Yüksək insani keyfiyyətlərə malik görkəmli alim

 

ATU-da akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

 

Aprelin 7-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. “Oftalmologiyanın aktual problemləri”nə dair konfransı universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq bu ilin xalqımız, ölkəmiz üçün əlamətdar bir il olduğunu bildirib.

Ölkə başçısı İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu xatırladan rektor, bu il həm də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb: “Sevindirici haldır ki, universitetimizdə də silsilə tədbirlər davam edir və bu konfrans onlardan biridir. Zərifə xanım Əliyevanın tibb elmində, səhiyyədə qoyduğu iz çox dərindir. O dahi şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, tibb sahəsində işləyənlər üçün də çox doğma bir insandır. Konfransın materiallarına baxarkən xatırlayıram ki, biz hər il 28 aprel ərəfəsində Zərifə xanım Əliyevaya həsr olunmuş tədbirlər keçirmişik. Bizim böyük əksəriyyətimiz Zərifə xanımla birbaşa tanış deyilik. Lakin onun haqqında danışılanlar, dərc olunan materiallar bizdə elə təsəvvür yaradır ki, neçə illər birlikdə işləmişik”.

Professor G.Gəraybəyli qeyd edib ki, məşhur dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açan, dünyagörüşü, yüksək mədəniyyəti belə bir ailədə formalaşan Zərifə xanımın həkimlik peşəsini seçməsi təbii idi: “Onun sonrakı elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr edib. O, keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb”.

Akademikin elmi fəaliyyətinin oftalmologiya ilə məhdudlaşmadığını deyən rektor, görkəmli alimin yüksək insani xüsusiyyətləri ilə də yaddaşlara əbədi həkk olunduğunu bildirb. Eyni zamanda Zərifə xanım Əliyevanın yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etdiyini, tələbələrinin onun yolunu uğurla davam etdirdiyini diqqətə çatdıraraq konfransın işinə uğurlar arzulayıb.

Bundan sonra Z.Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev akademik Zərifə xanım Əliyevanın hər zaman sonsuz hörmət və məhəbbətlə xatırlandığını söyləyib: “O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf edib. Çoxsaylı məqalələri, çıxışları, kitabları, elmi monoqrafiyaları cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Qürurla deyə bilərik ki, 1985-ci ilin 15 aprelindən ölümsüz həyatı başlanan akademik Zərifə xanım Əliyevanın ardıcılları onun ideyalarını daim yaşadır və uğurla davam etdirirlər. Onun işıqlı xatirəsi bu gün də insanların qəlbindədir”.

Daha sonra professor Tamara Hüseynova, Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva, Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, professor Rasim Hacıyev çıxış edərək Zərifə xanım Əliyeva haqqında xatirələrini bölüşüblər.

Ailə üzvləri adından çıxış edən Z.Bektaşinin böyük bacısı Ləzifə xanımın nəvəsi, həkim-oftalmoloq Təranə Əliyeva uşaqlıq illərindən iştirakçısı olduğu ailə məclislərindən danışıb: “Belə məclislərdə Zərifə xanım mütləq iştirak edirdi. Məni də uşaqkən nənəm həmin tədbirlərə və qonaqlıqlara aparardı. Demək olar ki, oftalmoloqlar arasında böyüdüm və oftalmoloq olmaq həvəsim də bu gözəl mühitdə yarandı. Zərifə xanım çox qonaqpərvər bir insan idi. Bizi tez-tez öz evinə dəvət edər, gözəl süfrə açardı. Köməkçiləri olmasına baxmayaraq, qonaqlarına özü xidmət etməyi sevərdi. Həmişə də hədiyyə ilə qayıdırdım. Zərifə xanım ətrafındakı insanları çox ruhlandırırdı. Bir ziyalı kimi həmişə diqqət mərkəzində idi. Onun səlis, gözəl nitqi hamını valeh edirdi”.

Çıxışının sonunda Zərifə xanımın çox gözəl tale yaşadığını deyən T.Bektaşi qeyd edib ki, o ilk növbədə görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən ana idi.

Açılış tədbirindən sonra elmi məruzələrin təqdimatına başlanılıb. Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev, kafedranın dosentləri Tural Qəlbinur, Hafiz Qəhrəmanov, Vəfa Məmmədova və assistentlər V.Nəsirova, N.Sadıqovanın oftalmologiyanın aktual problemlərinə dair maraqlı məruzələri dinlənilib. Konfrans məruzələr ətrafında müzakirələrlə öz işini yekunlaşdırıb.