7 aprel Ümumdünya Sağlamlıq Günüdür

 

Professor İbrahim İsayev: Bu il “Hamı üçün sağlamlıq” şüarı altında keçirilən bu günün qəhrəmanları ailə həkimləridir

 

 

7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Bildiyimiz kimi, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranma tarixi Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Bu il həm də həyatımıza və sağlamlığımıza birbaşa təsir edən problemləri daim gündəmə gətirən ÜST-ün 75-ci ildönümüdür.  

 “Ümumdünya Sağlamlıq Gününün qeyd olunması ilk növbədə ictimaiyyətin diqqətini səhiyyənin problemlərinə yönəldir, hər şəxsin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsinə xidmət edir” – deyə, ATU-nun Ailə təbabəti kafedrasının müdiri, əməkdar elm xadimi, professor İbrahim İsayev bildirib. Bu günün hər il qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr edildiyini, bu il isə “Hamı üçün sağlamlıq” şüarı altında keçirildiyini vurğulayıb.

       İ.İsayev qeyd edib ki, əhalinin erkən ölüm və əlilliyinin səbəbləri aradan qaldırıla bilər və bu, qismən tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artması ilə bağlıdır: “İlkin səhiyyə xidmətinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və düzgün müalicəsinin aparılması ÜST-ün 2030-cu ilə qədər qarşısında duran ən vacib məsələlərdən biridir. Bu problemin həllində dövlət orqanlarına kömək edilməsi, ailə həkimlərinin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin, gənclər arasında sağlam vərdişlərin təbliği, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik prosedurların təyini və digər ilkin tibbi-sosial yardımın göstərilməsi önəmlidir”.

Ailə həkiminin nəinki sağlamlıq problemləri olan, eyni zamanda konkret şikayəti olmayan, sağlam hesab edilən əhaliyə də tibb xidməti göstərdiyini deyən professorun sözlərinə görə, əsas məqsəd xəstəlikləri və onlara səbəb olan risk amillərini erkən mərhələdə aşkarlamaqdır. Yəni ailə həkimi patologiyanın xronikləşməsinin, daha ağır mərhələyə keçməsinin qarşısını alır, insanın həyat potensialının yüksəlməsinə və ömrünün uzanmasına yönələn profilaktik proqramları tərtib edir.

Azərbaycanda milli sosial yönümlü dövlət siyasətinin prioritetləri arasında səhiyyə sahəsinin də mühüm yer tutduğunu söyləyən İ.İsayev diqqətə çatdırıb ki, bu gün ölkə rəhbərliyinin müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyasının istiqamətlərindən biri də əhalinin beynəlxalq standartlara cavab verən ilkin tibbi xidmətlə təmin olunması və bununla əlaqədar genişmiqyaslı islahatların həyata keçirilməsidir: “Bu baxımdan respublikamızda da bütün dünya səhiyyə sistemində özünü doğrultmuş ailə həkimliyi institutunun yaradılmasına üstünlük verilir. Son illərdə universitetimizdə ailə həkimlərinin hazırlanması prosesinə, tədrisdə əsaslı islahatların həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Ailə təbabəti kafedrası öz işini bu sahədə dünyada aparıcı olan universitetlərin proqramlarına uyğun qurur.

       “Hamı üçün sağlamlıq” şüarı altında keçirilən Ümumdünya Sağlamlıq Gününün qəhrəmanları ailə həkimləridir desək, yanılmarıq. Çünki məhz onların fəaliyyətlərinin əsas məqsədi hamının hər zaman sağlam olmasına çalışmaqdır”.