Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) 24-29 aprel - Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində peyvəndlərlə əhatə dairəsi aşağı olan 4 rayonda maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edib. Belə ki, təxminən 150 nəfərə yaxın pediatr və vaksinator üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən təxminən 500 valideynin iştirakı ilə valideyn konfransları keçirilib.
ÜST və UNICEF tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşan tədbirlər “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil edilib.
Kampaniya çərçivəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında valideyn konfransları baş tutub. Göygöl və Yevlax rayonlarında keçirilən konfranslarda Azərbaycan Tibb Universitetinin dosenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, APC-nin idarə heyətinin üzvü Nigar Bayramova, Qobustan və Mingəçevirdə isə pediatr A.Ziyadova valideynlərin peyvəndlə bağlı suallarını cavablandırıb. Maarifləndirici söhbətlərdən sonra peyvəndləmədən kənarda qalan xeyli sayda uşaq yerindəcə peyvənd olunub.
Eyni zamanda, adıçəkilən rayonlarda N.Bayramova və A.Ziyadova tərəfindən 150-ə yaxın pediatr və vaksinator üçün peyvəndlə bağlı elmi sübutlara əsaslanan son yeniliklər haqqında təlimlər keçirilib.
İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş sonuncu tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri dr. Hande Harmancı və rayon rəsmiləri də iştirak ediblər. Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev immunlaşdırma kampaniyası ilə bağlı öz fikirlərini belə ifadə edib: “ÜST-ün ən ucqar kəndlərimiz də daxil olmaqla Göygöl rayonundakı bütün vaksinasiya məntəqələrində immunlaşdırma kampaniyasının keçirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Ümidvaram ki, bu kampaniyanın nəticəsi olaraq, bizim regionun peyvəndlərlə əhatə səviyyəsində irəliləyiş əldə edəcəyik. Çünki valideynlərlə keçirilən görüşlər və paylanılan maarifləndirici materiallar çox faydalı oldu. Peyvəndlə bağlı bir çox yanlış təsəvvürlər aradan qalxdı”.
Dr. H.Harmancı isə bildirib ki, uşaqları qorumaq üçün hər şeyi edilir: “Uşaqlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün edə biləcəyimiz ən yaxşı addımdır. Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzdə insan həyatını xilas edən ən vacib vasitə hesab olunan peyvəndləri təbliğ etməkdə davam edəcəyik”.
Xatırladaq ki, kampaniya müddəti boyunca əhali arasında maarifləndirməni gücləndirmək məqsədi ilə sözügedən rayonlarda bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallarla təmin olunub.