Azərbaycan Tibb Universitetində Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfransı keçirilib.
Konfransın əvvəlində görkəmli alim, oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Açılış nitqi ilə çıxış edən Əczaçılıq fakültəsi üzrə TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə Əliyevanın təbabətdə öz dəst-xətti olan alim olması ilə yanaşı, həm də əsl vətəndaş, xeyirxah insan olduğunu qeyd edib. Bu baxımdan TEC konfransının ikiqat böyük əhəmiyyət kəsb etdiyini bildirən N.Məmmədova qaliblərin seçim prosuduru haqqında da məlumat verib.
Sonra tələbələrin TEC konfransına hazırlıq prosesini əks etdirən videoçarx nümayiş etdirilib.
ATU-nun elmi işləri üzrə prorektoru, professor Rauf Bəylərov TEC konfranslarının tələbələrin gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq tədbirin görkəmli alim Zərifə Əliyevanın 100 illiyinə həsr edilməsinin təsadüfi olmadığını vurğulayıb: “Tanınmış oftalmoloq Zərifə xanım Əliyeva ölkəmizdə elmi kadrların formalaşması istiqamətində böyük işlər görüb, elmin özünə çox yeniliklər gətirib. Hər bir ölkənin inkişafı elmin inkişafından asılıdır. Sevindirici haldır ki, Tibb Universitetinin tələbələri arasında elmə olan maraq getdikcə artmaqdadır. Bu tip tədbirlərimiz məhz həmin marağın gücləndirilməsi, gənclərin inkişafı baxımından olduqca faydalıdır”. Prorektor R.Bəylərov çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilatı, tədris və metodik bölməsinin müdiri, t.ü.f.d. Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Zərifə xanım Azərbaycanda geniş yayılmış traxomanın müalicəsi, peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olub. O cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olub. Z.Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini deyən Yazgül ABdıyeva həmçnini Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.
ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli peşəkar oftalmoloq olan Zərifə Əliyevanın yaxşı həkim olması ilə yanaşı, həm də yaxşı insan kimi yaddaşlarda qaldığını qeyd edib: “Zərifə xanım həyatda iz qoyub getməyi bacaran insanlardandır. Dünya şöhrətli şəxsiyyətə ziyalı yoldaşı olmaq onun aliliyini göstərir. Zərifə xanım valideynlərinə layiqli bir övlad, sədaqətli ömür-gün yoldaşı və qayğıkeş ana idi. TEC konfransının bu cür şəxsiyyətin 100 illiyinə həsr edilməsi bizlər üçün böyük bayramdır. Məhz bu baxımdan fakültəmizdə həm dəyərli professor müəllim heyəti tərəfindən, həm də yüksək potensiala malik tələbələrimiz tərəfindən bu tədbirə böyük həvəslə hazırlıq gedirdi. Bu elm cəbhəsinin əsgərləri kimi konfrans iştirakçılarının hər birinə uğurlar arzu edirəm”.
ATU-nun TEC rəhbəri, dosent Müşfiq Həsənov da böyük ziyalı alim, oftalmoloq Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunduğu üçün bu tədbirin olduqca önəmli olduğunu bildirib. Məşhur alim, tanınmış həkim və istedadlı insan Zərifə Əliyevanın apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycanda təkcə oftalmologiya yox, ümumiyyətlə tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. TEC rəhbəri M.Həsənov tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Əczaçılıq üzrə TEC-in konfransına 71 tələbə 46 elmi işini təqdim edib. “AzerMed” QSC şirkətinin dəstəyi ilə baş tutan konfransın sonunda 15 elmi işin müəllifi mükafatlandırılıb. “Ən yaxşı poster”, “Ən yaxşı eksperimental iş”, “Ən yaxşı referativ iş” kimi nominasiyalar üzrə qalib olan tələbələrə diplom və xüsusi hədiyyə ilə yanaşı, 100 man pul mükafatı da təqdim edilib. Tədbir iştirakçılarından 6 nəfəri isə ATU-da keçiriləcək ulu öndər, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə çıxış etmək hüququ qazanıb.