Rektor, professor Gəray Gəraybəyli: İllər ərzində apardığımız islahatların müsbət nəticələrini görməkdəyik
ATU-nun Böyük Elmi Şurasının növbəti iclası fevralın 28-də keçirilib. İclası açan universitetin rektoru, professor Gəray Gəraybəyli öncə Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyevanı yubileyi münasibətilə təbrik edərək, onun tibbi kadrların hazırlanmasında uzunmüddətli və səmərəli fəaliyyətini, eləcə də universitetin ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirib.
Bundan sonra rektor gündəlikdəki məsələləri diqqətə çatdırıb və “Azərbaycan Tibb Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyevə verib.
O, çıxışının əvvəlində 2023-cü ilin ölkəmizdə Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev ili” elan edildiyini, bununla bağlı geniş tədbirlər planı hazırlandığını, onların həyata keçirilməsi üçün universitetin prorektorlarına, fakültə dekanlarına və digər şöbələrə universitet rəhbərliyi tərəfindən müvafiq göstərişlər verildiyini xatırladıb.
Yeni tədris ilindən tətbiq olunan qaydalar haqqında danışan prorektor bildirib ki, Elmi Şuranın 5 may 2022-ci il tarixli iclasının qərarına əsasən, I kursa daxil olan tələbələrin semestr ərzində biliyinin qiymətləndirilməsi zamanı toplanan maksimal 50 bal artıq yeni qaydalarla hesablanır. Belə ki, tələbələrin davamiyyətınə görə ayrılmış maksimal 10 bal ləğv edilib. Bu zaman tələbələrin fənn üzrə davamiyyətsizliyinin maksimal həddi, fənnə ayrılmış kreditin ümumi auditoriya saatlarının 20%-i qədər, eyni zamanda tələbələrin mühazirələrə davamiyyətsizliyinin maksimal həddi mühazirə saatlarının 40%-i qədər müəyyən olunub. Davamiyyətsizliyi göstərilən hədləri aşan tələbələr həmin fənn üzrə yekun imtahana buraxılmır. Davamiyyət üçün ayrılmış maksimal 10 bal, tələbələrin semestr ərzində biliyinin cari qiymətləndirilməsi üçün ayrılmış maksimal 30 bala əlavə olunur. Beləliklə, tələbələrin biliyinin cari-aralıq qiymətləndirilməsi semestr ərzində bir dəfə, təyin edilmiş müddət ərzində, mərkəzləşmiş qaydada, 40 ballıq şkala üzrə İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Digər kurslarda isə davamiyyət balı saxlanılmaqla, tələbələrin cari-aralıq qiymətləndirilməsi semestr ərzində bir dəfə, təyin edilmiş müddət ərzində, mərkəzləşmiş qaydada, 30 ballıq şkala üzrə İmtahan Mərkəzində aparılır. Həmçinin tələbələrin fərdi yaradıcılığı və ya klinik bacarığı sərbəst işlər vasitəsilə qiymətləndirilir. Sərbəst işlərin təməl fənlər blokunda təqdimat, klinik fənlər blokunda isə klinik bacarıq formasında olmasına üstünlük verilir.
S.Əliyev hesabat məruzəsində tələbələrin və əməkdaşların davamiyyətini daim nəzarətdə saxlamağın vacibliyinə də toxunaraq, bu məsələdə kafedra müdirlərinin, eyni zamanda tədris hissəsi və dekanlıqların üzərinə düşən məsuliyyəti bir daha yada salıb. Həmçinin kafedra müdirlərinə dönə-dönə tapşırılmasına baxmayaraq, mühazirə mətnlərini proqrama uyğun 3 dildə (Azərbaycan, rus, ingilis) həm universitetin rəsmi saytında, həm də ETS-də cəmi 11 kafedranın yerləşdirdiyini, hətta mühazirə mətnlərini saytda heç yerləşdirməyən kafedraların da olduğunu təəssüflə qeyd edib.
“2022/2023-cü tədris ilinin payız semestrində nəinki ölkəmizdə, hətta dünyanın inkişaf etmiş ölkələrində rezidentura və magistraturada təhsilini davam etdirə biləcək, həmçinin praktik sahədə fəaliyyət göstərəcək gənc həkim, hərbi həkim, əczaçı və hərbi feldşer kadrlarının hazırlanmasını qarşımıza məqsəd qoymuşuq” – deyən prorektor, cari tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri üzərində xüsusi dayanıb: “İmtahan sessiyasını 6323 nəfər tələbə müvəffəqiyyətlə başa vurub. Onlardan 1102 nəfəri (17.4%) sessiyanı “əla” qiymətlərlə, 3043 nəfəri (48.1%) “əla” və “yaxşı” qiymətlərlə, 2178 nəfər (34.4%) isə qarışıq qiymətlərlə bitirib. Sessiyanın nəticələrinə görə, 459 nəfərin (7.25%), onlardan 272 nəfərin 1 fəndən, 106 nəfərin 2, 81 nəfərin isə 3 fəndən akademik borcu (F) qalıb. Universitet üzrə mütləq mənimsəmə göstəricisi 93.23% (keçən il 95.4%), keyfiyyət göstəricisi 61.11% (keçən il 67.7%) olub”.
