ATU-nun Tədris Cərrahiyyə Klinikasında gənc həkim və rezidentlər üçün ənənəvi elmi-praktik seminar keçirilib. Bu dəfəki seminarda klinikanın Uşaq cərrahiyyəsi şöbəsinin həkim-rezidenti Gülsənəm Qocamanovanın hazırladığı “Qastroşizis xəstəliyinin diaqnostikası və mualicəsi” mövzusu müzakirəyə çıxarılıb.
Məruzədə qastroşizis xəstəliyinin diaqnostikasından, cərrahi müalicəsi və əməliyyat taktikasından bəhs olunub. Həmçinin qeyd olunan xəstəliyin klinika və diaqnostikasında müasir instrumental və laborator metodlar və cərrahi yanaşma üsulları haqqında danışılıb.
G.Qocamanova çıxışında bildirib ki, qastroşizis qarnın ön divarının defekti nəticəsində yaranır: “Bu, göbəkdən sağda 2-5 sm defektdən bağırsaqların qarın divarından kənara çıxmasıdır. Bəzi hallarda sidik kisəsi over və testislər qarın boşluğundan kənarda yerləşir. Qastroşizis yunan dilindən tərcümədə "yarıq qarın" deməkdir. Qastroşizisli körpələrin diaqnostikası ana bətnində olduqda qoyulmalıdır. Bunun üçün fetal USM və MRT-də ana qanındakı afpnin və amniotik mayedə asetilxolinesterazanın səviyyəsi yoxlanılmalıdır. Ana multidisiplinar xəstəxanada mütəmadi yoxlanışlardan keçməlidir. Körpələrin xəstəxanadaxili daşınmasına diqqət etmək lazımdır. Artıq temperatur və maye itkisi, infeksiya riskindən qorumaq lazımdır. 80 faiz hallarda bu uşaqlar ilkin olaraq əməliyyat olunurlar. Qarındaxili təzyiq az olduqda, əlavə sintetik materialdan istifadə edilərək əməliyyat icra olunmalıdır. Düzgün cərrahi və neonatoloji yanaşma xəstənin həyatını xilas edir”.
Seminarda iştirak edən Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov, Neonatal intensiv terapiya şöbəsinin müdiri, assistent Sərxan Elbəyiyev və dr. Samir Axundov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İnteraktiv şəraitdə başa çatan seminarda adıçəkilən şöbələrin həkim və rezidentləri iştirak edib.
Qeyd edək ki, elmi-praktik seminar Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilovla Uşaq cərrahlığı kafedrasının dosenti Vüqar Məhəmmədovun birgə təşkilatçılığı və moderatorluğu ilə keçirilib.