafiya və kitabda (2-si xaricdə), 17 dərslikdə, 46 dərs vəsaitində, 3 kitabça və sorğu ədəbiyyatında, 5 elmi əsərlər məcmuəsində, 714 elmi iş xaricdə, 1097 elmi iş respublikamızda, 25 metodik tövsiyədə, 1 Azərbaycan patentində, 8 Avrasiya patentində öz əksini tapıb. EduRank.org reytinq cədvəlinə əsaslanaraq, ATU-nun əməkdaşları tərəfindən nüfuzlu jurnallarda çap olunmuş elmi işlərin sayı 520 təşkil edib və bu göstərici 2021-ci ilin göstəricisindən bir qədər aşağıdır. Buna baxmayaraq, istinad indeksı 2022-ci ildə 3,354 təşkil edərək artıb”.
Məruzəçi ATU-da elmi kadrların hazırlanması işindən də bəhs edib: “Doktoranturaya ümumi qəbulun 32 nəfərindən 24-ü fəlsəfə doktoru proqramı üzrə, 8-i isə tibb üzrə elmlər doktoru proqramı üzrə daxil olub. Dissertanturaya isə ümumi qəbul olan 17 nəfərin 4-ü fəlsəfə doktoru proqramı üzrə, 13-ü isə tibb elmləri doktoru üzrə daxil olub. Hesabat ilində universitetin doktorantura təhsilinin səmərəliliyi 100% təşkil edib.
2022-ci il üçün universitetdə 110 doktorantdan 86-sı tibb üzrə fəlsəfə doktoru proqramı üzrə, 24-ü isə tibb üzrə elmlər doktoru proqramı üzrədir. ATU-da 68 dissertantdan 34-ü tibb üzrə fəlsəfə, 34-ü isə tibb elmləri doktoru proqramı üzrə təhsil alır. 2022-ci ildə 19 nəfər doktoranturanı və 25 nəfər dissertanturanı bitirib”.
Əsaslı Kitabxananın fəaliyyətinə də toxunan prorektor bildirib ki, il ərzində kitabxanada bütün əlamətdar hadisələr, tarixi günlər qeyd olunur, kitabxananın profilinə uyğun mövzu sərgilərı təşkil edilir, yeni dərslik nəşrlərinın təbliği aparılır.
2022-ci ildə kitabxananın fondlarında 637 428 kitab olub ki, bunlardan 314 205-i elmi, 308 490-ı dərslik və 14 733-ü mübadilə fondlarında cəmlənib. Bundan başqa, kitabxanaya rəhbərlik tərəfindən alınan, həmçinin rektorluq, kafedralar və professor-müəllim heyəti tərəfindən, eləcə də ayrı-ayrı təşkilat və müəssisələrdən hədiyyə və mübadilə yolu ilə əldə olunan 2504 nüsxə kitab daxil edilib.
Tələbələrin çoxsaylı müraciətini nəzərə alan rəhbərliyin göstərişi ilə 2022-ci ilin may ayından etibarən əsaslı kitabxana 7 gün, 24 saat rejimində fəaliyyət göstərir.
Məruzə ətrafında çıxış edən professorlar Rizvan Məmmədov, Qalib Qarayev, Vəsadət Əzizov və Çingiz Rəhimov hesabatı qənaətbəxş qiymətləndiriblər. Onlar çıxışlarında universitetin elmi istiqamətdəki uğurlarından, dissertasiya şuralarının fəaliyyətindən, doktorantura və dissertasiya işlərinin mövcud vəziyyətindən bəhs edib, bu sahədə zəruri məsələləri dilə gətirərək təklif və rəylərini səsləndiriblər. Universitetdə aparılan mühüm elmi-tədqiqat işlərinin nəticələrindən də söhbət açan natiqlər Elmi-Tədqiqat Mərkəzində və Problem laboratoriyalarında aparılan bir sıra elmi-tədqiqat işləri, yerinə yetirilən və qazanılan beynəlxalq qrant layihələri, eləcə də proqramlardan söz açıblar.
Müzakirələri yekunlaşdıran rektor Gəray Gəraybəyli əsas diqqəti universitetdə yerinə yetirilən elmi-tədqiqat işlərinə və qarşıda duran vəzifələrə yönəldib: “Mən bir neçə məqama toxunmaq istərdim. Əvvəllər demişəm və yenə də vurğulamaq istəyirəm ki, biz gündən-günə sürətlə dəyişən dünyada yaşayırıq. Bilməliyik ki, bu dəyişən dünyada işimiz, şəraitimiz yeniləndikcə, tələblər də dəyişir. Məruzədə qeyd olunduğuna görə hansısa rəqəmlər artıb, ya da azalıb. Ancaq ümumiyyətlə, gördüyümüz kimi, son illər istər ölkə rəhbərliyi tərəfindən, istərsə də icra strukturları tərəfindən elm sahəsinə olan yanaşma da fərqlənir. Son illərin tələblərinə baxsaq, xüsusilə səhiyyədə elmi və fəxri adların verilməsində kəskin azalma var. Çünki bəzən görürük ki, adı dissertasiya olsa da, mahiyyətcə adi məqalə dərəcəsində deyil. Bu məsələ səhiyyə naziri hörmətli Teymur müəllimlə və Ali Attestasiya Komissiyasının sədri hörmətli Famil müəllimlə söhbətimdə diqqət mərkəzində olub. Belə getsə, ola bilsin ki, növbəti illərdə açıqlanan doktorantura və dissertantura yerlərində elmlər doktoru adları olmasın. Əgər biz elm sahəsində dönüş yaratmasaq, bir neçə ildən sonra geri qala bilərik. Çünki hazırda elmi-tədqiqat institutları da Səhiyyə Nazirliyinin tərkibinə keçəndən sonra tibb sahəsinə və tibb elminin inkişafına dair xüsusi bir konsepsiya hazırlanıb. Axı kadr hazırlığı ilə ölkədə məşğul olan bizik və bu sahəyə də xüsusi yer bizdə ayrılır. Elə klinik ixtisaslar var ki, iddiaçı özünə nə opponent tapa bilir, nə də rəyçi. Bundan başqa, tamamlanmamış dissertasiyalar məsələsi. Bəzən kafedraların bir çoxunda elmi işlərin təsdiqi və sonradan elmi işlərdən imtina halları olur. Mən hesab edirəm ki, bu məsələləri də araşdırmaq lazımdır.
Təəssüf ki, bir çox kafedralar var ki, orada işçi vəzifəsindən asılı olmayaraq ancaq dərslə məşğuldur. Aydındır ki, nəzəri kafedraların əsas istiqaməti təhsil və elmdir. Lakin klinik kafedralarda elə əməkdaşlar var ki, nə xəstəyə baxır, nə əməliyyat edir, nə də elmlə məşğul olur. Əgər doğrudan da belədirsə, onu burada saxlamağın mənası nədir?”
Digər məsələlərə münasibət bildirən professor G.Gəraybəyli universitetin beynəlxalq əlaqələrindən də söhbət açıb: “Qeyd edim ki, bizimlə əməkdaşlıq etmək istəyən hər bir xarici universitetin rəhbərləri müştərək işlərin aparılmasını təklif edir. Dünya universitetləri ilə qarşılıqlı əlaqələrimiz və bu istiqamətdə görülən işlər artıq öz nəticəsini göstərir. Yaponiya və Koreya universitetləri ikinci ildir ki, pulsuz doktorantura yerləri təklif edir, lakin biz ora namizəd tapa bilmirik”.
Elm sahəsində bir sıra problemlərin olduğunu qeyd edən rektor, üç ay müddətində elm şöbəsində ciddi struktur dəyişikliyi aparılması və müasir tələblərə cavab verən strukturun qurulmasına dair tapşırıq verib.
Universitetin nəşriyyatının lazımi avadanlıqla təchiz edildiyini vurğulayan professor G.Gəraybəyli diqqətə çatdırıb ki, bundan sonra nəşriyyat tam gücü ilə işləyəcək. Artıq əməkdaşların dərslikləri və monoqrafiyaları 500 və yaxud 1000 tirajla deyil, elmi şöbə ilə kitabxananın birgə müəyyənləşdirdiyi tələbata uyğun çap olunacaq.
Daha sonra müxtəlif məsələlərin müzakirəsinə yer ayıran şura üzvləri “ATU-da kargüzarlıq işinin təşkilinə dair təlimat”a və 2023/2024-cü tədris ilindən etibarən “Ortodontiya” kafedrasının təsis edilməsinə də münasibət bildirib. Bundan başqa, Onkologiya kafedrasının əyani doktorantı Əlibəyli Nərgiz Qalib qızının təhsilinin qiyabi davam etdirilməsi barədə müraciətini təsdiqləyib.
Sonda Böyük Elmi Şura elmlər doktoru işlərinin mövzusu və elmi məsləhətçini, eləcə də dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrini təsdiqləyərək, müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.