Bu sınıqlar barədə ilk məlumatlar Hippokrata məxsusdur. Suprakondilyar humerus sınıqları 5-10 yaş arası uşaqlarda dirsək sınıqlarının 70%-ni təşkil edir. Bu sınıqlar daha çox açıq əl üzərinə və dirsək üzərinə yıxılma nəticəsində baş verir. Ümumiyyətlə dirsək oynağı 3 sümükdən (humerus, ulna, radius) təşkil olunmuşdur. Oynaq kompleks hərəkətə malikdir. Dirsək oynağı radiohumeral hissəsində pronatsio-supinatsio, ulnahumeral hissəsində isə fleksiya və ekstensiya hərəkətləri baş verir. Suprakondilyar sınıqlar bükmə və açma tərzində olur. 98% halda isə açma tərzində olur.
Uşaq yaşlarında sümükləşmə vəziyyəti və sümükləşmə nöqtələrinin fərqliliyini nəzərə alsaq dirsək oynağında bir neçə sümükləşmə nöqtələri vardır. Bunlar kapitulum (2 yaş), radius başı (3 yaş), medial kondilus (5 yaş), troxlea (7 yaş), olekranon (9 yaş) və lateral kondilus (13 yaş) olaraq müəyyən edilmişdir.
Suprakondilyar sınıqlar əsasən 1959-cu ildə irəli sürülmüş Gartland təsnifatına əsasən sinifləndirilir.
Suprakondilyar sınıqların baş vermə mexanizmə gəldikdə, bu sınıqlar 98% hallarda açıq əl üzərinə yıxılma nəticəsində baş verir. Bu zaman fleksor qrup əzələlər tamamilə boşaldığı üçün dirsək oynağı sümüklərinə mexaniki dəstək verə bilmir. Həmçinin 3-10 yaş arası uşaqlarda bazu sümüyünün metafizi həmin bölgədə keçici zəif olur.
Suprakondilyar sınıqların diaqnozunda əsas göstərici dəqiq fizikal müayinədən başlayır. Dirsək bölgəsi şişkin, deformasiyalı görünür. Xəstələrin üzündə kəskin ağrı ifadəsi diqqəti cəlb edir. Bu patologiyalar zamanı nevroloji müayinə çox önəmlidir. Bölgədən keçən hər üç periferik sinir müayinə olunmalıdır və daha sonra radial arteriyanın pulsasiyası yoxlanılmalıdır. R-qrafiya zamanı həm ön, həm də yan proyeksiyalar önəmlidir. Yan proyeksiyada diqqıt edilməli əsas göstərici ondan ibarətdir ki, normal halda bazunun ön korteksindən keçən xəyali xətt kapitulumla kəsişməlidir. Ön proyeksiyada isə Bauman bucağına diqqət edirik. Bu bucaq lateral epifizial xəttlə bazunun cisminə paralel göndərilmiş xətt arasındakı bucaqdır (Norma 85-89 dərəcə)
Suprakondilyar sınıqların müalicəsinə gəldikdə Tip1 və Tip2 sınıqlar konservativ müalicə edilməlidir. Bu zaman qol, bazunun orta 1/3 hissəsinə qədər sirkulyar gips langeti ilə immobilizasiya edilməlidir. Langetin saxlanılma müddəti 3 həftədən az olmamalıdır. Langet goyulduqdan sonra mütləq biləkdə pulsasiyanın olub-olmaması kontrol edilməlidir. Bu ətrafda qan dolaşımını təmin etmək üçün önəmlidir. Tip3 sınıqlar isə mütləq cərrahi müdaxilə gərəkdirən bir durumdur. Cərrahi müdaxilə zamanı Kişner telləri ilə fiksasiyaya üstünlük verilir. Epifizar zonadan maksimum 3 ədəd tel keçirilmək şərti ilə cərrahın seçiminə görə ya lateral, ya da çarpaz pinləmə istifadə olunur. Çarpaz pinləmə texniki olaraq çətin olsa da, stabilizasiya baxımından mexaniki etibarlılığı daha yüksəkdir.
Nəzərinizə çatdırmaq istəyirik ki, 2014-cü ilin birinci yarısında ATU-nun Tədris Cərrahiyyə Klinikasında 6 Tip3 suprakondilyar sınıq əməliyyatı etmişik. Xəstələrin orta yaş qrupu 4-10 arası dəyişirdi və hamısı oğlan uşaqları idi. Bütün xəstələrdə cərrahi açıq fiksasiya 2 ədəd Kişner teli vasitəsilə aparıldı və ətraf gips langeti ilə ən azı 4 həftə immobilizasiya edildi. Əməliyyatlar fəsadsız keçdi və post operativ kontraktura müşahidə edilmədi. Ancaq bir xəstədə, median sinirin anterior interosseus şaxəsi zədələnərək onun innervasiya etdiyi motor zona defisiti müşahidə edildi.
Müəlliflər: t.e.n. Uzm. Dr. Cəfər Nəsirli, Dr. Nicat Səttarov, Dr. Qail Qasımov, Dr. Emil Qəhrəmanov.