Yeni dərslik tələbələrin istifadəsinə verilib

 

Bu günlərdə ATU-nun Farmakologiya kafedrasının professoru Vəli Əsmətov, kafedranın müdiri, professor Musa Qəniyev və kafedranın baş müəllimi, ə.ü.f.d.  Gülnarə Qasımovanın həmmüəllifliyi ilə “Farmakologiya. Təcrübə-məşğələ dərslərinə rəhbərlik” adlı dərsliyin 1-ci nəşri çapdan çıxıb.

Farmakologiya fənninin tədris proqramı əsasında yazılan və 370 səhifədən ibarət olan bu kitab nəfis tərtibatla çap edilib. Dərslik Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı əsasında təsdiq edilib və ATU-nun bütün tələbələri üçün nəzərdə tutulub.

İki bölmədən ibarət olan dərsliyin birinci bölməsi ümumi farmakologiyaya həsr olunub. Burada dərman maddələrinin farmakokinetikası və farmakodinamikasının ümumi qanunauyğunluqları barədə məlumatlar illüstrasiyalarla zənginləşdirilmiş şəkildə verilib. Kitabın ikinci bölməsi isə xüsusi farmakologiyanı əhatə edir və o, farmakologiya fənninin müasir tədris proqramına uyğun olaraq tərtib edilib. Bu bölmədə ümumilikdə xüsusi farmakologiyaya aid olunan dərman maddələrinin istifadə sahələri, ən müasir təsnifatları, ayrı-ayrı dərman maddələri üçün xarakterik xüsusiyyətlər, əsas və əlavə effektləri, istifadələrinə əks göstəriş barədə məlumat verilir.

Bütün bunlarla yanaşı, tələbələrin kafedrada öyrəndikləri dərman maddələrinin eksperimental təcrübələrdə effektlərini özlərinin müşahidə etməsi məqsədilə kitabda hansı bölmələrə aid hansı eksperimental işi sərbəst şəkildə, heyvanlarla humanist davranmaq şərtilə, həyata keçirmələri üçün təcrübələrin gedişi barədə məlumatlar verilib. Hər mövzunun sonunda farmakoterapiya sualları qoyulub ki, bu da tələbələrin sərbəst çalışmasına və öyrəndikləri dərman maddələrinə aid hansısa xəstəliklərin müalicəsi üçün resept yazmağa kömək edəcək.

Dərslik dərmanların Azərbaycan və latin dilində adlarının düzgün yazılması, formasından asılı olaraq buraxılış dozaları və istifadə dozaları göstərilməklə yekunlaşır.

Kitab farmakologiya elminin tibb, hərbi tibb, stomatologiya, ictimai səhiyyə və əczaçılıq fakultələrinin tələbələri tərəfindən mənimsənilməsi üçün Nazirlər Kabinetinin təsdiq etdiyi proqrama uyğun tərtib olunub. Həmçinin fənnin tədrisi ilə məşğul olan professor-müəllim heyəti, tədrisin rezidentura mərhələsində təhsil alan gənc həkimlər və bu elm sahəsilə məşğul olan tədqiqatçılar da dərslikdən istifadə edə bilər.