Hərbi həkim kursantların elmi tədqiqatlara marağı alqışlanır

 

ATU-nun Hərbi tibb fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti V konfransı keçirilib. Fakültə rəisinin tədris işləri üzrə müavini, tədris şöbəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev toplantı iştirakçılarını salamlayaraq bildirib ki, tələbə və kursantların elmi fəaliyyətlə məşğul olması üçün fakültədə hər bir şərait yaradılıb. O, qeyd edib ki, konfrans xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən ATU TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov tələbələrə təcrübi biliklərin aşılanmasında, onların elmi-tədqiqat işinə maraqlarının artırılmasında və gələcəyin mütəxəssisi kimi yetişdirilməsində TEC-in böyük əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti müasir dövrün tələblərinə uyğun həyata keçirilir və burada iki istiqamət üzrə - tədris-tədqiqat və elmi-tədqiqat işləri aparılır. M.Həsənov bildirib ki, tələbələr bu ictimai qurumla yaxından əməkdaşlıq edərək elmi tədqiqatlarla aktiv məşğul olur və nəzəri biliklərini formalaşdırırlar.

Konfransda tələbə tədqiqatçılara uğurlar diləyən Müdafiə Nazirliyinin baş cərrahı, tibb xidməti polkovniki Çingiz Quliyev və Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun Fundamental şöbəsinin rəisi, birinci dərəcəli kapitan, fəlsəfə doktoru Əsəd Rüstəmov elmin yollarında ilk addımlarını atan tələbələrin bu həvəslərini alqışlayıblar. Onlar tələbələrin bundan sonra da TEC vasitəsilə elmi axtarışlarını davam etdirmələrini və elmə dərindən yiyələnmək üçün öz üzərilərində çalışmalarını tövsiyə ediblər.

Bundan sonra söz tədqiqatçı tələbə və kursantlara verilib. VI kursun kursantları Murad Osmanov "Ətrafların magistral arteriyalarının odlu silah yaralanmaları zamanı təxliyə mərhələsində yardım və müasir müalicə prinsipləri" (Elmi rəhbərlər: t.ü.f.d. İlqar Ömərov və t/x mayoru Bəxtiyar Əliyev), Coşqun Adilov “Ürəyin işemik xəstəliyi” (Elmi rəhbər: t.ü.f.d. Rəna Şirvanova), Seymur Hüseynzadə və Rauf Həsənzadə “Döş qəfəsinin odlu silah yaralanmaları zamanı birinci səviyyəli tibbi yardım” (Elmi rəhbər: t/x polkovnik-leytenantı Ramin Əliyev), IV kurs tələbəsi İlahə Rəcizadə “Hərbi qulluqçular arasında rast gəlinən həzm sistemi patologiyaları” (Elmi rəhbərlər: t/x kapitanı Aidə Məmmədova və t/x mayoru Bəxtiyar Əliyev), V kurs tələbəsi Nərgiz İsmayılova “Görmə üzvünün odlu silah yaralanmaları zamanı birinci səviyyəli tibbi yardım” (Elmi rəhbər: t.ü.f.d. Sevinc Orucova) mövzularında çıxış ediblər.

Konfransda ümumilikdə 18 kursant və tələbənin müxtəlif mövzularda apardıqları elmi araşdırmalara diqqət yetirilib və tədbir münsiflər heyəti tərəfindən geniş müzakirələrə əsaslanan sual-cavabla başa çatıb.

Sonda konfransda iştirak edən tədqiqatçı tələbə və kursantlara, eləcə də onların elmi rəhbərlərinə sertifikatlar təqdim olunub.