Fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür

 

 

Dosent Nigar Mehdiyeva: Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha rahatdır

 

Müasir tibbin ən qlobal problemlərindən biri xərçəng xəstəliyi ilə mübarizədir. Təsadüfi deyil ki, 2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur. Bu mübarizənin həm dünya miqyasında, həm də ölkəmizdə necə aparılması ilə bağlı ətraflı məlumat almaq məqsədilə ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, Süd vəzi cərrahiyyəsi şöbəsinin müdiri, dosent Nigar Mehdiyevaya müraciət etdik.

Müsahibimiz bu problemin hələ də aktual olaraq qaldığını, həm xəstələnmə, həm də ölüm hallarının ildən-ilə artdığını söylədi. Bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, 2021-2022-ci illərdə hər il 20 milyona yaxın insan onkoloji xəstəliyə düçar olub, bu xəstəliklə əlaqədar 10 milyondan çox ölüm faktı qeydə alınıb: “Statistika hər il dünya əhalisinin hər 5 nəfərindən birinin bu xəstəlikdən əziyyət çəkdiyini göstərir. Hər 8 kişidən biri və hər 11 qadından biri bu və ya digər növ xərçənglə xəstələnir. Ölüm göstəricilərinə görə, bu xəstəlik 2-ci yerdədir. Ən geniş yayılmış növlərindən biri isə süd vəzi xərçəngidir. Onu da xatırladım ki, 2020-ci ilə qədər xəstələnmə göstəricisi üzrə birinci yerdə ağciyər xərçəngi idi. Artıq süd vəzi xərçəngi onu üstələyib. Amma xəstələnmə göstəriciləri ayrı-ayrı ölkələrdə, hətta eyni ölkənin daxilində də fərqlidir. Həmçinin regionların inkişaf səviyyəsindən və zərərli peşə faktorlarından asılı olaraq, xərçənglə xəstələnmə yaş qruplarına, xəstəliyin növlərinə və intensivliyinə görə də müxtəlifdir”.

Əsas problemlərdən biri kimi pediatrik onkologiyaya diqqət çəkən N.Mehdiyeva qeyd etdi ki, ildə təqribən 400 min uşaq bu xəstəlikdən həyatını itirir. Xəstələnmə intensivliyinin müxtəlif olmasına baxmayaraq, ən yüksək ölüm göstəricilərinin təqribən 70-72 faizi aşağı və orta inkişaf etmiş ölkələrin payına düşür. Onun sözlərinə görə, bu göstərici süd vəzi, kolorektal, qaraciyər, ağız boşluğu, dəri və prostat, eləcə də uşaqlıq boynu və ginekoloji xərçəngə aiddir: “Bəzən inkişaf etmiş ölkələrdə xəstələnmə göstəriciləri daha yüksək olur. Amma həmin ölkələrdə onkoloji xəstəliklərdən ölüm göstəriciləri inkişaf etməmiş, az inkişaf etmiş ölkələrə nisbətən qat-qat aşağıdır. Bu da ona dəlalət edir ki, xərçəng xəstələrinin sağalmasında maarifləndirmənin, erkən diaqnostika və düzgün müalicə taktikasının çox böyük əhəmiyyəti var. Bizim birincili profilaktika dediyimiz xəstəliyin ilkin profilaktikası xərçəng əmələ gətirən amillərlə mübarizədir. Buna böyük dövlət proqramları yönəldilib. Bizdə də böyük kampaniyalar aparılır. Ən məşhur kampaniya tütün əleyhinə olan kampaniyadır. Dövlətin bu cür kampaniyaları diqqətdə saxlaması, qapalı məkanlarda siqaret çəkmək qadağası və siqaret çəkən şəxslər üçün məhdud sahələrin ayrılması da xərçənglə mübarizə vasitələridir. Effektiv mübarizə üsullarından biri də insan papilloma virusuna qarşı vaksinasiyanın təbliğidir ki, bəşəriyyətin bu istiqamətdə çox böyük müsbət təcrübəsi var. Keçən əsrin ortalarında 5 Avropa ölkəsində məcburi vaksinasiya, skrininq həyata keçiriləndən sonra uşaqlıq boynu xərçəngi ilə xəstələnmə göstəriciləri bir neçə dəfə azalıb. Bu onu göstərir ki, erkən diaqnostika, yəni xəstəliyin əmələ gəlməsinin qarşısını əvvəlcədən almaq çox vacib bir məsələdir. Məlumdur ki, insan papilloma virusu uşaqlıq boynu xərçəngini əmələ gətirən əsas faktordur. Bizim yeniyetmə qızlarımız cinsi həyata başlamazdan əvvəl əksər Avropa ölkələrində və Amerikada olduğu kimi, mütləq vaksinasiyadan keçməlidirlər ki, sonradan bu riski azaltmış olsunlar. Ümumiyyətlə, birincili profilaktika dedikdə, düzgün həyat tərzi və qidalanma, zərərli vərdişlərdən mümkün qədər uzaq durmaq istiqamətində aparılan təbliğatı nəzərdə tuturuq. Biz bilirik ki, insan həyatının ən böyük həzlərindən biri də yeməkdir. Amma düzgün qidalanmaq lazımdır. 30 faizdən çox xərçəng riski, xüsusən də mədə-bağırsaq, süd vəzi, qaraciyər xərçəngi məhz qidalanma amili ilə əlaqədardır. Əgər biz sağlam həyat tərzi, düzgün qidalanma istiqamətində böyük təbliğat işlərini yerinə yetirsək, kütləvi olaraq ictimaiyyətin şüuruna da təsir etmiş olarıq”.

