Ümumdünya Səhiyyə Təşkilatı: 75 il sağlamlığın keşiyində

“Hamı üçün sağlamlıq” kampaniyası çərçivəsində ATU-da tədbir keçirilib
 
1948-ci ildə əsası qoyulan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il 7 aprel – Ümumdünya Sağlamlıq Günündə yaradılmasının 75 illiyini böyük təntənə ilə qeyd edir. Bu tarixi günlə əlaqədar olaraq ÜST tərəfindən “Hamı üçün sağlamlıq” kampaniyası çərçivəsində il boyunca silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
 
Bu münasibətilə Azərbaycan Tibb Universitetində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi və AMUN - Azərbaycan Tibb Universitetinin BMT Modeli Klubunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.  
Açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbin hər zaman ÜST-ün layihələrində aktiv iştirak etdiyini, bu layihələrin həyata keçməsinə öz  dəstəyini göstərdiyini vurğulayıb. Rektor G.Gəraybəyli COVID-19 pandemiyası zamanı ATU tələbələrinin ucqar rayonlarda yaşayan əhalinin vaksinasiyası prosesində çox yaxından iştirak etdiyini xatırladıb. Azərbaycan Respublikasının ÜST ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu bildirən professor Gəray Gəraybəyli, bu əlaqələrin daha da gücləndirilməsi üçün həyata keçirilən hər növ fəaliyyətin ATU tərəfindən də dəstəkləndiyini qeyd edib.
Daha sonra AMUN klubunun sədri Günəş Əliyeva çıxış edərək ATU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən BMT Modeli Klubunun ÜST-ün Bakı ofisi ilə əlaqələrindən danışıb. O, qarşılıqlı fəaliyyət çərçivəsində ötən ilin sonunda Azərbaycanda ilk dəfə olaraq ÜST simulyasiya konfransının keçirildiyini vurğulayıb. G.Əliyeva ikitərəfli əməkdaşlığın daim ATU rəhbərliyi tərəfindən dəstəkləndiyini qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri dr. Hande Harmancı ATU tələbələri qarşısında “Ümumdünya Səhiyyə Təşkilatı: 75 il sağlamlığın keşiyində” mövzusunda mühazirə ilə çıxış edib. 200-dən çox tələbənin iştirak etdiyi görüşdə iştirakçılara ÜST-ün missiyası, strukturu, hazırda gördüyü işlər, dünyada və Azərbaycandakı nailiyyətləri və əməkdaşlıq imkanları ilə bağlı məlumat verilib.
Sıx əməkdaşlıq və göstərdiyi davamlı dəstəyə görə dr. Hande Harmancı professor Gəray Gəraybəyli tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub. Yekunda tələbələrin fikirləri dinlənilib və sualları cavablandırılıb.
 
Qeyd edək ki, ÜST-ün konstitusiyası tarixdə sağlamlığı insan hüququ kimi rəsmi şəkildə tanıyan ilk sənəddir. O vaxtdan bəri bu ideyanın həyata keçirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. Qlobal miqyasda gözlənilən ömür uzunluğu ən yoxsul ölkələrdə belə 46 yaşdan 73 yaşa qədər artıb. Çiçək xəstəliyinin kökü kəsilib, poliomielit xəstəliyi isə artıq tamamilə aradan qaldırılmaq üzrədir. Bütün bu nailiyyətlər Təşkilatın 75 illik mövcudluğu ərzində gördüyü işlərdən yalnız iki mühüm məqamdır. Bununla yanaşı, 42 ölkədə malyariya aradan qaldırılıb, İİV və vərəm epidemiyaları dayandırılıb, 47 ölkədə ən azı bir tropik xəstəliyə son qoyulub.
 
Son beş ildə Ebola və malyariya üçün ilk vaksinlər hazırlanıb və lisenziyalaşdırılıb. Yaxın 3 il ərzində ÜST bu əsrin ən ağır sağlamlıq böhranı olan COVID-19 pandemiyasına qarşı qlobal cavab tədbirlərini koordinasiya edib.
 
Azərbaycanda da səhiyyə sahəsində bir çox uğurlar qazanılıb Belə ki, 2002-ci ildə poliomielitdən, 2023-cü ildə malyariyadan azad ölkə statusu verilib. Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə dünyada növünə görə yeganə olan ÜST-lə Əməkdaşlıq Mərkəzi yaradılıb.
 
Bugünkü çıxışında bütün bu məsələlərə toxunan dr. Harmancı qazanılan hər bir uğurun əldə edilməsində məqsədyönlü birgə fəaliyyətin rolu olduğunu diqqətə çatdırıb: “Biz bu nailiyyətləri yerli tərəfdaşlarımızla birlikdə əldə etdik və bu fəaliyyətlərdə aparıcı rol oynamaqdan qürur duyuruq. Ümid edirəm ki, bundan sonra da əlaqələrimiz güclənəcək və universal tibbi təminata nail olacağıq”.