Ulu Öndər Ana dilimizə böyük sevgiylə yanaşırdı
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Tibb Universitetində müxtəlif tədbirlər keçirilməkdə davam edir. Belə tədbirlərdən biri universitet rəhbərliyi, fakültə dekanları ilə tələbələrin görüşü formatında təşkil olunub. Tədbiri ATU-nun Müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb.
O, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. İstər sovet dövründə, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli liderin dövlətçiliyin qorunması və möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən söhbət açıb, Ana dilimizin inkişafı istiqamətində gördüyü işləri diqqətə çatdırıb: “Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar olaraq, universitetimizdə beynəlxalq səviyyəli konfranslar, simpoziumlar, müxtəlif tədbirlər keçirilib və bu gün də davam etməkdədir. Əsas məqsəd Ulu Öndərin və onun ömür-gün yoldaşının örnək həyat və fəaliyyətlərinin gələcəyimiz olan gənclərimizin – tələbələrimizin diqqətinə çatdırılmasından ibarətdir. Bilirsiniz ki, Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsində Ulu Öndərin əvəzsiz xidmətləri olub. O, 1969-cu ildə Mərkəzi Komitənin Plenumunda Azərbaycan Mərkəzi Komitəsinə Birinci katib seçildi. Fəaliyyətə başlamasından qısa müddət sonra Azərbaycanda hər sahədə böyük dəyişikliklərin şahidi olduq. Yaxşı xatirimdədir, Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. Həmin tədbirdə Ulu Öndərin Ana dilində geniş, məzmunlu və yaddaqalan çıxışı oldu. İlk dəfə Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi səviyyəsində Ana dilində edilmiş çıxış o dövrün ziyalıları arasında böyük maraqla qarşılandı və rezonansa səbəb oldu. Onun dövründə qəbul edilmiş qərarlar iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, tibb, təhsil, incəsənət və digər bütün sahələrin inkişafına böyük təkan verdi. Məhz Ulu Öndərin atdığı addımlar nəticəsində Azərbaycan hər sahədə İttifaq səviyyəsində öndə görünməyə başladı. Azərbaycan 13 il ardıcıl olaraq, Keçici Qırmızı Bayraqla təltif olundu”.
Professor S.Əliyev milli kadrların hazırlanmasında, hərb sahəsinin inkişafında, neft kontraktlarının bağlanmasında Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasətə toxunaraq bildirib ki, ölkəmizdə elm və tərəqqinin indiki səviyyəyə çatmasında onun böyük rolu olub: “Xalqımızın hərtərəfli inkişafı üçün bütün güc-qüvvəsini səfərbər etmişdi. Universitetimizin tədris klinikalarının inşa edilməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır”.
Prorektor ölkə başçısı İlham Əliyevin Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olduğunu, onun əsasını qoyduğu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. Eləcə də Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız qələbədən, Azərbaycanın dünya ölkələri içərisində nüfuzlu bir dövlətə çevrilməsindən bəhs edib.
Sonra III Daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” mövzusunda çıxış edib. Bildirib ki, bu barədə 4 cildlik monoqrafiya yazmaq onun nəsibi olub. 63 fəsil və yarımfəsildən ibarət olan bu monoqrafiya universitetimizin kitabxana fondunda var və Ulu Öndərin nitq mədəniyyətinə həsr olunub: “Heydər Əliyevin bizlərə çıxış, bəyanat və nitqlərinin toplandığı 46 cilddən çox əsər yadigar qalıb. Türk dünyasının liderlərindən olan Rəcəb Tayib Ərdoğan, cənab Prezident İlham Əliyev və digər türk dövlətlərinin liderləri tərəfindən Ulu Öndərin nitqləri əsasında hazırlanan çıxışlar vasitəsi ilə böyük arena və tribunalardan türk xalqlarının səsi bütün dünyaya çatdırılır.
Heydər Əliyev nitqinin gücü və qüdrəti onun səmimiyyətində idi. Hər şeyi açıq danışardı. Çatışmazlıqları da, nöqsanları da. Aradan qaldırılması üçün iclasda əyləşən məmurlara ciddi tapşırıqlarını da verirdi. Elə bu səmimiyyətinə görə də xalq tərəfindən sevilirdi”.
Natiq Ulu Öndərin çıxışlarından gətirdiyi çoxsaylı sitatlarla onun nitqinin nə qədər zəngin, təsirli və xalq tərəfindən sevilən olmasından da söhbət açıb.
Universitetin Gənclər Təşkilatının sədri Məhəmməd Məmmədov Ulu Öndərin Azərbaycan gəncliyi üçün yaratdığı şərait, onlara göstərdiyi etimad, inam və qayğı barədə çıxış edib, həmin gəncliyin işğal altındakı torpaqlarımızı Vətən müharibəsində qəhrəmanlıqla azad etdiyini vurğulayıb.
İctimai səhiyyə fakültəsinin tələbəsi Səma Əlizadə isə Leyla Əliyevanın babası Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeirini məharətlə səsləndirib. Bundan sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Tələbəmizin ifası və sənədli film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov da iştirak edirdi.