Mütəxəssisin sözlərinə görə, ikincili profilaktika və skrininq proqramları isə bilavasitə dövlət tərəfindən təşkil olunur və tibb müəssisələrində tibb mütəxəssisləri tərəfindən aparılır. Qarşıya qoyulan əsas məqsəd xərçəngin erkən, yəni tamamilə müalicə olunub sağalması mümkün olan dövrdə aşkar edilməsidir: “İstənilən simptomu aşkar etdikdə, özünümüalicə ilə məşğul olmamaq, dərhal mütəxəssisə müraciət etmək vacibdir. Kliniki təsnifatı və proqnozlaşmaya baxsanız görəcəksiz ki, xərçəngin hər hansı növündə, hətta birinci mərhələdə 5 illik yaşama göstəriciləri 90 faizə qədərdir. Xəstəlik erkən aşkarlanarsa, biz 100 xəstədən yalnız 10-nu itirə bilərik. Bu göstəricilər və proqnozlar getdikcə pisləşir. Ona görə də insan Allahın ona bəxş etdiyi həyatın qiymətini bilməli, bu qiymətli nemətə qarşı daha diqqətli olmalı, özünü sevməli, bir az pis səslənsə də, özünə eqoist yanaşmalıdır. Belə olduqda onkoloqların da işi xeyli yüngülləşər”.

Üçüncülü profilaktikanın ağrılı proses olduğunu söyləyən onkoloq qeyd etdi ki, xəstəliyin qarşısını almaq, xəstədən əlimizi üzəndən sonra onu müalicə etməkdən daha rahatdır. Bu mərhələ artıq xərçəng diaqnozu qoyulmuş və müalicə almış xəstələrdə xəstəliyin qayıdışının vaxtında aşkar edilməsi və müalicəsidir.

Həkim-xəstə münasibətlərinə də toxunan N.Mehdiyeva hər bir insanın öz vəziyyəti, xəstəliyi haqqında informasiya almaq haqqına malik olduğunu diqqətə çatdırdı: “Çünki xəstənin alacağı müalicəyə razılıq verib-verməmək haqqı var. Bu nöqteyi-nəzərdən məsuliyyəti xəstənin özü ilə paylaşmalıyıq. Bir sıra həyati təhlükəli, kəskin vəziyyətləri istisna etməklə, müayinə və müalicəyə insan özü qərar verməlidir. Ona görə də xəstə müalicə olunmayacağı təqdirdə, ortaya çıxan ağırlaşmalar və həyat keyfiyyəti haqqında geniş informasiya almalıdır”.

