1 Mart – Beynəlxalq Mülki Müdafiə Günüdür
Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu
İnsan cəmiyyətinin inkişafı müxtəlif mənşəli fövqəladə hadisələrlə sıx bağlıdır. Fövqəladə hadisələr insanların məhvinə və iztirab çəkmələrinə, maddi və mədəni sərvətlərin məhvinə, ətraf mühitin və insanların həyat tərzinin köklü şəkildə dəyişməsinə səbəb olur. Müharibələr və terror, istehsalatda, məişətdə və ümumilikdə gündəlik həyatımızda baş verən qəzalar və fəlakətlər, təhlükəli təbiət hadisələri həyatımızın gündəlik hadisəsinə çevrilmişdir.
Alimlərin fikrinə görə, sivilizasiyanın və bəşəriyyətin əldə etdiyi nailiyyətlərə baxmayaraq, yaxın illərdə fövqəladə hadisələrin sayı daha da artacaq. Hal-hazırda fövqəladə hadisələrin nəticələrindən dəyən iqtisadi ziyanın miqdarı, həlak olan və zərərçəkmiş insanların sayı durmadan artmaqdadır.
Bəşəriyyətin bütün tarixi göstərir ki, yeni texnologiyaların inkişafı üçün əsas stimul həmişə bu və ya digər dövlətin üzləşdiyi təhlükə və təhdidlərə reaksiyası olmuşdur. Belə reaksiyalar həmişə alimləri düşündürən əsas problemlərdən olmuşdur. Bu problemlər aradan qaldırılmadan təhlükə və təhdidlərin baş vermə riskinin azadılması və dəf edilməsi mümkün deyil. Bu həmişə belə olmuşdur və XXI əsr də istisna deyil. Müasir sivilizasiyanın qarşısında son dərəcə intensiv və gözlənilməyən təhlükələr kompleksi formalaşmışdır. Milli və etnik zəmində münaqişələrin kəskinləşməsi, terrorizm, ən yeni silahlı mübarizə vasitələrinin meydana çıxması və bu kimi digər hadisələr əhalinin mühafizəsi sahəsində innovasiyon (yenilikçi) yanaşmanın – yeni biliklərin və texnologiyaların tətbiqinin vacibliyini şərtləşdirmişdir.
“İnnovasiyon mülki müdafiə” anlayışını üç əsas komponentə ayırmaq olar:
- baş verən təhlükə və təhdidlərin dəf edilməsində əhalinin, ərazilərin, maddi-mədəni sərvətlərin qorunmasının müasir metodlarının mövcud olması;
- mühafizənin (və ya mühafizəolunmanın) və xilasetmənin yeni texnologiyalarının istifadə edilməsi;
- çox peşəkar və təcrübəli kadr hazırlığı sisteminin mövcud olması.
Mülki Müdafiə sahəsində innovasiyalar proses və maddi-texniki innovasiyalara bölünür.
Proses innovasiyalara yeni biliklərin toplanması, yeni informasiya və təşkilatı texnologiyaların işlənib hazırlanması və yaradılması daxildir.
Maddi-texniki sahədə innovasiyon fəaliyyət mühafizənin, qəza-xilasetmə işlərinin aparılmasının, MM tədbirlərinin idarə edilməsinin mövcud texniki vasitələrin təkmilləşdirilməsindən və yenilərinin işlənib hazırlanmasından ibarətdir. Bununla belə, innovasiyon yanaşmalar fəaliyyətin zaman və təcrübə ilə yoxlanılmış ənənəvi vasitə üsul və metodlarından imtina etməyi nəzərdə tutmur. Söhbət onların əsasında yenilərinin, daha mükəmməl texnologiyaların işlənib hazırlanmasından gedir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yarandığı gündən xilasetmənin yeni texnologiyaları və vasitələrinin axtarılması və tətbiq edilməsi yolunu tutmuşdur. Nazirliyin qısa müddətdə formalaşdırılmasında qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki təminatının gücləndirilməsi, kadr potensialının artırılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi mühüm rol oynamışdır.
İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi sahəsində öz işini müasir dövrün tələblərinə uyğun quran Fövqəladə Hallar Nazirliyində avtomatlaşdırılmış elektron informasiya və nəzarət–müşahidə sistemləri yaradılmış, quruda və dənizdə baş verən irimiqyaslı fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işlərinin aparılması, hadisənin nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin formalaşdırılmasında beynəlxalq təcrübədən geniş istifadə edilmişdir. Avtomatlaşdırılmış sistemlərin dayanıqlı iş rejimini təmin etmək məqsədi ilə bir sıra yeniliklər tətbiq olunmuşdur. “112” qaynar xəttindən ötürülən ilkin operativ məlumatlar Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olur, burada həmin məlumatlar təhlil olunur və müvafiq qərarlar qəbul edilərək əlaqədar qurumlar və təşkilatlar əməliyyatlara cəlb olunur, onların işi əlaqələndirilir və daim nəzarətdə saxlanılır. Bu gün ölkənin iri şəhərlərində şəhər ATS abonentləri, həmçinin respublika ərazisindəki bütün mobil operator abonentləri 24 saat ərzində “112” qaynar xəttinə müraciət edə bilərlər. Nazirliyin bütün qurumları ilə naqilli və radio-rabitə əlaqəsi yaradılmış, əməliyyat və xilasetmə qurumları ilə peyk rabitəsi əlaqəsi qurulmuşdur. Nazirliyin qurumlarında və regional mərkəzlərdə informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilmişdir. Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri üçün proqram təminatlarının tətbiqi nəticəsində regional mərkəzlərə aid ərazilər üzrə hər bir hadisəyə dair ətraflı məlumatın xəritə üzərində onlayn rejimində göstərilməsi, yanğın, partlayış və qəza hadisələri haqqında operativ şəkildə məlumatlarının əldə edilməsi imkanı yaradılmışdır.
Hal-hazırda MM əhalinin, maddi və mədəni sərvətlərin yalnız hərbi mənşəli təhlükələrdən deyil, həm də təbiət, texnogen mənşəli fövqəladə hadisələrdən və terror aktlarından mühafizəsi üzrə tədbirlər sistemidir.
Bu gün üçün MM sisteminin fəaliyyət göstərməsinin səmərəliliyini azaldan bir sıra həll olunmamış problemlər var:
- kütləvi qırğın silahlarının tətbiqi ilə müharibənin baş vermə təhlükəsi zamanı kütləvi təxliyə tədbirlərinin keçirilməsi və təhlükəsiz rayonların qurulmasında müasir texnologiyaların olmaması;
- yeni nəsil fərdi mühafizə vasitələrinin, radiasiya, kimyəvi, bioloji kəşfiyyat və nəzarət vasitələrinin kifayət qədər fəal işlənib hazırlanmaması;
- MM-in mühafizə qurğuları və əmlak ehtiyatlarının yaradılmasının aşağı tempi;
- Dövlət orqanları səviyyələrində MM tədbirlərinin dəqiq maliyyələşdirilmə mexanizminin olmaması.
Gələcəkdə böhran vəziyyətlərində idarəetmə sisteminin inkişafı, əhalinin xəbərdar edilməsi və idarəetmənin texniki sistemlərinin təkmilləşdirilməsi, rabitə sisteminin modernləşdirilməsi, optik-kabel texnikanın və yeni nəsil peyk sistemi əlaqəsinin inkişafı vacibdir.
Bu və ya digər problemlərinin həlli MM-nin innovasiyon inkişaf yoluna keçmədən mümkün deyil. Bunun üçün aşağıdakılar nəzərdə tutulur:
- maddi və maliyyə vasitələrinin daha səmərəli xərclənməsi;
- yeni silahlanma vasitələrinin zədələyici xüsusiyyətləri ilə mühafizə vasitələrinin imkanları arasında uyğunsuzluğun əhəmiyyətli dərəcədə azaldılması;
- MM və əhalinin mühafizəsi sahəsində səmərəli (effektiv) idarəetmənin təşkili üçün lazımi şəraitin yaradılması;
- MM-nin təkmilləşdirilməsi üzrə fəaliyyətin daha uzun müddətə planlaşdırılması.