Çıxışında bütün kafedralarda çalışan professor-müəllim heyətinin tələbələrin gündəlik bilik səviyyəsinin qiymətləndirilməsinə eyni meyarlarla yanaşmadığın söyləyən məruzəçi, aşağı kurslarda gündəlik sorğularda qiymətlərin “qısqanclıqla”, yuxarı kurslarda isə “əliaçıqlıqla” yazıldığını vurğulayıb. Onun sözlərinə görə, bütün bu halları aradan qaldırmaq və ortaq nöqtəni tapmaq üçün ayrı-ayrı təcrübəli müəllimlərin iştirakı ilə kredit sistemi ilə tədrisin təşkilinə, biliyin qiymətləndirilməsinə həsr olunmuş elmi-praktik konfransların keçirilməsinə və digər universitetlərin də professor-müəllim heyətini dəvət etməklə qabaqcıl təcrübənin öyrənilməsinə böyük ehtiyac var.
Məruzədə universitetimizin reytinqinin ölkə universitetləri arasında yüksək yerlərdə olması da öz əksini tapıb. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanlar zamanı IV qrup üzrə yüksək bal toplayanların böyük əksəriyyətinin bizim universiteti seçməsi bunu sübut edən faktlardan biri kimi dəyərləndirilib. Lakin həmin tələbələrin universitetdə təhsil zamanı əldə etdiyi nəticələrin heç də qaneedici olmadığı bildirilib: “Belə ki, 6 il ərzində universitetə daxil olan 146 nəfər Prezident təqaüdçüsündən ancaq 28 nəfəri indiyədək bu adı doğruldub. Bunlar adi rəqəm deyil, hər biri IV qrupda təhsil almağı seçən, tam orta təhsili əla qiymətlərlə başa vuran və çətin test sınaqlarından ən yüksək nəticələr əldə edən gənclərimizdir. Gələcəkdə təhsilin təşkilində islahatlar aparmaqla onların potensialını tibb elminin inkişafına, yüksək ixtisaslı həkim və əczaçı kadrların hazırlanmasına yönəltməliyik. Bu bizim bir universitet olaraq Vətən və xalq qarşısında ümdə borcumuzdur”.
Çıxışı zamanı Apellyasiya Komissiyasının fəaliyyətindən də bəhs edən prorektor, bu semestrdən etibarən tətbiq edilən yenilikdən də danışıb: “Tələbə imtahan zamanı apellyasiyaya müraciət edəcəyi sualın nömrəsini ya yaddaşında saxlamalı, ya da imtahanın gedişi zamanı kompüter proqramında nəzərdə tutulmuş hissədə bayraqla işarələməlidir. Yalnız bu halda həmin suallara görə tələbənin müraciəti komissiya tərəfindən qəbul edilir. Bu semestrdə tətbiq etdiyimiz yenilik artıq öz bəhrəsini verib, tələbələrin əsassız şikayətlərinin sayı bir qədər azalıb və komissiyanın iş fəaliyyətinin keyfiyyəti isə artıb”.
S.Əliyev 2022 /2023-cü tədris ilinin payız semestrində keçirilən aralıq qiymətləndirmə zamanı kütləvi olan əsaslı müraciətlərin siyahısı ilə də şura üzvlərini tanış edib. Apellyasiya komissiyası 29 dekabr 2022-ci il tarixindən 1 fevral 2023-ci il tarixinə qədər kurs imtahanlarından şikayətləri olan tələbələrin, 3-7 fevral 2023-ci il tarixlərində isə imtahanlarda kəsiri olan tələbələrin apellyasiya şikayətlərinə baxıb.
Hesabat məruzəsində 2022/2023-ci tədris ilinin I semestrinin sonunda ATU-da 44 ölkədən 2280 nəfər tələbənin, bundan əlavə 76 nəfər əcnəbi rezidentin təhsil aldığını da diqqətə çatdıran prorektor qeyd edib ki, universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə dekanlıq təhsil sahəsində dünyanın müxtəlif ölkələri və universitetləri ilə əlaqələri genişləndirir. Xarici tələbələrlə iş üzrə dekanlığın yerinə yetirdiyi digər vacib işlərdən biri də tələbələrin Bakı şəhərində müvəqqəti yaşamaq hüququnu təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə sıx əlaqə saxlayaraq onların qeydiyyatını təşkil etməkdən ibarətdir.
S.Əliyev cari semestrin sonunda əczaçılıq fakültəsi istisna olmaqla, bütün ixtisaslar üzrə Dövlət Attestasiya sınaqlarının kredit sistemi ilə aparılacağını vurğulayaraq, universitet kollektivinin bundan sonra da gənc nəslin tərbiyəsində və təhsilində əlindən gələni etməyə çalışacağına əminliyini ifadə edib.
