Müasir dövrdə əhali arasında yayılmaqda olan xəstəliklərdən biri də zob (düyünlü ur) xəstəliyidir. Universitetimizin Tədris Cərrahiyyə Klinikasının həkimlərinə də bu problemlə bağlı çoxsaylı müraciətlər olur. Bəzən dərman müalicəsi müsbət nəticə verməyəcəyi üçün xəstələr cərrahi əməliyyat edilir.
Klinikanın cərrah-endokrinoloqu Azər Hümmətovun rəhbərliyi ilə bu günlərdə 47 yaşlı xanımda belə əməliyyat icra olunub. Belə ki, müayinələr nəticəsində çoxsaylı düyünlərin böyük ölçülü olduğu müəyyənləşib. Eutiroid vəziyyət yarandığına görə, əməliyyat aparılması qərara alınıb. Total tiroidektomiya əməliyyatı zamanı qalxanvari vəz tamamilə xaric edilib.
Tədris Cərrahiyyə Klinikasında bu növ əməliyyatlar artıq müasir metodlarla, neyromonitorinq cihazı vasitəsilə icra olunur. A.Hümmətovun sözlərinə görə, bu avadanlığın tiroid əməliyyatlarında böyük əhəmiyyəti var: “Qalxanvari vəzin kapsulunun arxa səthində qayıdan qırtlaq siniri keçir. Məhz bu sinir səs telini innervasiya edir. Biz bu cihaz vasitəsilə həmin sinirin hardan keçdiyini müəyyən edirik. Sinirə yaxınlaşan zaman cihaz bu barədə xəbərdarlıq etdiyindən, bu tip riskli əməliyyat daha rahat və fəsadsız icra olunur. Beləliklə də, xəstənin səs tellərində heç bir problem yaranmır”.
Əməliyyat olunan xəstə isə həm uğurlu nəticəyə görə A.Hümmətova, həm də pasiyentlərin rahatlığı üçün hərtərəfli şərait yaradan klinika rəhbərliyinə təşəkkürünü bildirib. Əməliyyatdan sonra demək olar ki, ağrıları olmadığını deyən xanım, hər kəsi səhhətinə diqqət etməyə, vaxtında həkimə getməyə, lazım gəldikdə isə əməliyyatdan çəkinməməyə çağırıb.
Həkim bildirir ki, tiroid əməliyyatlarından sonra ən çox verilən suallardan biri qəbul ediləcək dərmanlarla əlaqədardır: “Təəssüf ki, tiroid əməliyyatı zamanı qalxanvari vəz tam çıxarılır. Və bu zaman əvəzedici hormon terapiyasına ehtiyac yaranır. Əməliyyatdan sonra xəstənin vəziyyətinə uyğun dərman və dozası seçilir”.