Professor Musa Qəniyev: "Bölgədəki 800-dən artıq nadir bitki növünün 250-dən çoxu yox olmaq üzrədir"

 

Qarabağın dərman bitkiləri yaralarımıza məlhəm olacaq

 

Professor Musa Qəniyev deyir ki, bölgədəki 800-dən artıq nadir bitki növünün 250-dən çoxu yox olmaq üzrədir

 

“Dünyada mövcud olan 7 iqlim qurşağından 2-sinə və 8 iqlim tipinə malik olan vətənimiz, yeraltı sərvətləri kimi, yerüstü sərvətlərilə də dünyanın ən zəngin ölkələrindən biridir. Təbiətin bizə bəxş etdiyi belə nemətlərdən biri ölkəmizin çoxçeşidli dərman bitki florasına malik olmasıdır”. Bunları “Təbib” qəzetinə açıqlamasında ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev söyləyib.

Professor bildirib ki, dərman bitkiləri 1545 növlə təmsil olunur ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Bunların 135-i ofisinal dərman bitkiləridir: “Bu bitkilərdən hələ çox qədim zamanlardan müxtəlif xəstəlik və patoloji proseslər zamanı xalq təbabətində geniş istifadə olunur. Azərbaycanın zəngin dərman bitki xammalı hələ qədim dövrlərdə digər ölkə və xalqların maraq dairəsində olmuş və bu nemətdən bacardıqları qədər faydalanmağa çalışmışlar. Məsələn, məşhur tarixçi Strabonun verdiyi məlumata görə, Albaniya dövlətinin mövcud olduğu dövrlərdə (I-VII əsrlər) Roma imperiyası ilə Albaniya arasında Dioskrididə (indiki Suxumi şəhəri) bağlanan müqaviləyə əsasən, Albaniya ərazisində (xüsusən, Qarabağ zonası) yığılan bitkilərdən hazırlanan dərmanlar kiçik şüşə qablara doldurularaq öyrənilmək və istifadə olunmaq üçün Roma imperiyasına göndərilirdi”.

Professor M.Qəniyev deyib ki, XII-XVII əsrə aid olan əlyazmalarda göstərilir ki, Qarabağ əhalisi bu bölgədə bitən 700 adda bitkidən müalicə məqsədilə istifadə edib: “30 ildə erməni əsarətində olan bu müqəddəs bölgəmizin bütün təbii sərvətləri, o cümlədən dərman bitki florası talan edilib. Erməni işğalına qədər Qarabağda 600-dən artıq dərman bitki növü yetişirdi. Bu bitkilərin 163 növündə sidikqovucu, 157-sində antibakterial, 138-ində ümumi müalicəvi, 81-ində büzüşdürücü, 19-unda virusəleyhinə təsir xüsusiyyəti vardı və müvafiq məqsədlərlə istifadə olunurdu. Bu bitki növlərinin 1/10 hissəsi isə farmakopeyaya daxil edilmiş ofisinal dərman bitkisi idi. Bunların da 32 növü Azərbaycanda “Qırmızı kitaba” daxil edilmiş və endemik olaraq Qafqaz florasına aid edilən dərman bitkiləri idi.

Bu bitkilərin böyük əksəriyyəti erməni barbarlığının nəticəsi olaraq, tamamilə yox olmaq təhlükəsi altındaydı. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz həm də Qarabağın yeraltı və

yerüstü sərvətlərinin, o cümlədən dərman bitki florası daxil olmaqla, bütün təbii müalicə vasitələrinin yenidən xalqımıza qaytarılması idi. Ona görə də hazırda əsas vəzifələrdən biri işğaldan azad olunan torpaqlarda bu bitki florasının bərpasıdır. Xüsusi maraq doğuran və praktik əhəmiyyət kəsb edən cəhət odur ki, Qafqaz florasına aid edilən dərman bitkilərinin bir çox növü yalnız Qarabağ zonası üçün

endemikdir. Yəni onlar Qarabağdan başqa dünyanın heç bir yerində təbii şəkildə yetişmir”.

Sözünə davam edən mütəxəssis vurğulayıb ki, 30 illik işğal səbəbindən Qarabağın hazırki florası haqqında tam məlumata malik deyilik: “Biz bu məlumatı yalnız Qarabağ ərazisi minalardan tam təmizləndikdən sonra aparılacaq monitorinqlər nəticəsində əldə edəcəyik. Əlimizdə olan və tarixi keçən əsrin 80-ci illərinin ikinci yarısına təsadüf edən son rəsmi məlumata görə, Qarabağ regionunda 800-dən artıq nadir bitki növü var idi. Hazırda onların 250-dən çoxu yox olmaq üzrədir. Bunlardan Araz palıdı, qanadlı fındıq, şərq çinarı, adi nar, meşə üzümləri, şimşir, Eldar şamı, Şuşa gülü, söyüd armudu, Qarabağ dağ laləsi və başqalarını göstərmək olar. Onların xeyli hissəsində gələcəkdə tibbi praktikada istifadəyə əsas ola biləcək, lakin ciddi tədqiqatların aparılmasına ehtiyacı olan bioloji aktiv birləşmələr var. Məsələn, Qarabağ dağ laləsinin soğanağından kardiotonik və sedativ təsirli yüksək farmakoloji fəallığa malik alkaloidlər

alınıb”.

Professor bütün bunlardan çıxış edərək bildirir ki, Qarabağa Böyük qayıdış zamanı bitki florasının bərpası və hərtərəfli öyrənilməsi çox vacibdir. Bunun üçün Qarabağda gələcəkdə elmi-tədqiqat institutlarına çevriləcək xüsusi eksperimental laboratoriyaların yaradılması və aparılacaq eksperimental və klinik tədqiqatlara farmakoloji nəzarətin təmin olunması əsas şərtlərdir. Məsələnin xüsusi əhəmiyyəti həm də ondan ibarətdir ki, gələcəkdə

istehsalçı ölkəsi Azərbaycan olan bitki tərkibli yeni dərman preparatlarının alınması, ölkəmizin müvafiq dərman preparatları idxalından asılılığının azaldılması və hətta xaricə ixracı perspektivi tamamilə realdır.