Yazın ən aktiv xəstəlikləri - pollinoz və ya mövsümi allergiya.
Son zamanlar bir çox insanın əziyyət çəkdiyi xəstəliklər sırasında allergiya da var. Bu xəstəlik istər uşaqlar, istərsə də böyüklər arasında çox geniş yayılıb. Bəs allergiya sağala bilən xəstəlikdirmi və onunla necə mübarizə aparılmalıdır? Bu sualları ATU- nun Tədris Terapevtik Klinikasının allerqoloqu, t.e.n, dosent Tahirə Pənahova cavablandırıb.
Həkim bildirib ki, pollinoz geniş yayılmış allergik xəstəlikdir və tibdə bitki tozu allergiyası adlanır. Onun saman atəşi, polen rinopatiyası, polen bronxial astma, allergik rinokonjunktivit kimi bir sıra adları da var: “Yaz mövsümü üçün xarakterikdir. Bəzi ağaclara, otlara, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinoz latın sözündən götürülüb və tərcümədə tozcuq mənasını verir. Alimlərin məlumatlarına əsasən, dünya əhalisinin 10-15% bitki tozcuqlarına qarşı allergiyadan əziyyət cəkir. Pasientlərin çox hissəsini meqapolisdə yaşayan 10-30 yaşlı cavanlar təşkil edir. Kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir”.
T.Pənahovanın sözlərinə görə, əsas piki aprel ayına düşən pollinoz - burun və gözlərin selikli qişalarının ödemi, burun tutqunluğu, zökəm, asqırma, öskürək, boğulma, iybilmənin pozulması, qaşınma və dəri səpkiləri ilə xarakterizə olunur.
Pollinozun yaranma səbəblərindən danışan həkim vurğulayıb ki, onun inkişafında allergen rolu bitki və ağacların tozcuqları oynayır: “10-15 mikron böyüklüyündə olan kiçik tozcuqlar xəstənin dəri və selikli qişalarına çökərək, orqanizmdə spesifik reaksiya törədirlər. Pollinozun kəskinləşmə dövrü bır sıra ağac və bitkilərin çiçəklənmə mərhələsi ilə üst-üstə düşür. Palıd, qoz, ağcaqayın ağaclarının tozcuqlarına allergiyası olan xəstələrdə aprel və may aylarında
kəskinləşmələr baş verir. Yovşan, ambroziya allergik reaksiya verən insanlar avqust və sentyabrda xəstəliyin əlamətlərindən əziyyət çəkirlər. Klinik təzahürlərin ifadəliliyi havadan asıldır. Küləkli quru havada uçan tozcuqların konsentrasiyası yüksəlir, pollinozun simptomları güclənir. Yağışlı, nəm havada isə miqdarda tozcuğa rast gəlindiyindən əlamətlər yüngül olur. Pollinozun yaranmasında irsi meyillilik həlledici rol oynayır. Xəstəliyin əlamətləri 2
həftədən 5 həftəyə qədər davam edir”.
Mütəxəssis bildirib ki, xəstəlik 2 mərhələdə inkişaf edir: “Birinci dövrdə xəstəliyin klinik təzahürləri müvəqqəti olur. Pasiyentlər burun, udlaq, qulaq və traxeya nahiyəsinin qaşınmasından şikayətlənirlər. Xəstənin göz qapaqları ödemli və hiperemiyalı olur. Fasiləsiz asqırma tutmaları xarakterik əlamət sayılır. Burundan selikli ifrazatlar axır. İşıqdan qorxma, gözlərin sulanması ilə müşayiət olunan allergik konyuktivit inkişaf edir. Allergenın təsirindən 6-8 saat keçdikdə, ikinci faza başlanır. İltihabi reaksiyalar güclənir. Bəzı hallarda “tozcuq intoksikasiyası”- zəiflik, qıcıqlanma, iştahanın azalması qeyd olunur. Mövsüm sona çatdıqda, xəstəliyin əlamətləri də aradan qalxır”.
Pollinozun profilaktikasından da danışan həkim əlavə edib ki, xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir və müalicə allerqoloqlar tərəfindən aparılır: “Pollinozlu pasiyentlər allergenlə təması məhdudlaşdırılmalıdır. Əgər imkan varsa, agac və bitkilərin çıçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır. Quru və küləksiz günlərdə otağın havası tez-tez dəyişdirilməlidir. Mənzilə allergenın daxil olmasının qarşısının almaq ücün pənçərəyə qalın və nəm parça vurulmalıdır. Xəstələr küçədən evə daxil olduqda, duş qəbul etməlidir. Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqsədilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir”.