Xəstələrin vaxtlı-vaxtında müayinələrə gəlməsini tövsiyə edən dosent N.Mehdiyeva onların öz müalicə həkimlərinə böyük inamla yanaşmasının vacibliyini vurğuladı. O, ATU-nun Onkoloji Klinikasında xəstəyə öz doğması, yaxını kimi baxan peşəkar həkimlərin xərçənglə mübarizə istiqamətində çox böyük işlər görməsindən də söhbət açdı: “Klinikamızda həm xoşxassəli, həm də bədxassəli şişlərin müalicəsi daxil olmaqla, minlərlə əməliyyat aparılır. Mütəxəssislərimizin apardığı əməliyyatlar ümidi olmayan xəstələrə belə yaşamaq imkanı yaradır. Həkimlərimiz çox böyük xeyriyyəçilik işləri ilə də məşğuldur. Tərkibinə onkoloqlar daxil olan briqadalarımız regionlara ezam olunur, soydaşlarımıza təmənnasız tibbi xidmət göstərirlər. Gedəcəyimiz regionların rəhbərləri ilə əvvəlcədən danışırıq ki, xəstə axınını təmin etsinlər. Çatışmayan avadanlıqları və geniş istifadə olunan dərman preparatlarını da özümüzlə aparırıq. Mümkün olan müayinə və müalicələri yerinə yetirir, daha ağır xəstələri isə klinikamıza gətiririk”.

Xeyriyyə aksiyalarında şəhid və qazi ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onlara növbədənkənar tibbi xidmət göstərildiyini deyən müsahibimiz, həmçinin bu istiqamətdə böyük sosial proqramların həyata keçirildiyini bildirdi. Xatırlatdı ki, qadın kontingenti arasında ən çox rast gəlinən xəstəlik süd vəzi xərçəngidir: “İldə bir neçə dəfə elan verərək qadınları süd vəzi xərçənginin skrininqi olan mammoqrafiya müayinəsinə, konsultasiyalara dəvət edirik. Təcrübəli həkim-onkoloqlarımız tərəfindən mastektomiya, süd vəzinin götürülməsi əməliyyatları uğurla icra olunur. Xəstələrin tam ölçülmüş yüksək keyfiyyətli protezlərlə təminatını isə adlarının anonim qalmasını istəyən xeyriyyəçilər öz öhdələrinə götürür. Bu cür aksiyalar daha çox dünyada süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunan oktyabr ayında və dövlət bayramlarına uyğunlaşmış günlərdə həyata keçirilir”.

Klinikada xərçənglə mübarizəyə istiqamətlənmiş təbliğat xarakterli xüsusi çap materiallarının hazırlanaraq əhali arasında yayıldığını diqqətə çatdıran N.Mehdiyeva, sonda icbari tibbi sığorta haqqında fikirlərini də bizimlə bölüşdü. O, onkologiyanın icbari tibbi sığortaya daxil edilməsi barədə dəfələrlə təkliflər irəli sürdüklərini vurğuladı. Qeyd etdi ki, onkoloji xəstələr ən həssas qruplardan biridir: “Son 10 ildə geniş istifadə edilən kimyəvi dərman preparatlarının sayı kifayət qədər çoxalıb və bahalaşıb. Əksər hallarda xəstələri individual olaraq həmin dərman preparatları ilə təmin etmək mümkün deyil. Bu baxımdan dövlətin köməyinə çox böyük ehtiyacımız var. Artıq bu istiqamətdə ciddi işlər görülür və yaxın gələcəkdə konkret addımlar atılacağına inanırıq”.