Məruzə ətrafında çıxış edən Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov yeni dərs ilinin I semestrində Tibb və sağlamlıq elmləri təhsili kafedrasında həm I, həm də II kurs tələbələrinin bilik və bacarıqlar fənninin tədrisinə cəlb olunduğunu söyləyib. Eyni zamanda həmin fənn üzrə tələbələrin biliyinin OSKİ üsulu ilə qiymətləndirildiyini, rektorun bu prosesləri şəxsən izlədiyini diqqətə çatdırıb. Onu da vurğulayıb ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə bağlanan müqavilənin şərtlərinə əsasən, bu tədris ilindən müalicə fakültələrinin V kursunda təhsil alan tələbələrimiz ginekologiya, terapiya, pediatriya və cərrahi xəstəliklər blokundan olan ixtisaslar üzrə istehsalat təcrübəsini Bakı Sağlamlıq Mərkəzində keçirlər. K.Yaqubov tələbələrin imtahan nəticələrinin elektron sistemə vaxtında yerləşdirilməməsi səbəbindən yaranan problemlərə də toxunub.
İmtahan Mərkəzinin tələblərini nəzərə alaraq bu il imtahan sessiyasında testlərin hazırlanmasına daha məsuliyyətlə yanaşıldığını deyən I Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Elmira Əliyeva, gələcəkdə ekspertlərin sayının artırılacağını və özünün də imtahanlarda mütləq iştirak edəcəyini bildirib.
Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayev tələbələrin biliyinin qiymətləndirilməsinin iki kriteriya üzərində aparılmasına diqqət çəkib. Yəni birinci kriteriya tələbənin nəyi bilməsi, ikinci kriteriya isə nəyi bacarmasıdır. Birinci kriteriya üzrə universitetimizin nəticələrinin çox yüksək olduğunu vurğulayan kafedra müdiri qeyd edib ki, əsas problemlər ikinci kriteriyadan qaynaqlanır. Çünki bazar iqtisadiyyatı şəraitində məzunların özlərinə iş yeri tapmasında onların nəyi bacarması xüsusi rol oynayır. Professor qardaş Türkiyənin təcrübəsindən bəhrələnərək, universitetin nəzdində ailə və sağlamlıq mərkəzlərinin yaradılması təklifini irəli sürüb.
Məruzə və çıxışlarda səslənən fikirləri yekunlaşdıran rektor, illər ərzində aparılan islahatların konkret nəticələrinin artıq göründüyünü, bunların həm obyektiv göstəricilərdə, həm də tələbələrin fikir və rəylərində öz əksini tapdığını vurğulayıb. Universitetin rəhbəri son aylarda elektron poçtuna I kurs tələbələri tərəfindən 200-dən artıq müraciətin daxil olduğunu da şura üzvlərinin diqqətinə çatdırıb: “Tələbələr artıq Tibb Universitetində oxumağın çətinliyindən şikayətlənirlər. Açığını deyim ki, bundan çox məmnunam. Çünki indiyədək tələbələrdən belə söz eşitməmişəm. Əksinə, əvvəllər 50 testə 6-8 dəqiqəyə cavab verərək çox yüksək bal toplayırdılar. Görünən odur ki, imtahanlarda yüksək nəticə qazanmaq üçün kitablara müraciət etməyə məcburdurlar. Bütün bunlar aparılan dəyişikliklərin düzgün olduğunu göstərir və yeniliklər digər kurslarda da tətbiq olunacaq”.
Praktik vərdişlərin öyrədilməsi məsələsinə də münasibət bildirən rektor, “tələbənin nəyi bilməsindən daha çox nəyi bacarması aktualdır” fikrini dəstəkləyərək, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən yaradılan Simulyasiya Mərkəzində 4 fənn üzrə bacarıqların öyrədilməsi və obyektiv olaraq qiymətləndirilməsinin üstünlüklərindən danışıb.
Rektor G.Gəraybəyli çıxışında testlərlə bağlı problemlərə, yeni ixtisasların açılmasına, nəzəri kafedralarda proqramlara yenidən baxılmasının vacibliyinə də toxunaraq, mühazirələrin həcmini azaltmağı tövsiyə edib. Yekun nitqində proqramları hələ də saytda yerləşdirməyən kafedra müdirlərinə kəskin iradını bildirən rektor, onların qarşısında bu prosesi may ayınadək başa çatdırmaq tələbi qoyub.
Hesabat məruzəsinə dair müzakirələr bitdikdən sonra Türkiyə Cümhuriyyətində baş vermiş təbii fəlakətlə əlaqədar olaraq ATU tərəfindən göstərilən maddi yardım, eləcə də universitetin klinikalarına maddi yardımın göstərilməsi, xarici tələbələrin sığortası barədə məsələlərə baxılıb. Həmçinin Milli Məclisin deputatı tərəfindən cərrah, professor Elçin Ağayevə ünvanlanan təşəkkür məktubu oxunub.
Dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verən Elmi Şura, elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, elmi adları təsdiqləməklə öz işini yekunlaşdırıb.