Rezidentlərimiz artıq bir sıra əməliyyatları sərbəst icra edir
Azərbaycan Tibb Universitetində rezidentura təhsili alanlar tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis kimi hazırlanırlar. Onlar nəzarətində olduqları peşəkar həkimlərdən öyrəndikləri sahənin zəruri nəzəri, praktik biliklərini mənimsəyir, peşə vərdişlərini, müalicə metodlarını, tibbi yenilikləri və s. icra edirlər.
Universitetimizdə ictimai fəallığı ilə yanaşı, mənimsədiyi ixtisası dərindən öyrənməyə səy göstərən və aktivlik nümayiş etdirən rezidentlərimiz kifayət qədərdir. Onlardan bir neçəsini oxucularımızla da tanış etmək istərdik. Belə rezidentlərdən biri Küşvər Seyidovadır. O, 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunub. Elmi axtarışlarını davam etdirib və dəfələrlə Tələbə Elmi cəmiyyətlərində üz-çənə cərrahiyyəsi mövzusunda çıxış edib. 2017-ci ildə hazırladığı məruzə 1-ci yerə layiq görülüb və diplomla təltif olunub. 2018-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən K.Seyidova 2019-cu ildə Ağız və üz-çənə cərrahiyyəsi ixtisası üzrə rezidenturaya daxil olub: “2020-ci ildə Vətən müharibəsi zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında professor Çingiz Rəhimovun rəhbərliyi altında Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində yaralılarla işlədim, onların müayinə, müalicə və əməliyyatlarına qatıldım. Yerli və beynəlxalq konfranslarda iştirak və çıxışlar etmişəm. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan rezidentlərin 10-cu elmi-təcrübi konfransında “Müasir müharibələrdə üz-çənə nahiyəsinin odlu silahla yaralanmalarına yanaşma prinsipləri” mövzusu ilə plenar iclasda çıxış etdim və birincilik diplomu ilə mükafatlandırıldım. Hazırda rezidentura təhsilimin 4-cü ilindəyəm”.
K.Seyidova artıq sərbəst şəkildə ağıl dişlərinin çıxarılması, ağız boşluğunda olan kiçik ölçülü törəmələrin götürülməsi, əngdə və çənədə olan kistaların çıxarılması, haymorotomiya, irinli-iltihabi xəstələliklərin müalicəsi, yaraların birincili cərrahi işlənilməsi, üzdə olan kiçik ölçülü törəmələrin və xalların götürülməsi, blefaroplastika, üz nahiyəsinə lipofilinq, buxaq liposaksiyası əməliyyatlarını icra edə bilir.
Tədris Cərrahiyyə Klinikasının Travmatologiya və ortopediya şöbəsində fəaliyyət göstərən Cahid Zeynalov da həkim-rezidentlərimizdəndir. İlk əməliyyatı Karpal tunelə görə orta sinirin sərbəstləşdirilməsi əməliyyatı olub. Sonra isə Açıcı vətər bərpası əməliyyatını uğurla həyata keçirib.
C.Zeynalov icra etdiyi əməliyyatlar sırasında osteosintez, artroskopik, bud-canaq və diz oynağının total bud-canaq endoprotezləri, vətər təmiri və transferlərinin adını çəkib: “Etdiyim əməliyyatlarda heç bir problem olmayıb. Hazırda diz və bud-çanaq endoprotezi əməliyyatlarını icra edirik. Praktik təcrübə və vərdişlərimin artırılmasında mənə yaxından kömək edən müəllimlərimə - Cəfər Nəsirli, Nicat Səttarov, İsmixan Mətiyev, Fuad Əyyubov, Bəhruz Məmmədova minnətdarlığımı bildirirəm”.
Nərminə Dəhazi də daim öz üzərində işləyən, təcrübə və vərdişlərini genişləndirən rezidentlərdəndir. O, Mamalıq-ginekologiya ixtisası üzrə rezidenturanın 4-cü kursunda təhsil alır. Son 6 il ərzində ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi konfranslarında iştirak edib, setifikarlarla təltif olunub: “Kuratorum I Mamalıq-ginekologiya şöbəsinin müdiri, professor Səadət Sultanovadır. Rezidentura təhsili dövründə müxtəlif klinikalarda ixtisasıma uyğun rotasiyalar keçmişəm. 2021-ci ilin noyabrından isə Milli Onkologiya Mərkəzində Onkoginekologiya ixtisası üzrə MOM Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyevin rəhbərliyi altında təkmilləşmə proqramı keçirəm. ATUREK-10 Rezidentlərin Elmi Konfransının plenar iclasında “Operativ ginekologiyada müasir endoskopik cərrahiyyə” mövzusunda etdiyim çıxışa görə ATU rektoru, professor Gəray Gəraybəyli tərəfindən diploma layiq görülmüşəm”.
Nərminə həm tələbəlik, həm də rezidentura təhsili müddətində bir çox beynəlxalq elmi konqreslərdə, seminar və praktiki təlimlərdə iştirak edib, sertifikatlar alıb. Rezidenturanın 2-ci kursunda Səhiyyə Nazirliyinin nümayəndələri ilə birgə Böyük Britaniyada rezident-ginekoloq qismində təlimdə iştirak edib, Londonun tibb müəssisələri və tibb universitetlərinin fəaliyyəti ilə tanış olub. O artıq özünü təcrübəli rezident hesab edir. Bir ildən sonra sərbəst həkim kimi çalışacağına əmindir: “Rezidentura müddətində bir çox manipulyasiyaları, əməliyyatları sərbəst etməyi öyrəndim. Buna görə mama-ginekologiya üzrə rəhbərim, professor Səadət Sultanovaya, onkoginekologiya üzrə rəhbərim Şəmistan Alıyevə minnətdaram. Zərurət yarandıqda onlarla hər zaman məsləhətləşirəm”.