Rektor, professor Gəray Gəraybəyli: Xarici tələbələrimizin sayının artması bizdən dərsin keyfiyyətini və tədris vəsaitlərinin müasirliyini tələb edir
Martın 30-da Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilk öncə ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin öz ərizəsinə əsasən səhiyyə nazirinin əmri ilə vəzifəsindən azad edildiyini və Fərid Eyvazovun klinikaya direktor təyin olunduğunu bildirib. Rektor yeni direktoru Şura üzvlərinə təqdim edərək vurğulayıb ki, F.Eyvazov bizim universitetin məzunudur və çalışdığı sahə üzrə bacarıqlı mütəxəssisdir.
Bundan sonra professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Ardınca Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayevin “Azərbaycan Tibb Universitetinin 2022-ci il ərzində beynəlxalq əlaqələri və qarşıda duran vəzifələr” adlı hesabat məruzəsi dinlənilib.
Çıxışında universitetin beynəlxalq əlaqələrindən geniş bəhs edən prorektor hesabat dövründə bir çox nailiyyətlərin əldə edilməsindən və prorektorluğun hesabat ili ərzində gördüyü işlərdən danışıb. Xarici tələbələrin sayının ildən-ilə artdığını və ATU-nun beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndiyini söyləyən prorektor, slayd vasitəsilə bu günkü mənzərəni müqayisəli formada təqdim edib. Bildirilib ki, Beynəlxalq əlaqələr üzrə prorektorun kurasiya etdiyi struktur vahidlərinə Xarici tələbələrlə iş üzrə dekanlıq və Beynəlxalq əlaqələr şöbəsi də daxildir.
Sözünə davam edən O.İsayev nəzərə çatdırıb ki, Azərbaycanda təhsil alan əcnəbilərin hər üç nəfərindən biri ATU-da təhsil alır və universitetimiz əcnəbi tələbələrin cəlbinin təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqləndiyinə görə bu günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib: “Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Elm və Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında Azərbaycan Tibb Universiteti 2501 tələbə ilə ölkədə lider mövqe tutub. Qeyd edim ki, bura Hazırlıq kursunda təhsil alan dinləyicilər daxil edilməyib. Nazirlik əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi kimi meyarları nəzərə alıb. Ümumilikdə isə hazırda ATU-da hazırlıq kursu, baza ali tibb təhsili, bakalavr, rezidentura, magistratura və doktorantura pillələri üzrə 48 ölkədən 2873 nəfər əcnəbi təhsil alır. Baza ali tibb təhsili və bakalavr pilləsində 2384 nəfər, rezidenturada 73, magistraturada 2, doktoranturada 1, hazırlıq kursunda isə 413 nəfər. Cədvələ diqqət yetirsək görə bilərik ki, son ildə əcnəbi tələbələrin sayı öncəki ilə nisbətdə artıb. Belə ki, universitetimizdə 2021-2022-ci tədris ilində 2801 əcnəbi tələbə təhsil alırdısa, hazırda bu rəqəm 2873-dür. Əcnəbi tələbələrin təmsil etdiyi ölkələrə isə 1069 nəfərlə qardaş Türkiyə liderlik edir. İkinci yeri 902 nəfərlə İrandan olan tələbələr, növbəti yerləri İraq, Suriya, Hindistan, Rusiya, İordaniya və s. ölkələrdən olan tələbələr tutur”.
Prorektorun sözlərinə görə, ATU-nun tədris proqramlarının akkreditasiyadan uğurla keçməsi xarici ölkələrdən olan tələbələrin sayına da öz təsirini göstərib. Bunu xüsusilə Hindistan, Pakistan və Suriya üzrə görmək olar: “Baza ali tibb təhsili və bakalavr pilləsi üzrə də keçən ilə nəzərən artım müşahidə olunur. 2021-2022-ci tədris ilində bu rəqəm 2222 nəfər olub, hazırda isə 2384. Onların fakültələr üzrə paylanmasına baxdıqda görürük ki, ən çox tələbə (884 nəfər) Stomatologiya fakültəsindədir. Digər yerləri isə 688 nəfərlə II Müalicə-profilaktika, 594 nəfərlə I Müalicə-profilaktika və 218 nəfərlə Əczaçılıq fakültələri tutur. Tələbələrin təhsil aldıqları tədris dilinə baxsaq, ən çox tələbə - 1225 nəfər Azərbaycan dilində təhsil alır. 1096 nəfərin təhsili ingilis, 63 nəfərinki isə rus dilindədir. İngilis dilində təhsil alanların sayının artması bizdən müvafiq addımlar atmağı və ingilisdilli müəllimlərin daha çox olmasını tələb edir.
