Tələbələrimizin elmi-tədqiqat işlərinə marağı yüksəlir
İctimai səhiyyə fakültəsi üzrə məruzələrin sayı bir ildə iki dəfəyə yaxın artıb
Martın 29-da ATU-nun İctimai səhiyyə fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Düşüncədən elmi uğura doğru” başlığı altında 46-cı konfransı keçirilib. Tədbir 3 bölmə - İctimai sağlamlıq; Biokimya, epidemiologiya və yoluxucu xəstəliklər; Mikrobiologiya və ağciyər xəstəlikləri üzrə təşkil olunub.
Konfransı açan fakültə dekanı, dosent Qalina Qəniyeva bildirib ki, TEC-in bu ilki konfransı Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın yüz illiklərinə təsadüf edir.
Tədbirdə çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov tələbələrə təcrübi biliklərin aşılanmasında, onların elmi-tədqiqat işinə maraqlarının artırılmasında və gələcəyin mütəxəssisi kimi yetişdirilməsində TEC-in böyük əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, ildən-ilə bu cəmiyyətlərdə iştirak etmək istəyənlərin sayı artır: “Məlumat üçün bildirim ki, vaxtilə mən 20 il TEC-in rəhbəri olmuşam. Bu gün çox sevindirici haldır ki, TEC öz işini təkmilləşdirir və tələbələrimizin elmi-tədqiqat işlərinə marağı çoxalır. Ötən il konfransda məruzələrin sayı 45 idisə, bu il artıq 80-ə yaxın məruzəçi iştirak edir. Bildiyiniz kimi, universitetimizdə 3 mindən çox xarici tələbə təhsil alır. Onların 27 nəfəri TEC-in üzvü olmaq üçün bizə müraciət edib. Bu müraciətlər nəzərə alınıb və İraq Respublikasından olan tələbəmiz elmi işlə məşğul olmaq istəyən əcnəbilərə rəhbər təyin olunub”. Çıxışının sonunda iştirakçılara ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından uğur diləyən prorektor bildirib ki, bu il 6 nəfər tələbəmiz seçilərək, TEC-in beynəlxalq konfransında iştirak edəcək.
ATU TEC-in sədri, dosent Müşfiq Həsənov çıxışında rəhbərlik etdiyi qurumun universitetin ictimai təşkilatı kimi fəaliyyət göstərdiyini xatırladıb və təşkilatda aparılan islahat və yeniliklərdən söhbət açıb. TEC-in sədri məlumat verib ki, bu konfrans dünyanı cənginə almış COVID pandemiyasından sonra ilk ənənəvi toplantıdır. Təşkilatın sıralarının ildən-ilə genişləndiyini deyən M.Həsənov bu il konfransa təqdim edilən işlərin öz aktuallığı ilə seçildiyini də dilə gətirib. O, məruzələrin əksəriyyətinin müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqləndiyini, təqdim olunan mövzuların təbabətdə həllini gözləyən problemlərə həsr olunduğunu vurğulayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Sonra TEC-nin elmi rəhbəri, dosent Fərəh Baxışlı konfransda dinləniləcək məruzələr, konfransın gündəliyi, reqlamenti barədə məlumat verib. Qeyd edib ki, bu konfransın qısa müddətdə təşkilində həm ayrı-ayrı kafedralar üzrə TEC rəhbərlərinin, həm də tələbələrin böyük əməyi var.
Bundan sonra fakültə üzrə TEC sədri Fəridə Məmmədovanın təqdimatı ilə panel iclaslara başlanılıb və söz tədqiqatçı tələbələrə verilib.
İki gün davam edən konfransda proqrama əsasən İctimai sağlamlıq üzrə 22, Biokimya, epidemiologiya və yoluxucu xəstəliklər üzrə 22, Mikrobiologiya və ağciyər xəstəlikləri üzrə isə 31 məruzə dinlənilib.
Sonda TEC-in fəaliyyətini daha da yaxşılaşdırmaq üçün təkliflər irəli sürülüb, maraqlı müzakirələr aparılıb və sual-cavablarla konfrans öz işini başa çatdırıb.
Tədbirin sonunda tədqiqat işini yerinə yetirən tələbələrə sertifikatlar, ən fəal iştirak edən müəllimlərə isə diplomlar təqdim olunub.