Bu günlərdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov 12 ölkədən 72 nümayəndənin iştirak etdiyi “Bariatrik-metabolik cərrahiyyə üzrə son praktik yeniliklər”dən bəhs edən kursdan qayıdıb.
Tanınmış mütəxəssis proqram çərçivəsində maraqlı sürprizlə qarşılaşıb. İki gün davam edən kursda “Ponderas” Akademik Hospitalının Endoskopik Cərrahiyyə Mərkəzinin, həmçinin
Minimal İnvaziv Mədə-bağırsaq Cərrahiyyəsi və Mükəmməl Bariatrik Cərrahiyyə Mərkəzinin direktoru, professor Catallin Copaesc təkrar mədəkiçiltmə əməliyyatlarından bəhs edən geniş treninq proqramında onun məqaləsinə istinad edib.
Bu barədə məlumat verən T.Ömərov bildirib ki, kursun ilk günü “Müasir bariatrik-metabolik cərrahi tendensiyalar” mövzusuna həsr olunub: “Sonda sorğu keçirildi. Sorğuda bariatrik-metabolik cərrahi əməliyyat olunmuş şəxsin bir neçə ildən sonra çəkisi artarsa və ya əməliyyatı uğursuz alınarsa, ona hansı əməliyyatın tətbiq olunması məsələsi qoyulmuşdu. Biz də bilirik ki, ilk restriktiv əməliyyat uğursuz olarsa, pasiyentdə 2-ci əməliyyat şuntlayıcı, yəni nazik bağırsaqların qısaldılması olmalıdır. Buna da “mini-qastrik baypas” deyilir.
Zalda olan mütəxəssislər baypas əməliyyatını seçdilər. Mən isə təklif irəli sürdüm ki, bu zaman xəstədə təkrar mədəkiçiltmə əməliyyatını aparmaq lazımdır. İzah etdim ki, pasiyentin anatomiya və fiziologiyasını pozmamaq şərti ilə ona 2-ci dəfə arıqlama şansı verməliyik. Bunu zalda əyləşən mütəxəssislər arasında yeganə olaraq mən səsləndirdim”.
Kursun 2-ci günü “Uğursuzluğa məruz qalmış bariatrik cərrahiyyə əməliyyatlarının fəsadları”na həsr edilib. Bu zaman professor Catallin Copaesc onun yazdığı məqalədən sitat gətirib: “Hansı ki, adıçəkilən məqalədə 34 pasiyent üzərində 3 il ərzində aparılan təkrar mədəkiçiltmə əməliyyatlarının nəticələri öz əksini tapmış və dünyanın nüfuzlu jurnallarının birində nəşr olunmuşdu. Bu mənim üçün bir sürpriz oldu. Professor bildirdi ki, məqalənin müəllifi hazırda bizdə dinləyicidir. Tədbir iştirakçılarının əksəriyyəti bu uğur münasibətilə öz təbriklərini ifadə etdi. Əlbəttə, bu çox qürurverici idi”.