Rezidentlər üçün seminar: "Qalxanabənzər vəzi iltihabi xəstəlikləri"

 

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti seminar baş tutub.

Rezidentlər qarşısında "qalxanabənzər vəzi iltihabi xəstəlikləri" mövzusunda klinikanın həkim-endokrinoloqu Sevil Mustafayeva çıxış edib.

Məruzəçi çıxışında bildirib ki, qalxanabənzər vəzi iltihabi xəstəliklərinə autoimun tireoidit, toksik ur, postpartum tireoidit, kəskin və yarıkəskin, amiadaron və sitokin induksiyalı, palpator, Ridl tireoiditləri aiddir.

Tireoditlər haqqında ətraflı məlumat verən həkim qeyd edib ki, "kəskin" tireoiditi bakteriyalar yaradır. Çox vaxt burun-boğaz infeksiyası ilə əlaqəlidir (tonzillit, sinusit, larinqit və s.). Qanda olan hər hansı bir infeksiya, əksər hallarda isə Staphylococcus, Streptococcus, Klebsiella sp, Enterobacteriace iltihab səbəbi ola bilər.

S.Mustafayeva "kəskin qeyri-irinli" və "yarımkəskin" tiroiditlərdən də danışıb. Bildirib ki, kəskin qeyri-irinli tiroidit radiasiya terapiyasından sonra, vəzin mexaniki zədələnməsi ilə baş verir. Yarımkəskin tiroidit isə ağır virus infeksiyasına reaksiya olaraq inkişaf edir (parotit, qrip, qızılca və s.). Funksional hüceyrələr məhv edilir, hormonlar qana daxil olur və anormal immun reaksiyaya səbəb olur.

Haşimoto autoimun tiroiditindən danışan məruzəçi, bu tiroiditin insan orqanizmində müəyyən növ antigenlərin sintezinə təsir edən mutasiyalarla xarakterizə olunduğunu bildirib. Qeyd edib ki, immun sistemi vəzinin sağlam toxumasına yad formasiya kimi reaksiya verməyə başlayır və normal hüceyrələrə hücum edərək patoloji dəyişikliklərə səbəb olan xüsusi zülalların sintezinə başlayır. İmmunokompetent strukturların cəlb edilməsi səbəbindən iltihab uzanır.

Həkim tiroiditlərin müalicəsi haqqında da ətraflı məlumat verib. Erkən diaqnostika ilə kəskin tiroiditin tamamilə yox olduğunu, xəstənin müalicəyə başladıqdan 1-2 ay sonra sağaldığını deyən məruzəçinin sözlərinə görə, xəstəliyin irinli formaları hipotireoza səbəb ola bilər: "Yarımkəskin tiroidit müalicənin başlanmasından 2-3 ay sonra sağalma ilə başa çatır. İnkişaf etmiş hallarda, bu formada xəstəlik uzun bir kurs alır və ya xroniki olur. Autoimun tiroiditi dərmanların düzgün seçilməsi ilə yavaşlatmaq və ya tamamilə dayandırmaq olar. Ridel tiroiditi isə uzun illər lifli proseslərin inkişafı və tiroid funksiyasının azalması ilə davam edir".

Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.