Tədris Cərrahiyyə Klinikasında ciddi dəyişikliklər aparılır

Klinikanın direktoru ATU-nun Böyük Elmi Şurasında hesabatla çıxış edib

 

ATU-nun Böyük Elmi Şurasının mayın 2-də keçirilən növbəti iclasını universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb. Əvvəlcə bu günlərdə dünyasını dəyişən II Uşaq xəstəlikləri kafedrasının professoru, Əməkdar elm xadimi, respublikanın əməkdar həkimi, Tədris Terapevtik Klinikanın sabiq direktoru Surxay Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra gündəlikdə duran məsələlər diqqətə çatdırılıb və “Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tədris və müalicə işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə klinikanın direktoru, dosent Mücahit Avcılın hesabatı dinlənilib.

Klinikada 200 gün müddətində görülən işlər haqqında şura üzvlərinə məlumat verən M.Avcıl, inkişafa nail olmaq üçün ilk növbədə xəstəyönümlü iş vərdişinin yaradılmasını hədəf seçdiklərini bildirib: “Eyni zamanda həkimlərin işlərini görə bilmələri üçün avadanlıq və cihazlarla təchizat yüksək səviyyədə olmalı, ədalətli bölgü əsasında əməkhaqqı qaldırılmalı idi. Bundan əlavə, bir tədris klinikası olaraq təlimlərə, tələbə və rezidentura təhsili ilə bağlı xidmətlərə xüsusi diqqət yetirdik. Klinikadakı problemlər çözüldü. Bir illik fəaliyyət planı hazırladıq. İlk 100 gündə təməl məsələlərlə bağlı düzəlişlər aparıldı. Sonra üzdə olan məsələlər - işçilərin maaşlarının qaldırılması, təlim çalışmaları, sonrakı 3 ayda isə təcili yardımın yaradılması kimi daha böyük projelərlə məşğul olduq. Dərhal düzəliş edilməsə, klinika fəaliyyətini dayandıra bilərdi və ya ciddi böhranlara səbəb ola biləcək vəziyyət yaranardı. Təməl məsələlərə sterilizasiya işindən başladıq. Cihazlarımızı içəri aldıq və indi sterilizasiya sahəsində çalışan 5 cihazımız var”.

Kliniki fəaliyyətdə texniki imkanların rolundan danışan məruzəçi, bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıb. O, klinikanın ürəyi hesab edilən əməliyyatxananın da yeniləndiyini deyib: “Tədris Cərrahiyyə Klinikasında olan 18 əməliyyat otağının çoxunda problemlər vardı. Həmin problemləri aradan qaldırmağa çalışdıq, 5 yeni aspirator və digər cərrahi alətlər aldıq, əməliyyat masaları təmir olundu. Nəticədə əməliyyatxananı 3 ay ərzində işlək hala gətirdik. Eyni zamanda, Anju otağına kondisionerlər quraşdırıldı. Çünki cihazın hər zaman işləməsi üçün otaq soyuq olmalıdır. Bahalı olmasına baxmayaraq, Anju aparatını işlək vəziyyətdə saxlamaq üçün şüa borusu da alındı”.

M.Avcıl klinikada işçilərin maaşlarını artırmaq istiqamətində görülən işlərə də toxunub. Qeyd edib ki, işçinin 300 manat civarında olan maaşı yanvar ayından 500-550 manata qaldırılıb: “Həmçinin böyük bir şöbədə çalışan işçinin maaşına 70 manat əlavə olunur. Əməliyyat blokunda çalışan hər tibb bacısına 930 manat maaş və əməliyyat sayına görə bonus verilir. Həkimlərimizin maaşları da mərhələli şəkildə artırılır”.

 Onun sözlərinə görə, klinikada ən zəruri məsələlərdən biri də infeksiyaya nəzarətdir. Bunun üçün infeksion tibb bacısı təyin edilib və infeksiya komissiyası yaradılıb.

Xəstəxanaların yanğın və digər fəlakətlər baxımından yüksək riskli müəssisələr olduğunu söyləyən M.Avcıl, profilaktik məqsədlə mülki müdafiə təlimlərinin keçirilməsindən də söz açıb.

Müasir tibbi avadanlıqlarla təchizat yaxşılaşdıqca, gündəlik xəstə sayının da artdığını bildirən klinikanın direktoru deyib ki, 16 yeni koter cihazı alınıb, oksigen sistemi bərpa edilib: “Ürək-damar əməliyyatlarını dayandırmamaq üçün vacib olan motorlar təmir edildi. 5 ədəd Mindray markalı monitor istiqrazı alınaraq şöbəyə təhvil verildi. Kardiologiya şöbəsinin xəstələri limitdən çox olduğuna görə, bu cihazlar xəstələri izləmək və xəstə ölümünün qarşısını almaq uçun şöbəyə lazım idi. Şöbə əlavə olaraq EKG cihazı ilə də təmin edildi.  Həmçinin iki defibrilator və bir CBAP cihazı alınaraq ehtiyac olan şöbələrə yerləşdirildi”.

