Hazırda mövsüm dəyişikliyi ilə əlaqədar olaraq allergik xəstəliklərin artması müşahidə olunur. Buna əsasən ağacların çiçək açması, tozcuqlarının havada uçuşması, çəmən otlarının çiçəkləməsi təsir edir. Bakı küləkli şəhər olduğundan, bu mövsümdə adətən allergiyaya meylli insanlarda allergik simptomların kəskinləşməsi baş verir.
Lakin son dövrlər allergik xəstəliklərin kəskinləşməsinin digər səbəblərindən biri də virus infeksiyalarının geniş yayılmasıdır. Bu haqda Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının allerqoloqu, həkim-terapevt Arzu Azadova məlumat verib. Həkim bu xüsusda RSV virusunu özəlliklə qeyd edir:
“Çünki, bu viruslar bronx divarını zədələyərək bronxial astma xəstəliyində olduğu kimi spazmlara və obstruksiyaya səbəb olur. Hətta demək olar ki, xəstəliklər simptomatik olaraq bir-birlərinə çox oxşayır. Virusa yoluxma zamanı da bronxial astmada olduğu məsafədən eşidilən xırıltılar, vizzing (yəni fitverici xırıltılar) eşidilə bilər. Əhali arasında geniş yayılmış Influenza (A, B tipləri) və COVID-19 müalicə olunmadığı təqdirdə çox ciddi ağırlaşmalarla müşahidə edilə bilər”.
Virus xəstəliklərinin yayılmasına gəlincə, A.Azadova bunun əsasən insanların immun sisteminin zəif olması ilə əlaqələndirir. Stress, gərgin iş rejimi, yuxusuzluq, avitaminozlar, qida rasionunun vitaminlər və əsasən də meyvə-tərəvəzlə zəngin olmaması immuniteti daha da zəiflədir.
Allerqoloq deyir ki, allergiyanın əlamətləri digər xəstəliklərə çox bənzəyir: burun tutulması, axması, qıcıqlanması, qıcıqlanan boğaz, öskürək, asqırma, dəri səpkiləri, gözlərdə qızarma-qaşınma və şişkinlik bir çox xəstəliklər zamanı rast gəlinir. Hətta rinit zamanı bəzən burun tutulmasından qoxu duyumu tam itir ki, bunu da səhvən COVİD-19-la əlaqələndirirlər. Bəzən allergik reaksiyalar çarpaz olur – belə ki, qida allergiyası olanlarda polen allergiyası baş qaldırır, və yaxud tərsinə.
Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə, hər il allergik simptomlarla ağırlaşan xəstələrin sayı artmaqda davam edir. Bu da çox zaman ekoloji mühitin çirklənməsi və qatqılı, konservantlı, boyadılmış, GMO tərkibli qidaların artması ilə əlaqəlidir. Həkimin sözlərinə görə, allergik xəstəliklər ən çox uşaq və gənc yaşlarında, həmçinin yaşlı insanlarda çox müşahidə edilir. Çünki bu tip yaş qruplarında orqanizmin reaktivlik göstəriciləri yüksək, rezistentliyi (yəni dözümlülüyü) isə az olur. Rezistentliyin az olması isə yenə də immun sistemin zəifliyi ilə əlaqəlidir. Kiçik yaş qrupu insanlarda (özəlliklə də 5 yaşa qədər) immun sistem tam formalaşmadığı üçün həm immun sistemin zəif olması həm də rezistentlik dediyimiz orqanizmin dözümlülüyünün azalması müşahidə olunur.
A.Azadova qeyd edir ki, ona müraciət edən pasiyentlərdə immun sisteminin zəifliyinin əsas səbəblərindən biri D3 vitamininin çatışmazlığıdır. Bu vitaminin sümük inkişafında və immun sisteminin fəaliyyətində böyük rolu var: “D3 vitamininin azlığında orqanizmin viruslarla mübarizəsi də zəifləyir. Bununla yanaşı, C vitamini, minerallardan sink, selen, maqnezium da çox önəmlidir. Bu vitamin və mineralları qida rasionumuzdan əksik etməməliyik. Əsasən meyvə, tərəvəz, göyərtilərdən çox istifadə etməliyik. Eyni zamanda, rasiondan yumurta, ət, balıq, süd və süd məhsullarını əksik etmək olmaz. Lakin bir terapevt-allerqoloq kimi onu da qeyd etmək istəyirəm ki, süd məhsulları, yumurta, toyuq əti və balıq ətinə allergiyası olan insanlara bunları qida əlavəsi olaraq bu vitaminləri təyin edirik”.
Dr. Arzu Azadova qeyd edir ki, hazırda ATU-nun Tədris-Cərrahiyyə Klinikasında əməliyyatdan öncə pasiyentlər terapevt müayinəsindən keçirlər. Bu zaman onların dərmanlara, anesteziya maddələrinə allergiyası da araşdırılır. Hazırda allergiyanın daha çox rast gəlinən növləri rinokonyuktivit, qida allergiyası, atopik dermatit, kvinke ödəmi, övrə, allergik dermatitlərdir.