İnnovasiya prosesində əsas, mühüm yeri şübhəsiz ki, elm tutur. Hal-hazırda MM sahəsində elmi fəaliyyətin inkişafının əsas innovasiyon istiqamətləri aşağıdakılar hesab edilir:
- elmi-tədqiqat sahələrinin genişləndirilməsi, əhalinin və cəmiyyətin bütünlükdə sosial-iqtisadi təhlükəsizliyi sahəsində daha böyük problemlərə baxılması;
- müasir milli və xarici təcrübənin dərk edilməsi;
- XXI əsrin müharibələrinin forma və xarakterinin öyrənilməsi;
- sülhməramlı fəaliyyətin rolu və problemləri, humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılması;
- müharibənin ilk periodunun problemləri;
- MM sisteminin yüksək hazırlıq səviyyəsində keçirilməsi qaydaları;
- böhran vəziyyətlərində idarəetmə problemləri.
Mövcud hərbi-siyasi vəziyyətin silahlı mübarizə vasitələrinin inkişaf perspektivinin, MM-nin vəziyyətlərinin təhlilinə əsaslanaraq, MM sahəsində innovasiyon fəaliyyət aşağıdakı əsas istiqamətlər üzrə inkişaf etdirməlidir:
- Əhalinin xəbərdarlığı sisteminin rəqəmsal rabitə şəbəkələri və teleradio kanallarında işləyən yeni texniki vasitələr və müasir aparatların tətbiqi əsasında yenidən qurulması. Bu zaman insanların izdihamılı olduğu yerlərdə xəbərdarlığa xüsusi diqqət ayrılmalıdır.
- İndiki dövrdə yaranmış real vəziyyəti nəzərə alaraq təxliyə modellərinin (nümunələrinin) işlənib hazırlanması əsasında kütləvi təxliyə tədbirlərinin təşkilinə və keçirilməsinə yeni yanaşmaların işlənib hazırlanması və tətbiq edilməsi. Bu zaman əhalinin miqrasiyasının (köçməsinin) təmin olunması probleminə xüsusi diqqət ayrılmalıdır.
- MM-nin mühafizə qurğuları fondunun yaradılmasının yeni üsul və yollarının axtarılması;
- Yanğınsöndürmənin və yanğınların profilaktikasının yeni texnologiyaları və vasitələrinin işlənib hazırlanması;
- Fövqəladə hadisələr haqqında xəbərdarlığın üsul və metodlarının təkmilləşdirilməsi. Fövqəladə hadisələrin monitorinqi və proqnozlaşdırılması şəbəkəsinin, həmçinin ətraf mühitin vəziyyətinə nəzarətin texniki vasitələrinin inkişafı;
- Yeni nəsil fərdi mühafizə vasitələrinin, o cümlədən tibbi fərdi mühafizə vasitələrinin və qəza təhlükəli kimyəvi maddələrdən antidotların işlənib hazırlanması. Tibbi mühafizənin təşkilinin və zərəçəkənlərə tibbi yardımın göstərilməsinin təkmilləşdirilməsi;
- Zərərçəkmiş əhalinin təxirəsalınmaz həyat təminatı kompleksinin işlənib hazırlanması və tətbiqi;
- MM və fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sistemi qüvvələrinin optimal qruplaşdırılmasının yaradılması. Bu qüvvələrin xilasetmə işlərinin aparılması üçün müasir vasitələrlə təchizatı;
- Xüsusi əhəmiyyətli obyektlərin mühafizəsinin artırılması üzrə effektiv üsulların işlənib hazırlanması və tətbiqi;
- Əhalinin öyrədilməsi və hazırlığı sisteminə müasir informasiya texnologiyalarının – fövqəladə hadisələr şəraitində davranış bacarıqlarının təkmilləşdirilməsi üzrə kompüter təlim proqramlarının, kompüter oyunlarının və trenajorlarının tətbiqi.
ATU-nun Mülki Müdafiə Qərargahının rəisi,
Əliyev Ramiz