Hazırda hazırlıq kursunda 413 nəfər təhsil alır. Dinləyicilərin fakültələr üzrə paylanmasına baxdıqda, ən çox dinləyici müalicə işi ixtisasını seçib və 199 nəfərdir. 177 nəfər stomatologiya və 29 nəfər isə əczaçılığı seçib. Əczaçılıq fakültəsi üzrə azalma haqqında ətraflı analizə ehtiyac var. Bölmələr üzrə Azərbaycan dilində 251 nəfər, ingilis dilində 160 nəfər və rus dilində 2 nəfər təhsil alır”.
Rezidenturaya əcnəbi vətəndaşların qəbulunun universitetin rektoru tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən aparıldığını deyən O.İsayev bildirib ki, son 5 ildə bu komissiyaya o özü sədrlik edir və bura qəbul edilən əcnəbilərin sayında da artım hiss olunur: “2021-2022-ci ildə 23, 2022-2023-ci ildə isə 25 nəfər qəbul edilib. Hazırda ATU-da 16 ölkədən 73 nəfər rezident təhsil alır. Ölkələr üzrə paylanmasına baxsaq, birinci yerdə 27 nəfərlə Rusiya, ikinci yerdə Türkiyə, 3-cü yerdə isə İran gəlir. İxtisaslar üzrə təsnifatlaşdırsaq, ən çox tələbə mama-ginekologiya ixtisası üzrə təhsil alır. Növbəti 11 nəfər dermatovenerologiya, 9 nəfər şüa-diaqnostika, 7 nəfər ağız və üz-çənə cərrahiyyəsi, 5 nəfər oftalmologiya, 3 nəfər plastik cərrahiyyə, 3 nəfər ortopedik stomatologiya və 19 nəfər digər 14 ixtisas üzrə təhsil alır. Hazırda magistratura səviyyəsi üzrə 2 nəfər - 1-i əczaçılıq texnologiyası, 1-i isə səhiyyə menecmenti ixtisası üzrə təhsil alır. 1 nəfər Kamerun vətəndaşı magistraturanı ötən il bitirib. Həmçinin doktorantura üzrə 1 nəfər təhsil alır və ixtisası ürək-damar cərrahiyyəsidir. Təbii ki, ATU-nun potensialını nəzərə alsaq, bu rəqəmləri artırmaq mümkündür”.
Əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin ATU-ya qəbulunun 2018-ci ildən elektron formada, admission.amu.edu.az veb portalı üzərindən aparıldığını bildirən məruzəçi, illər üzrə portala edilmiş müraciətlər, qəbul olunanlar və müsahibədən keçə bilməyənlərin sayının nümayiş etdirilən infoqramda əks olunduğunu söyləyib: “Cədvəldən də göründüyü kimi, müraciət etmiş şəxslərin orta hesabla 60-70 faizə qədəri universitetə qəbul olunub. Hörmətli Gəray müəllimlə dəfələrlə apardığımız müzakirələrdə ATU-ya qəbul olunacaq əcnəbilərin sayının artırılması və bu istiqamətdə görüləcək işlər barəsində fəaliyyət planının hazırlanması ideyası məqsədəuyğun hesab edilib.
Çıxışında miqrasiya mövzusuna da yer ayıran natiq bildirib ki, Xarici tələbələrlə iş üzrə dekanlığın funksiyalarından biri də əcnəbilərin miqrasiya məsələlərinə dəstək verməkdir: “İldən-ilə əcnəbi tələbələrin sayının artması ilə əlaqədar olaraq, universitet bəzi addımlar atıb. Fürsətdən istifadə edərək rektorumuza öz təşəkkürümüzü bildirmək istərdik ki, dekanlığa yeni koordinator işə götürülüb.
Diqqətinizə çatdırım ki, cənab Prezidentimizin 6 dekabr 2017-ci il tarixli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilib. Bu yolla ATU-da 33 tələbə təhsil alır”.
Hesabat dövrü ərzində keçirilən mühüm tədbirlərə və cari məsələlərə də toxunan O.İsayev 30 xarici tələbənin BAMF-ın keçirdiyi təhsil layihəsində iştirak etdiyini, portal.edu.az və atis.edu.az veb portallarına yeni məsul işçi götürüldüyünü, hazırlıq kursuna daxil olan bütün əcnəbi vətəndaşların tibbi sığorta olunduğunu, hazırlıq kursunda sillabusların yenilənməsinə başlanıldığın deyib, eləcə də bir sıra təkliflərini diqqətə çatdırıb.