Çıxışında beynəlxalq əlaqələrə də diqqət çəkən M.Avcıl, klinikada çox önəmli konfranslara, təlimlərə əlverişli şərait yaradıldığını vurğulayıb. “Avadanlıqları düzəltdik, işçilərin maaşlarını qaldırdıq, yeni cihaz və alətlər aldıq, təlimlər keçdik, keyfiyyət çalışmaları apardıq və təhlükəsizlik tədbirləri gördük. Bu təqdimatı etmək hüququnu mənə verdiyi üçün rektor, professor Gəray Gəraybəyliyə təşəkkür edirəm. Amma təqdimatda bir çətinlik var idi. Çətinlik 3 ilin işini 3 ayda görmək deyil, 20 dəqiqədə izah edə bilməkmiş” – deyə klinikanın direktoru hesabat məruzəsini yekunlaşdırıb.

Məruzə ətrafında çıxış edən Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian 3 ay müddətində klinikanın müalicə işləri üzrə direktor müavini işlədiyini xatırladıb. Bu nöqteyi-nəzərdən klinikada görülən işlərlə bağlı daha çox məlumatlı olduğunu bildirib və xəstə sayının çoxalmasını bu işlərin müsbət göstəricisi kimi qiymətləndirib. Eyni zamanda icbari tibbi sığortanın imkanlarından daha çox istifadə edilməsi və tədris klinikası olması nəzərə alınmaqla, vergi güzəştlərinin tətbiq olunması təkliflərini irəli sürüb.

Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, professor Məlahət Sultanova bugünkü Elmi Şurada müzakirə olunan məsələnin universitetin ən prioritet istiqamətinə - kliniki fəaliyyətə həsr olunduğunu, arqumentlərə söykənən bir hesabat dinlədiklərini söyləyib. Klinikanın Radiologiya şöbəsində görülmüş işlər, mövcud problemlər haqqında fikirlərini bölüşərək bildirib ki, gündəlik prosedurları maksimal səviyyədə yerinə yetirməyə çalışırlar: “Uzun müddət idi ki, işləməyən və yaxud fasilələrlə işləyən MRT cihazı artıq tam gücü ilə fəaliyyətdədir. KT müayinəsi də tələbata uyğun həyata keçirilir. Təbii ki, yeni avadanlıqlar da gözləyirik. Şöbəmizdə 24 rezident təhsil alır. Təyinatları ilə, iş yerləri ilə maraqlanırıq. Onların aparıcı klinikalarda yaxşı mütəxəssis kimi çalışmalarından məmnunuq. Düşünürəm ki, mürəkkəb cərrahi əməliyyatların icra olunduğu klinikamızda İnvaziv radiologiya şöbəsinin açılması da zəruridir”.

Neyrocərrahlıq kafedrasının müdiri, dosent Rövşən Xəlilzadə də hesabatda vacib məqamların öz əksini tapdığını diqqətə çatdırıb: “Mənim çalışdığım sahə texnologiyanın ən dərindən nüfuz etdiyi sahələrdən biridir. Daha çox avadanlığa ehtiyacımız var. Ümidvaram ki, yaxın zamanlarda cərrahi mikroskopumuz da olacaq”. R.Xəlilzadə istər diaqnostik çalışmalar, istərsə də müalicə proseslərində müəyyən irəliləyişlərin olduğunu söyləməklə yanaşı, klinikada geniş tərkibdə məsləhət şurasının yaradılmasını təklif edib.

Məruzə və çıxışlarda səslənən fikirləri yekunlaşdıran prorektor Sabir Əliyev hesabatda klinikanın fəaliyyəti, tədris prosesi, eləcə də digər məsələlərlə bağlı ətraflı məlumat verildiyini vurğulayıb: “Məruzədən də hiss olundu ki, başlanğıc yaxşıdır. Ancaq aparılan işlər davamlı olmalıdır. Xatırlayıram ki, Terapevtik və Cərrahiyyə klinikaları fəaliyyətə başlayan zaman hamımızda bir məmnunluq hissi vardı. Çox təəssüf ki, sonrakı dövrlərdə müəyyən problemlər yarandı. Unutmamalıyıq ki, klinikaların fəaliyyətində ən önəmli məsələ tədris və təlim prosesinin hansı səviyyədə aparılması ilə bərabər, tibbi bacarıqların hansı səviyyədə öyrədilməsidir”.

Professor S.Əliyev yekun nitqində ən qabiliyyətli, ən savadlı tələbələrimizin, məzunlarımızın xarici ölkələrə üz tutmasından təəssüfləndiyini də dilə gətirib: “Bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür. Çünki onlar gələcəyin yüksək səviyyəli kadrları kimi ölkəmizdən gedirlər. Biz tədris və təlim prosesində bir vətəndaş kimi onları elə hazırlamalıyıq ki, öz xalqına, öz vətəninə xidmət etmək niyyətində olsunlar”.

Sonuncu kurs tələbələrinin dərsə davamiyyəti, bəzi müəllimlərin dərsə vaxtında başlamaması və xarici tələbələrin şikayətləri ilə bağlı məsələlərə münasibət bildirən prorektor, sığorta və vergi güzəştləri haqqında səslənən fikirlərə də aydınlıq gətirib.

Hesabat məruzəsinin müzakirəsindən sonra dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşrinə razılıq verən Elmi Şura sonda elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçisini, elmi adları təsdiqləyib.