ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarın bu dəfəki mövzusu “Ürək tamponadası və ağciyər arteriyasının tromboemboliyası ağciyər adenokarsinomasının ilkin təzahürləri kimi” olub.
Tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, klinikanın həkimləri və rezidentləri iştirak ediblər. Məruzə ilə çıxış edən klinikanın Terapiya şöbəsinin həkim-rezidenti Əsədullayeva Nailə klinikaya müraciət edən və müalicə alan 55 yaşlı qadın xəstənin analizlərinin nəticələri, onların təhlili və müalicəsi haqqında ətraflı məlumat verib.
Həkim bildirib ki, xəstə 2022-ci ilin fevral ayında ağır təngnəfəslik, subfebril bədən hərarəti, halsızlıq, iştahanın azalması şikayətləri, ürək tamponadası (perikard boşluğunda qan və ya digər mayenin yığılması səbəbindən kəskin ürək çatışmazlığı) diaqnozu ilə təcili xəstəxanaya yerləşdirilib. Onun üzərində perikardiosentez (perikard boşluğunun punksiyası) aparılıb.
Xəstənin analiz nəticələrinin təhlilindən danışan məruzəçi qeyd edib ki, klinik qan testinə əsasən leykositoz və neytrofiliya, biokimyəvi qan testində CRP, B12 vitamin və D-dimer çox yüksəlmiş, ağciyərlərin KT angioqrafiyasında plevral maye, ağciyər arteriyasının tromboemboliyası (böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan, qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləri tərəfindən ağciyər arteriya kökünün və ya mənfəzinin tutulması) aşkar edilmişdir. EXOKQ-da perikardial maye AF (atım fraksiyası) 45-48% olub.
N.Əsədullayevanın sözlərinə görə, xəstəyə simptomatik, etiotrop və patogenetik terapiya təyin edilib, müalicə fonunda xəstənin vəziyyəti yaxşılaşıb. Döş qəfəsinin venadaxili kontrastlı KT kontrolda ağciyərin şişi və mediasternal limfa düyünlərinin böyüməsi müşahidə olunub, biopsiyaya əsasən ağciyərlərin adenokarsinoması (bronxial divarın vəzi epitelindən əmələ gələn bədxassəli yenitörəmə) aşkar edilib. Xəstə onkoloqa göndərilib və nəzərəçarpacaq müsbət effekt verən “ağıllı dərman”larla (xüsusi hədəf molekulların təsir mexanizminə müdaxilə edərək xərçəng hüceyrələrinin böyüməsinə maneə törədən molekulyar-hədəflənmiş terapiya növü) müalicə olunub.
Tədbirin sonunda Nailə Əsədullayeva seminarın işini diskussiya formasında davam etdirərək, məruzəyə dair sualları cavablandırıb.