Pandemiya insanların psixikasına çox mənfi təsir etdi

Professor Zəfər Əliyev: Bəzən pasiyentlərin üz tutduğu astroloq, ekstrasens, baxıcıların çoxu psixi problemli insanlardır

Müasir təbabətdə daim diqqət çəkən sahələrdən biri də psixiatriyadır. Son dövrlərdə stres faktorlarının və informasiya yükünün artması, obyektiv sosial mühitin yaratdığı problemlər bu sahənin aktuallığını bir qədər də önə çıxarır. Məhz bu nöqteyi-nəzərdən, insanın psixi sağlamlığının zəruriliyinə dair mütəxəssis sözü hər zaman maraqlıdır.

Suallarımızı ATU-nun Psixiatriya kafedrasının professoru Zəfər Əliyev cavablandırır. 

 

- Bu gün hansı psixi xəstəliklər və nevropatoloji sindromlar daha aktualdır?

- Son zamanlar psixiatriyaya və nevrologiya sahəsinə aid olan demensiya halı getdikcə aktuallaşır. Demensiya – baş beynin xəstəliyi nəticəsində psixi fəaliyyətin pozulması deməkdir. Bu vəziyyətdə daha çox yaddaş, təfəkkür, qavrama, nitq, eləcə də təhlil etmə qabiliyyətinin pozulması müşahidə olunur. Daha çox rast gəlinən demensiya növləri Altsheymer xəstəliyi (65%-ə qədər) və damar demensiyasıdır (30%-ə qədər).

Demensiyalı xəstələrin ümumi sayı yaş faktoru ilə əlaqədardır. Yəni yaş artdıqca say çoxalır. Belə bir xüsusiyyəti də var ki, 65 yaşdan sonra hər 5 ildən bir 2 dəfə artır.

Narahatedici tendensiya ondan ibarətdir ki, demensiya “cavanlaşır”. Təbii ki, burada risk amillərini qeyd etmək lazımdır. Bunlara ahıl yaş, irsiyyət, alkoqol, tütünçəkmə, narkotiklər, piylənmə, hipertoniya, qanda xolesterinin artması, kəllə-beyin travması, vitamin В12 və fol turşusu duzlarının çatışmazlığı aiddir. Eyni zamanda ekoloji mühit və zərərli sahədə çalışmaq da risk amillərinə daxildir.

Bu demensiyalar nə qədər erkən aşkar olunarsa, fəsadları da bir o qədər yumşaq formada üzə çıxar və ya daha gec dövrdə özünü büruzə verər. Təəssüf ki, bu prosesi dayandırmaq mümkün deyil. Nəticədə bu xəstəliklə bağlı tibbi, sosial, hüquqi və maliyyə problemləri, həmçinin pasiyentin yaxınlarında depressiv və təşviş pozuntularının yaranma ehtimalı artır. Bu halların vaxtında aşkar edilməsi üçün yaşlı insanların “Chek up” prosedurundan keçməsi məsləhətdir. Xüsusilə, baş-beynin maqnit-rezonans tomoqrafiyası vacibdir. Bu yaşda şəxslərdə yaddaşın mühüm dərəcədə zəifləməsi, depressiyanın yaranması və xasiyyətin dəyişməsi ciddi siqnal ola bilər.

 

- COVID-19 pandemiyası insanların psixikasına necə təsir göstərdi və indi də göstərirmi? Bu baxımdan, son vəziyyəti necə qiymətləndirmək olar?

- Təbii ki, COVID-19 pandemiyası insanların psixikasına çox mənfi təsir göstərdi. O zaman depressiv, təşviş və obsessiv-kompulsiv pozuntuların sayı təxminən 30% artmışdı. Vəziyyət getdikcə tənzimlənir. Hal-hazırda postkovid sindromla müraciət edən insanların sayı azalır. Həmin sindromlardan yaddaşın zəifləməsi, tez yorulma, baş ağrıları və diqqətin pozulmasını göstərə bilərik.

 

- Psixi pozuntuların təhlükəli mərhələyə keçməsinin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir? İnsanlara nələri tövsiyə edərdiniz?

- Psixi pozuntuların təhlükəli mərhələyə keçməsinin qarşısını almaq üçün tez bir zamanda psixiatra müraciət etmək lazımdır. Ən azı, klinik psixoloqa müraciət etmək məsləhətdir. Bəzən xəstəliyin başlanğıc mərhələsi yüksək sürətlə inkişaf edir. Pasiyent və pasiyentin yaxınları yanlış addımlar atırlar – müxtəlif ocaqlara, pirlərə, parapsixoloqlara, astroloqlara, ekstrasenslərə, baxıcılara müraciət edirlər. Halbuki, onların özünü mühüm bir hissəsi psixi problemi olan insanlardır və ya dələduzluqla məşğul olurlar. Nəticədə psixi pozuntunun proqnozu pisləşir. Hətta bəzən vəziyyət o dərəcəyə çatır ki, pasiyentlər onlara “dəli” deyiləcəyindən və "asılılıq" yaradan dərmanların yazılmasından ehtiyat edirlər.