İclasda çıxış edən Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev və Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli hesabatı müsbət qiymətləndirməklə yanaşı, universitetimizin son zamanlar beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən məmnunluqla bəhs ediblər. Onlar kafedraların beynəlxalq əlaqələrinə toxunub, həmçinin əməkdaşların xarici ölkələrə səfərləri zamanı səmərəli əməkdaşlıq nəticəsində faydalı işlər ortaya qoyulduğunu vurğulayıblar. Çıxış edənlər bütün bunlarla yanaşı, həm də mövcud problemlərin həlli istiqamətində öz təklif və rəylərini dilə gətiriblər.
Çıxışları yekunlaşdıran professor Gəray Gəraybəyli hesabatı qənaətbəxş hesab etdiyini və hər bir ali məktəbdə xarici tələbələrin sayının çox olmasının onun beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi qəbul edildiyini deyib. Diqqəti beynəlxalq münasibətlərə yönəldən universitetin rəhbəri müəllimlərin ingilis dilini mənimsəməsini önə çəkib və gələcəkdə əcnəbi tələbələrin sayının daha da artırılması istiqamətində səmərəli addımların atılmasının vacibliyini vurğulayıb: “Xarici tələbələrimizin sayı 3000-ə yaxınlaşır, bu fərəhləndirici haldır. Əlbəttə ki, bu, ATU-nun nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də universitetin fəaliyyətinə maddi baxımdan müsbət təsir edir. Lakin onların sayı artdıqca, problemlərin də sayı artır. Çünki ingilis dilini bilən müəllimlərə də tələbat artır. Tələbələrin sosial şəraitini də nəzərə alsaq, bu da əlavə bir çətinlikdir. Ona görə də bu məsələləri nəzərə almaqla, həm xarici tələbələrimizin sayını çoxaltmalı, həm də bizimlə əməkdaşlıq edən ölkələrin coğrafiyasını genişləndirməliyik. Artıq neçə ildir ki, bizə müraciət edən xarici tələbələrin sayındakı artımı nəzərə alıb, onların arasında seçim apara bilirik. Bu da bizdən dərsin keyfiyyətini və tədris vəsaitlərinin müasirliyini tələb edir. Müxtəlif dövlətlərin nümayəndələri, o cümlədən ölkəmizdəki səfirləri ilə görüşlərimdə onlar haqlı olaraq həmvətənlərinin Azərbaycanda ingilis dilində təhsil almaq istədiklərini bildirirlər”.
Tədris prosesinin zamanın tələbləri səviyyəsində qurulmasının, beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu vurğulayan rektor, nəzərə çatdırıb ki, gələcəkdə işə qəbul olunan hər bir mütəxəssisin ümumi biliyi ilə yanaşı, ingilis dili biliyi də yoxlanılmalıdır: “Artıq neçə ildir ki, biz ingilis dili kurslarının hazırlığına başlamışıq, bu, müəllimlərimizin dil biliklərinin təkmilləşməsində mühüm rol oynayacaq. Qarşımızda duran əsas məsələ beynəlxalq proqramlarda bizim müəllim-tələbə heyətinin aktiv iştirak etməsi və dünyanın qabaqcıl elm qurumları ilə daha yaxın əlaqələr yaratmaqdır. Bildiyiniz kimi, beynəlxalq aləmə çıxışımız getdikcə genişlənir və bir sıra universitetlərlə ikitərəfli memorandumlar imzalamışıq”.
Müxtəlif məsələlərə də toxunan professor G.Gəraybəyli bildirib ki, bu günlərdə Travmatologiya və ortopediya kafedrasının professoru, t.e.d. Eldar Abbasov bu kafedraya məsləhətçi-professor, Ailə təbabəti kafedrasının məsləhətçi-professoru, t.e.d. Cəbrayıl Məmmədov isə yenidən həmin kafedraya məsləhətçi-professor seçilməsi barədə müraciət ediblər.
Hər iki müraciəti təsdiqləyən Şura, İran İslam Respublikasının vətəndaşı Ali Soltani Germi Masoudun təhsil xərcinin ATU-nun daxili imkanları hesabına ödənilməsi və Türkiyə Cümhuriyyəti vətəndaşı Hatice İlik tərəfindən ATU-ya ödənilmiş məbləğin geri qaytarılması məsələlərinə də münasibət bildirib.
Böyük Elmi Şura elmlər doktoru işlərinin mövzusu və elmi məsləhətçini, eləcə də dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləməklə və müsabiqə məsələlərini həll etməklə öz işini başa çatdırıb.