Əsgər üçün ürək sözləri
ATU-nun müəllim və tələbələri “Əsgər kitabxanası”na yüzlərlə kitab toplayıb
Azərbaycan Tibb Universitetinin əməkdaşları təkcə həkim-müəllim kimi öz vəzifələrini peşəkarlıqla yerinə yetirmir, eyni zamanda ictimai fəallıqları ilə də fərqlənirlər. Belə əməkdaşlarımızdan biri də Bioloji kimya kafedrasının baş müəllimi Firəngiz Quliyevadır. Onu həmişə şəhid ailələrinin, qazilərin yanında görmək olar. Onlara o qədər isinişib ki, öz ailələrinin üzvü, doğmaları, yaxınları hesab edirlər.
F.Quliyeva “Əsgərə xatirə kitabı” layihəsinin fəxri üzvdür. 7 ildir ki, xeyirxah missiya ilə - şəhid ailələri və qazilərin problemlərinin aradan qaldırılması ilə məşğuldur. Layihənin fəaliyyət istiqamətləri geniş olduğundan, təkcə rayonlarda deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdə də olur, Vətənimizin keşiyində duran zabit və əsgərlərimizlə görüşürlər.
İndi isə F.Quliyeva universitetin müəllim və tələbələrini maraqlı bir aksiyaya cəlb edib. Belə ki, hər kəs şəxsi kitabxanasından “Əsgər kitabxanası”na bir kitab hədiyyə edir. Aksiya müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Bəziləri hətta 2-3 kitab gətirib. Nəticədə qısa müddətdə 500-dən çox kitab toplanıb.
Firəngiz xanım deyir ki, bu yaxınlarda Müdafiə Nazirliyinin əməkdaşları və “Əsgərə xatirə kitabı” layihəsinin bir neçə üzvü ilə işğaldan azad olunmuş ərazilərimizdəki 3 hərbi hissədə olublar. Toplanmış kitabları hərbi hissələrin kitabxanalarına təhvil veriblər. Orada əsgərlərlə görüşüb, səmimi söhbətlər edib, şəraitləri ilə yaxından tanış olub, hər bir əsgərə hədiyyə paketi veriblər: “Əsgərlər bizi görüncə çox sevindilər. Onlara oxumaq üçün kitab apardığımızı bilincə, sevinclərinin həddi-hüdudu olmadı. Naharı “Əsgər yeməkxanası”nda onlarla birgə etdik. Yeməkləri dadlı və keyfiyyətli idi. Əsgərlər arasında bir nizam-intizamın olduğu hiss olunurdu. Gördüyüm şərait məni çox sevindirdi, hiss etdim ki, Vətənimiz etibarlı əllərdədir. Olduğumuz bütün hərbi hissələrdə bu ab-havanın şahidi olduq. Digər hərbi hissələrin kitabxanalarını zənginləşdirmək üçün aksiyanı davam etdirmək niyyətindəyəm”.
Nəzər yetirdiyimiz kitablar arasında Azərbaycan klassiklərinin, türk yazarlarının əsərləri gözümə dəyir. 44 günlük Vətən savaşında şərəfli döyüş yolu keçmiş şəhidlərimizə həsr olunmuş kitablar da var. Kitablara ürək sözlərini yazanlar da olub. Onlardan bir neçəsini oxucularımızla da tanış etmək istədim.
Rüfət adlı tələbə yazır: “Salam, əsgər! Biz əmin-amanlıqda yaşamağımız üçün sənə borcluyuq. Ümid edirəm ki, bu kiçik təşəkkür hədiyyəmi bəyənərsən. Bu soyuq qış günündə yazdığım bu sətirləri oxuduqca için isinsin”.
Ürək sözləri çoxdur. Hansını qeyd edəcəyimi bilmirəm. Oxuduqca sevinirsən ki, hər kəs Vətənin müqəddəsliyini yaxşı dərk edir. Tələbə Nuridə Əlizadənin ürək sözlərindən: “Salam, əsgər! Mən Azərbaycan Tibb Universitetinin tələbəsiyəm. İlk öncə sizə güc-qüvvət, səbr arzulayıram. İnşallah, sağ-salamat evinizə qayıdasınız. Bu kitab motivasiya xarakterlidir. Ümid edirəm ki, sizə motivasiya verəcəkdir. Sevsəniz nə xoş mənə. Bizim üçün soyuq-qar demədən Vətənimizin keşiyində dayandığınız üçün sizə minnətdarıq. Sizi tanımasaq da, sizə çox borcluyuq. Bizim salamımızı əsgər yoldaşlarına da çatdırın”.
Şəhid anasının əsgərə yazdığı ürək sözlərindən isə kövrəlməyə bilmirsən. Həm də daxilən bir qürur hissi keçirir və bir daha əmin olursan ki, Vətənin azadlığı uğrunda ölümün gözünə dik baxan qəhrəman oğulları məhz belə analarımız dünyaya gətirib. Şəhid İlkin Məmmədzadənin anası Fatma xanım Sumqayıt şəhidlərinə həsr olunmuş, özünə məxsus “Seçilmişlər” kitabını “Əsgər kitabxanası”na hədiyyə edib: “Mən şəhid baş leytenant İlkin Məmmədzadənin anası, Sumqayıt şəhidlərinə həsr olunan bu kitabı sizin kitabxanaya bağışlayıram. Kitabı vərəqlədikcə Sumqayıt şəhərində doğulub-böyüyən və Vətən uğrunda şəhid olan igid oğulların həyat hekayəsi ilə tanış olacaqsınız. Bu kitabı oxuyan hər kəs şəhid adının necə uca olduğunu, şəhidlərin həqiqətən də seçilmişlər olduğunu dərk edəcək. Arzu edərdim ki, hər bir əsgər xidmətini layiqincə başa çatdırıb, sağ-salamat öz anasının yanına qayıtsın”.
8 yaşlı övladımızın da Vətən eşqi ilə böyüdüyünü görüncə, ürəyin dağa dönür. Belə ki, Yusifzadə soyadlı tələbənin dayısı qızı yazır: “Ey əsgər, bilirəm, sənin üçün çox çətindir. Anan, atan, bacın, qardaşın üçün çox darıxırsan. Onlar da sənin üçün darıxırlar. Vətəni yaxşı qoru. Arzularını gerçəkləşdirə biləsən. Mən bu məktubu sənə ürəkdən yazdım. Hələlik, əsgər!”
Universitetimizdə keçirilən bu aksiya olduqca təqdirəlayiqdir. Doğrudan da böyükdən-kiçiyə hamı bir olanda, çəkici bir yerə vuranda Vətən güclü olur, bölünməz olur. 44 günlük Vətən müharibəsindəki kimi. Əsgərimiz hər zaman Vətəni arxasında və ürəyində hiss etməlidir!