Antibiotiklər karlığa səbəb ola bilər
- Vəfa müəllim, ilk öncə bilmək istərdik ki, hansı halda və hansı yaşdan sonra eşitmə problemləri yarana bilər?
- Eşitmə problemlərinin yaranmasında bir çox səbəblər rol oynayır və yaş həddindən asılı deyil. Əsas səbəblərdən antibiotiklərin nəzarətsiz istifadəsi, boyun fəqərələrinin osteoxondrozu, şəkərli diabet, küylü mühit, kəllə-beyin zədələnmələri və s. qeyd etmək olar.
Adətən ağıreşitmə anadangəlmə və sonradan qazanılmış olur. Yenidoğulmuşlarda anadangəlmə ağıreşitmə ananın hamiləlik zamanı keçirdiyi xəstəliklərdən, travmatik, kimyəvi və toksik təsirlərdən əmələ gələ bilər. Bundan əlavə, ağıreşitmə və karlığın anadangəlmə forması valideynlər arasında bağlanan qohum nikahları nəticəsində yarana bilər. Xəstəliyin əmələ gəlməsində irsiyyətin böyük əhəmiyyəti var. Belə ki, eşitmə qabiliyyətinin anadangəlmə pozulmalarının 11%-i genetik səbəbdən yaranır.
Sonradan qazanılma ağıreşitmə keçirilən xəstəliklər nəticəsində yarana bilər. Burada əsasən virusların mənşəyi mühüm rol oynayır. Ümumi müqavimətin zəifləməsi və endokrin pozulmalar xəstəliyin inkişafına təkan verir. Bəzi hallarda ani eşitmə itkisi müşahidə olunur. Bu, arterial təzyiqinin yüksəlməsi və eşitmə orqanına qansızma nəticəsində əmələ gəlir.
Ağıreşitmə və karlığın digər növü yaşla əlaqədardır və “Presbiacusis” adlanır. Adətən bu növ ağıreşitmə 50 yaşdan sonra başlayır və qocalıqda tam karlıqla nəticələnə bilər. Beynəlxalq standartlara əsasən, ağıreşitmənin 5 dərəcəsi var: yüngül, orta, ağır, çox ağır və karlıq.
- Bəs hansı halda eşitmə aparatından istifadə edilməlidir?
- Müalicə üsullarına tabe olmayan hallarda eşitmə cihazlarından istifadə olunur. Eşitmə qabiliyyətinin bir sıra pozulmaları zamanı müalicə üsullarından istifadə edərək, müsbət nəticə əldə etmək olur. Digər xəstəliklər cərrahi müdaxilələr vasitəsilə aradan qaldırılır. Hər iki müalicə növünə tabe olmayan xəstəlik eşitmə sinirində olan pozulmalardır. Bu pozulmalar sensonevral ağıreşitmə və karlıq adlanır. Xəstəliyə bütün yaşlarda rast gəlinə bilər.
Eşitmə cihazlarının iki növü olur: analoqlu və rəqəmsal. Analoqlu cihazlar səsgücləndirici rolunu yerinə yetirirlər və artıq gündəmdən çıxırlar. Rəqəmsal cihazlar isə fərdi qaydada seçilir və müayinə aparılandan sonra təyin olunur. Rəqəmsal tipli cihazlar eşitmə pozulması olan zonanı bərpa edir, qulaqda əlavə küyləri aradan qaldırır. Cihaz bir və ya hər iki qulağa tətbiq oluna bilər.
- Cərrahi müdaxilələrlə eşitmə problemini tam aradan qaldırmaq mümkündürmü?
- Qulaq cərrahiyyəsində bir sıra eşitmə bərpaedici əməliyyatlar var. İnsanın eşitmə orqanı səskeçirici və səs qəbuledici hissələrdən ibarətdir. Səskeçirici hissəsində yaranan xəstəliklər zamanı cərrahi əməliyyatlar müsbət nəticə verir. Bu əməliyyatlar xarici qulaq kanalında, təbil pərdəsində, eşitmə sümükcüklərində və təbil boşluğunda aparılır.
Ötən əsrin axırlarından cərrahi müdaxilələr daxili qulaqda müvəfəqiyyətlə tətbiq edilməyə başlayıb. Daxili qulaqda səs qəbuledici orqanın pozulmaları zamanı ilbizə elektrod yeridilir və beləliklə, səs dalğaları birbaşa eşitmə reseptorlarına ötürülür. Bu eşitmənin bərpaedici əməliyyatı koxlear implantasiya adlanır.
- Uşaqlarda eşitmə probleminin yaranma səbəbi əsasən nələrdir?
- Uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər. Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə problemi yaranma riski yüksəkdir. Adətən uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər. Yəni, antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır.
Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabliyyətinin pozulmasına səbəb olur. Belə ki, adenoid adlanan udlaq badamcığı burunudlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır.