Görülən işlər keyfiyyətin yaxılaşmasına və tələbələrin razılığına səbəb olur
ATU-da imtahan sessiyası yekunlaşsa da, nəticələr hələ də müzakirə olunmaqdadır. Əslində imtahan geniş tədris prosesinin yalnız bir hissəsidir. Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov imtahana qədər bu sahədə görülən işlərin əhəmiyyətindən danışıb.
O, ayda bir dəfə kafedraların tədris işləri üzrə müdir müavinlərinin iştirakı ilə görüş keçirildiyini və bu görüşə Tədris departamentinin Dərs verənlərlə iş şöbəsinin müdirinin, əgər zərurət yaranarsa İmtahan Mərkəzinin direktorunun, fənn ekspertlərinin də dəvət edildiyini bildirib. K.Yaqubov bu görüşlər zamanı diqqət mərkəzində saxlanılması tövsiyə olunan vacib məqamlara toxunub: “Universitetimizin müxtəlif qurumları tərəfindən əməkdaşların nizam-intizam prosesləri ilə əlaqədar aparılan yoxlamaların nəticələrinin təhlili onu göstərir ki, biz işimizi semestr başlayandan daha fəal formada qurmalıyıq. Yoxlamaların effektivliyi üçün kafedranı yoxlamağa gedən əməkdaşlar hansı qrupun bölgüdə kimə düşdüyünü bilməlidir. Bir həftə müddətində qrupların əməkdaşlar arasında bölgüsünün siyahısı, başqa sözlə desək, bir müəllimin ştat vahidinə uyğun olaraq iş qrafiki fakültə dekanlığına və Tədris departamentinə verilməlidir. Çünki mövcud Əmək Məcəlləsinin təlimatına əsasən, bir ştatda olan əməkdaşın həftəlik iş vaxtı 36 saatdır. Müvafiq olaraq saatların miqdarı 0,5 ştatda onun yarısı, 0,25 ştatda isə dörddə biri qədərdir. Ona görə də yoxlamaya gedənlərin həmin gün kafedrada hansı əməkdaşın saat neçədən neçəyə qədər işdə olması haqqında dəqiq məlumatı olur. Əvvəllər kafedra müdirinin və yaxud başqa bir məsul şəxsin fərqli ştatlarda olan əməkdaşlarla bağlı fərqli saatlar göstərməsi müəyyən problemlər yaradırdı”.
Departament rəhbərinin sözlərinə görə, diqqət mərkəzində saxlanılması tövsiyə olunan digər məsələ kafedralarda artıq dərs saatlarının əməkdaşlar arasında bölgüsü və əməkhaqqının ödənilməsi ilə bağlıdir: “Kafedralarda dərs saatlarının bölgüsü semestrin əvvəlində aparıldığından, bəzi kafedra müdirləri, eləcə də digər əməkdaşlar rektora müraciət edirlər ki, semestrin yarısında əməkhaqları ödənilsin. Amma təlimata uyğun olaraq, həmin dərs saatlarının ödənişi ildə bir dəfə, tədris ili başa çatdıqdan sonra aparılır. Təbii ki, semestrin yarısında da ödənişlər aparıla bilər. Bu, yalnız iki halda - kənardan əməkdaş cəlb olunduqda və ya ödənişli əsaslarla yaradılmış təkrar dinləmə qruplarında mümkündür”.
Tədris prosesində aparılan islahatların cari qiymətləndirməyə də təsir göstərdiyini deyən dosent K.Yaqubov qeyd edib ki, Böyük Elmi Şuranın qərarı ilə artıq kolleqium semestrdə 3 dəfə yox, bir dəfə aparılır: “I kursda tələbə kolleqiumdan 40 bal, digər kurslarda isə 30 bal toplaya bilər. Bu semestr cari qiymətləndirmənin vaxtı isə aprel ayının 10-dan başlanacaq. Bu tarix ona görə seçilib ki, 8 Mart və Novruz bayramı günlərindəki dərs proqramları o vaxta qədər tələbələrə tədris olunsun və keçilməyən mövzu kolleqiuma düşməsin. Görüşlərdə iştirak edən əməkdaşlara tövsiyə olunub ki, Müalicə və Stomatologiya fakültələrində mühazirə materialları kolleqiumda yox, imtahan suallarında öz əksini tapsın. Çünki tələbə sayı çox olan fakültələrin bəzi qrup birləşmələrində mühazırə əvvəl, bəzilərində isə sonra başlayır ki, bu da kolleqiumda problemlərə, konkret olaraq apellyasiya şikayətlərinin artmasına gətirib çıxarır. Nəhayət, həmin iclasda tövsiyə olunan əsas məsələlərdən biri də kafedradan çıxan və kafedraya daxil olan sənədlərin icraatı ilə əlaqədardır. Çalışırıq ki, ilin sonunda Elm və Təhsil Nazirliyi tərəfindən aparılması nəzərdə tutulan yoxlamalara qədər bu sənədlər qaydasında olsun”.
K.Yaqubov onu da diqqətə çatdırıb ki, tələbələrin imtahan nəticələrinin vaxtında ETS-də yerləşdirilməməsi müəyyən problemlər yaradır. Bu və digər başqa səbəblərdən tələbələrin təqaüdlərinin hazırlanıb əmrləşdirilməsində ləngimələr baş verir. O, kafedra müdirləri, tədris işləri üzrə müdir müavinləri və fənn ekspertləri ilə ayrı-ayrılıqda keçirilən görüşlərdən də danışıb.
“Problemli testlər kolleqium və imtahan zamanı apellyasiya şikayətinin çoxluğu ilə yanaşı, imtahan vərəqinin yenidən işlənməsi zərurətini də ortaya qoyur” – deyə vurğulayan departamentin sədri, əvvəlki illərlə müqayisədə bu səpkili problemlərin xeyli azaldığını söyləyib. Əsas məsuliyyətin kafedra müdirlərinin üzərinə düşdüyünü bildirərək, artıq kafedraların çoxunda mövcud problemlərin diqqətlə təhlil olunduğunu deyib. Xatırladıb ki, həm davamiyyət balının, həm də kolleqiumun nəticələrinin sistemə işlənməsində yol verilən nöqsanlar tədricən aradan qaldırılır. Həmçinin ETS-də problem yaradan müəllimlərin sayı azalıb. Hər kafedra sərbəst işləri bacarıq və yaxud təqdimat formasında yerinə yetirmək istədikləri barədə Tədris departamentinə müraciət edir. Departament isə təqdim olunan siyahını nəzərə alaraq, bu istiqamətdə öz işini planlaşdırır.