Maraqla qarşılanan görüşün mövzusunu tələbələr özü seçmişdi
Martın 29-da ATU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Psixiatriya kafedrasının assistenti, həkim-psixiatr Nəsimi Vahabovla görüş keçirilib. Tələbə auditoriyasında “Stres və təşviş pozuntuları” mövzusunda məruzə ilə çıxış edən N.Vahabov tələbə auditoriyasında “Stres və təşviş pozuntuları” mövzusunda məruzə ilə çıxış edib.
O, təqdimatdan öncə özü haqda qısa məlumat verərək tələbəlik illərindən psixiatriya sahəsini seçdiyini, 2007-ci ildən isə Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzində işlədiyini, zaman-zaman Türkiyədə kurs və seminarlarda, konfranslarda iştirak etdiyini deyib. Tələbə vaxtından mühazirə tipli, birtərəfli çıxışları sevmədiyini söyləyən həkim-psixiatr, bugünkü müzakirələri də interaktiv şəkildə keçirməyə çalışacağını bildirib. Qeyd edib ki, adıçəkilən mövzu görüşdən əvvəl tələbələr arasında aparılan sorğunun nəticələrinə görə seçilib: “Çoxluq stres və təşviş pozuntularından danışmağımızı istədi. Əslində hər iki mövzuya dair ayrıca təqdimat etmək olardı. Amma vaxt məhdudiyyətini nəzərə alaraq mövzuları birləşdirdik. Stres haqqında ilk təsvir kanadalı patoloq Hans Selyeyə məxsusdur. O öz fikrini obrazlı şəkildə ifadə edərək deyirdi ki, stres yalnız ölüm halında bizi tərk edir. Yəni nə qədər ki sağıq, həyatdayıq, stres daim bizimlədir. Stres deyəndə hərəmizin ağlına bir şey gəlir. Bunu stresin kənar təsirlərinə qarşı qoruyucu funksiyamızın məcmusu adlandırırıq”.
Stresin insana və onun sağlamlığına zərəri, ondan qurtulma yolları barədə danışan N.Vahabov, stresi əmələ gətirən amillər üzərində xüsusi dayanıb. Bildirib ki, qorxu, həyatımızdakı dəyişikliklər, yüksək hərarət, ürəkdöyünmə, təngnəfəslik, əlin tərləməsi stresin əsas əlamətləridir: “İlk mərhələ səfərbərlik mərhələsidir. Adından da göründüyü kimi, insan hər hansı bir stres amili ilə qarşılaşdıqda, narahatlıq yaranır və bu narahatlıq bəzi simptomlarla təzahür edir. Bundan sonra müqavimət mərhələsi gəlir. Bu mərhələdə insan daha çox sərbəstləşir, rahatlaşır və orqanizmin dirəniş qabiliyyəti yüksəlir. Təbii ki, müqavimət gücü hər kəsdə eyni deyil və fərdi xarakter daşıyır. Tükənmə mərhələsi isə potensial mərhələdir. Əgər stres uzun müddət davam edərsə və yüksək səviyyədə qalarsa, tükənmə mərhələsinə gətirib çıxarır. Tükənmə mərhələsinin pik nöqtəsi ölümdür. Buna qədər müxtəlif fəsadlar, xəstəliklər, patologiyalar yarana bilər”.
Həkim-psixiatr, insanın bilərəkdən və bilməyərəkdən özünə stres amili yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, belə amillərdən biri də qorxu filmlərinə baxmaqdır: “Bu filmlər həyatı rəvan olan cəmiyyətlər üçündür. Bizim cəmiyyət isə streslə zəngindir. Gözlənilməz məqamlarla tez-tez qarşılaşırıq. Onu da deyim ki, kiçik streslərlə “bombalanmaq” insan üçün faydalıdır və lazımdır. Çünki bunlar olmadan insan xarici təhlükələrə qarşı müqavimət formalaşdıra bilməz. Böyük stres epizodu isə uzun müddət davam edərsə, insanı aşındırır. Belə vəziyyətlə qarşılaşanlar enerji potensialının tükənməsindən, gücsüzlükdən və yorğunluqdan şikayətlənirlər. Yəni psixikada da müqavimət gücü fərqlidir. Kiməsə güclü təsir göstərən hansısa amil bir başqasına zəif təsir göstərir”.
N.Vahabov məruzəsində təşviş pozuntularından da bəhs edib: “Məşhur filosof Con Lokkun təbirincə desək, təşviş gələcəkdə baş verə biləcək hadisələr haqqında narahatlıq hissidir, hansı ki onlar bir çox hallarda baş vermir. Təşviş üçün də risk amilləri, onu yaradan səbəblər, simptomlar var. Bunlar somatik və psixoloji simptomlardır. Həyəcan, gələcəklə bağlı narahatlıq hissi təşviş yaradır. Ən çox yayılmış növləri aqrofobiya, spesifik, sosial fobiyalar və panik pozuntudur. İzdihamdan, təkbaşına səyahət etməkdən, yüksəklikdən, qapalı yerlərdən qorxmaq müxtəlif təşviş pozuntularıdır. Daha çox hallarda panik pozuntu nəticəsində əmələ gəlir. Bəzi insanlar olmayan təhlükədən qorunduqlarını və hətta bunu bacardıqlarını düşünürlər. Əsas risk faktorlarından biri də travmalardır”.
Həkim-psixiatrın fikrincə, diqqət mərkəzində olmaq istəməmək, özünü aşağı qiymətləndirmək sosial fobiyalar içərisində ən geniş yayılanlardır. Spesifik fobiyaların sayı ədəbiyyatda 500 göstərilsə də, reallıqda daha çoxdur. Öz əlindən qorxmaq ən qeyri-adi spesifik fobiyalardandır.
Qorxu ilə fobiyanın fərqinə də aydınlıq gətirən mütəxəssis qeyd edib ki, ilanı görüb qorxmaq adekvat qorxu hissidir, ilan qorxusunu yaddan çıxarmamaq isə artıq fobiyadır: “Panik pozuntunun əsas əlaməti isə qəfil gəlməsi, döş sümüyünün arxasında şiddətli ağrı, sinənin sıxılması və çox pis bir şeyin olacağı barədə düşüncələr, təngnəfəslik, tərləmə, rəngin qızarması və ya avazımasıdır. Simptomlar tədricən deyil, sürətlə inkişaf edir. Generalizə olunmuş təşviş pozuntusu isə tədricən formalaşır və bu problemdən əziyyət çəkən şəxslərdə qeyri-müəyyən diskomfort vəziyyət yaranır. Bu problemləri aradan qaldırmaq üçün ilk növbədə həmin şəxslərə nə yaşadıqlarını anlatmaq, onları tam sağalacaqlarına inandırmaq və nəhayət cəmiyyətdə, dünyada bu cür şəxslərin çoxluğu barədə məlumatlandırmaqdır ki, mənfi mənada özlərinin qeyri-adi olduğunu düşünməsinlər. Lazım gələrsə, nəfəs təmrinləri və dərman müdaxiləsi də həyata keçirilə bilər”.
Tədbirin gedişində xüsusi test sualları vasitəsilə tələbələrin psixoloji çevikliyi də yoxlanılıb və hər kəs özünün streslərə qarşı müqavimət gücünün dərəcəsini əyani olaraq öyrənib.
Auditoriya ilə səmimi ünsiyyət yaradan Nəsimi Vahabov sonda tələbələrin mövzuya dair suallarını cavablandırıb və onlarla qarşılıqlı fikir mübadiləsi aparıb.