ATU-da tədqiqatçı tələbələr üçün geniş imkanlar var
Universitetimizdə tələbə elmi cəmiyyətlərinin ənənəvi konfransları davam edir. II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransını universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq son illərdə həm tələbələrin elmi işlərə xüsusi maraq göstərdiyini, həm də müəllimlərin tələbə tədqiqatlarına daha ciddi yanaşdığını vurğulayıb.
Onun sözlərinə görə, tələbələrin tədqiqat işlərinə cəlb olunması universitet həyatının ən önəmli məsələlərindən biridir. Çünki tələbə öyrəndiklərini elmi cəhətdən əsaslandırmağı bacarmasa, ondan yüksək səviyyəli həkim ola bilməz. O, bütün bunları nəzərə alaraq ilk növbədə tədqiqatçı tələbələrin elmi araşdırmalar aparması üçün əlverişli şərait yaradan rektor, professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. Qeyd edib ki, bizim güclü bazamız var və tələbələrimizin hazırlığı yüksək səviyyədədir. Son illərdə tələbələrin xaricdə təhsil almağa xüsusi maraq göstərməsinə də toxunan prorektor, bunun əslində yaxşı hal olduğunu, amma sonda həmin mütəxəssislərin öz ölkəmizə qayıdaraq xalqımıza, millətimizə xidmət etməsinin vacibliyini önə çəkib.
S.Əliyev proqrama istər təməl, istərsə də kliniki fənlərə dair aktual mövzuların salındığını, burada məruzələrlə çıxış edən tələbələrin hamısını indidən qalib hesab etdiyini söyləyərək, konfransın işinə uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, professor Rauf Bəylərov da konfransın açılışında çıxış edərək bildirib ki, artıq 5 ildir Prezidentin imzaladığı müvafiq sərəncama əsasən, mart ayının 27-dən başlayaraq bir həftə ərzində Azərbaycanda elm günü qeyd olunur. Məhz bu ərəfədə ulu öndərimiz Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanin yubileylərinə həsr olunmuş konfranslar xüsusilə fərqlənir. Prorektor onu da deyib ki, universitetimiz reytinqinə görə Azərbaycanın 36 ali məktəbi arasında ilk yerlərdən birini tutur. Həmçinin ölkəmizdə yeganə universitetdir ki, 3000-ə yaxın xarici tələbə təhsil alır. Hər bir cəmiyyətin, ölkənin tərəqqisində startap layihələrinin rolundan da danışan professor R.Bəylərov, tələbələrin öz ideyalarına lisenziya alaraq tədqiqatlarını dünyanın nüfuzlu nəşrlərində çap etdirməsinin əhəmiyyətini vurğulayıb.
Universitet Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov rəhbərlik etdiyi qurumun üzərinə çox mühüm vəzifələr düşdüyünü deyib: “Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələrindən biri xüsusi bacarığa, istedada malik olan tələbələri tədqiqat işlərinə cəlb edərək üzə çıxarmaqdır. Sevindirici haldır ki, əvvəlki illərdən fərqli olaraq tədqiqatçı tələbələrin sayı kifayət qədər çoxalıb. Əgər keçən il 40 tələbə fakültə konfransında iştirak edirdisə, bu il iştirakçıların sayı 80-100 arasındadır. Burada qalib gələn tələbələrin əksəriyyəti öz elmi məqalələrini beynəlxalq konfranslara göndərirlər”.
TEC-in elmi rəhbəri son 3 ildə tələbələrimizin 3 beynəlxalq konqresdə iştirakını universitet rəhbərliyinin xüsusi qayğısı kimi dəyərləndirib və ən yaxşı tədqiqat işi aparan tələbələrin bu etimadı doğruldacağına inandığını söyləyib.
Fakültənin dekanı, konfransın sədri, dosent İsrail Məhərrəmbəyli çıxışında indiki tələbələrin tədqiqat aparmaq imkanlarının böyük olduğunu deyib. Bildirib ki, yaxşı həkim olmaq üçün nəzəri biliklə yanaşı, araşdırmaq, proqnozlaşdırmaq və statistik təhlil aparmaq bacarıqlarına da yiyələnmək lazımdır. Tədqiqatçı tələbələrin bu imkanlardan yetərincə bəhrələndiyini, beynəlxalq konqreslərə qatıldıqlarını söyləyən dekan, sonda təşkilati işlərə xüsusi dəstək verdiyinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və aktual mövzulara dair hazırlanan çıxışların maraqla qarşılanacağına əminliyini ifadə edib.
Bundan sonra II MPF-nin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Aqil Əliyev konfransın tərkibi, gedişi barədə məlumat verib. TEC-də qəbul olunan tezislərin yaxın gələcəkdə jurnal şəklində dərc olunacağını və hər kafedraya paylanacağını söyləyib.
Universitet Tələbə Elmi Cəmiyyətinin sədri Eyyub Miriyev konfransın 4 hissədən ibarət olduğunu, 4-cü hissədə ancaq xarici tələbələrin çıxış edəcəyini və diskussiyaların ingilis dilində aparılacağını diqqətə çatdırıb.
Qısa fasilədən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.