Xarici ölkənin doktorantı elmı işini ATU-da yerinə yetirir

 

Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Ümumi biologiya və genomika kafedrasının doktorantı Aynaqulova Qaliya Siyundukovna akademik Bersimbayev Raxmetkaji İskendiroviçin elmi rəhbərliyi altında “Azbest tozunun məməlilərin orqanizminə molekulyar-hüceyrəvi təsirinin öyrənilməsi” adlı mövzusunun bir hissəsini yerinə yetirmək məqsədilə ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasına ezam edilib.

O, indiyədək elmi işini yerinə yetirmək məqsədilə iki dəfə, ümumilikdə 25 gün (23 dekabr-04 yanvar 2023-cü il, 10-21 aprel 2023) Azərbaycan Tibb Universitetində olub və rektorun icazəsi ilə qonaq evində yerləşdirilib. Tədqiqatçının əsas məqsədi işıq və elektron mikroskopik üsulların köməyi ilə azbestin təsirindən ağciyərlərin struktur elementlərində, əsasən də alveol və bronxların epitel hüceyrələrinin sitoplazmasında olan mitoxondrilərin utrastrukturunda baş verən dəyişikliklərin öyrənilməsidir. Ona görə də tədqiqatçının ilk ezamiyyə müddətində təcrübə heyvanlarından nümunələrin götürülməsi texnikası, toxumaların fiksə edilməsi, araldit-epon bloklarının hazırlanması, yarımnazik və ultranazik kəsiklərin Leica EM UC7 mikrotomu vasitəsilə aparılması, kəsiklərin müxtəlif üsullarla boyanması və ATU-nun Elmi Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya şöbəsində olan Transmission Elektron Mikroskopu (JEM-1400) vasitəsilə elektronoqrammaların alınması və İTEM proqramının köməkliyi ilə alınan şəkillər üzərində statistik hesablamaların aparılması əməkdaşlarımız tərəfindən öyrədilib. Bundan əlavə, araldit-epon bloklarının hazırlanmasında istifadə olunan reaktivlərin protokollar əsasında uyğun tərkiblərinin seçilməsi üzrə də təlim keçilib.

Tədqiqatçının növbəti ezamı dövründə isə artıq təcrübələr qoyulduqdan sonra özünün hazırladığı bloklar üzərində işlər aparılıb. Belə ki, təcrübə heyvanlarında ağciyərdən ilk olaraq normada (6 blok), sonra isə azbestin müxtəlif dozaları (0,25 və 0,5 mq) nəticəsində hazırlanan bloklardan (hər birindən 6 blok) 1 mkm qalınlığında yarımnazik kəsiklər hazırlanıb və boyandıqdan sonra işıq mikroskopunda tədqiq edilərək şəkilləri çəkilib. Həmin bloklardan 50-70 nm qalınlığında ultranazik kəsiklər hazırlanaraq TEM vasitəsilə şəkillər əldə edilib. Əsasən böyük böyüdücülərdə (80000-100000 dəfə) mitoxondrilər və onun struktur elementləri çəkilib. Elektronoqrammalarda normada və azbestin təsirindən sonra mitoxondrilərin bir sıra əlamətləri statistik olaraq müəyyənləşdirilib.

İlkin nəticə olaraq, azbestin təsirindən ağciyərin sitoplazmatik struktur elementlərindən olan mitoxondrilərin daxili və xarici membranlarında şişkinlik, kristalararası məsafənin genişlənməsi və daxilində membranlı strukturların quruluşunun pozularaq mielinəbənzər cisimciklərin əmələ gəlməsi və s. patoloji dəyişikliklər aşkar edilib.