Tədris Terapevtik Klinikada "Polinevropatiyalar, Guillian Barre sindromu" mövzusunda seminar keçirilib. Tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentləri iştirak ediblər.
Məruzə ilə çıxış edən klinikanın Nevrologiya şöbəsinin rezidenti Jalə İbrahimova mövzu haqqında ətraflı məlumat verib. Bildirib ki, polinevropatiyalar - periferik sinirlərin eyni etioloji və patafizioloji proseslərə bağlı olaraq birlikdə, yayılmış şəkildə zədələnməsinə bağlı ortaya çıxan klinik haldır. Ən çox yayılmış səbəbi şəkərli diabetdir. Bundan başqa, infeksion, autoimmun xəstəliklər, dərmanlar, toksik maddələr, cərrahi əməliyyat və s. də səbəb ola bilər.
“Guillian-Barre sindromu” haqda danışan J.İbrahimova qeyd edib ki, bu sindrom autoimmun demielinizasiya ilə gedən və iflic ilə nəticələnə bilən polinevropatiyaların geniş yayılmış formasıdır. Bunun əsas səbəbi tənəffüs yolu və qastrointestisial infeksiyalar, cərrahi əməliyyat, karsinomadır. Onun sözlərinə görə, klinik əlamətlər infeksiyaya yoluxduqdan 1-3 həftə sonra görülməyə başlayır: "İlk əlaməti, əsasən aşağı ətrafdan başlayıb yuxarı ətrafa doğru yayılan əzələ zəifliyidir. Əl və ayaqlarda uyuşma, paresteziyalar, bel, kürək ağrıları, arefleksiya, bəzən təzyiqin artıb-azalması, sidik qaçırma, tərləmənin azalıb-artması kimi avtonom sinir sistemi əlamətləri də müşahidə olunur".
Diaqnostikasında laborator, elektromioqrafiya zamanı (EMQ) sinir ötürücülüyünün pozulması, lumbar punksiya zamanı albuminositolojik dissosiasiyanın olması və sinir biopsiyasına əsasən diaqnoz qoyulduğunu deyən məruzəçi, müalicənin dəstəkləyici terapiya, immunoterapiya (plazmafarez, İVİG), reabilitasiyadan (fizioterapiya) ibarət olduğunu vurğulayıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, J.İbrahimova iştirakçıların suallarını cavablandırıb.