Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Tibb bacısı işinin tarixi bu fədakar peşəyə özünü həsr etmiş məşhur adlarla zəngindir. Bunlardan ən tanınmışı Florens Naytingeyldir. F.Naytingeyl tibb bacısı ixtisası və hospitallarda islahatın təşəbbüsçüsü kimi tarixə öz adını yazıb. O öz missiyasını insanlara xidmətdə, onları xəstəliklərdən, ölümdən qurtarmaqda görürdü.

1853-1856-cı illərdə Krım savaşında gecə-gündüz əsgərlərə qayğı göstərdiyinə görə əsgərlər ona Çıraqlı qadın adını vermişdilər. Bütün işçi heyət axşam evlərinə getdiyində, o, əlindəki çıraqla xəstəxananı gəzərək yaralılara nəzarət edirdi. “The Times” qazetində ona baxıcı mələk adı verilmiş və “bütün xəstəxananın divarlarında onun siluetinin olduğu” yazılmışdı.

Florens, tibb bacılarının tam peşəkar təhsil ala biləcəkləri bir məktəb yaratmağı ən vacib məqsədlərdən biri hesab edirdi. 1860-cı ildə o, Londonda Müqəddəs Tomas Xəstəxanasında Mərhəmət Bacıları üçün Naytingeyl Sınaq Məktəbini açdı. Sonralar onun məktəbinin modelinə uyğun olaraq Avropa və Amerikada məktəblər yaradıldı ki, bu müəssisələrdə tibb bacıları özləri dərs deyirdilər. Bu da tibb bacısı ixtisasının təhsilində mühüm addımlardan biri olmuşdu.

1974-cü ildən etibarən mayın 12-si (Florens Naytingeylin ad günü) hər il Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Azərbaycanda da adını səhiyyə, tibb bacısı peşəsi tarixinə qızıl hərflərlə yazmış şəxslər az deyil. İlk azərbaycanlı şəfqət bacısı general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Onun başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci ildə Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib və Nigar Şıxlinskaya həmin Cəmiyyətin “Şəfqət xidməti”nin təşkilatçısı olub.

Tibb bacılarının həyatımızda əvəzolunmaz rolunu vurğulamaq üçün bu peşə üzrə fədakar fəaliyyət göstərən və xüsusi fərqlənənlər üçün “Florence Nightingale” medalı təsis edilib. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Cenevrədə keçirilən “Florence Nightingale” medalının təltifetmə mərasimində 18 ölkədən 25 tibb bacısı həmin medala layiq görülüb. Bu medal silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanların sağlamlığı naminə, həmçinin tibb sahəsində qabaqcıl xidmət edən şəfqət bacılarına verilir. Medala layiq görülənlər arasında 2020-ci il Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda vuruşarkən yaralanan əsgərlərə ilk tibbi yardımın göstərilməsində və onların döyüş meydanından təxliyə edilməsində vəzifə borcunu yerinə yetirərkən həlak olub.

Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası 2020-ci ili “Tibb bacısı və mamaların Beynəlxalq ili” elan etmişdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış «Tibb bacısı işinin dünyada vəziyyəti, 2020-ci il» məruzəsində qeyd olunub ki, səhiyyənin hazırki vəziyyəti həm tibb bacısı işçilərinin sayının, həm də onların vəzifə və funksiyalarının əhatə dairəsinin genişlənməsini tələb edir.

Mövzu ilə bağlı “Təbib” qəzetinə danışan ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva bildirib ki, 50 ildən çoxdur Şimali Amerika, Avropa ölkələrində, Avstraliya və Yaponiyada alı təhsilli (bakalavr) tibb bacılarının hazırlanması uğurla tətbiq olunur. ÜST-ün ekspert komitəsinin tövsiyələrinə uyğun olaraq, ali təhsilli tibb bacıları bu ixtisasda fəaliyyət göstərənlərin ümumi sayının ən azı 10%-ni təşkil etməlidir. Bütün bunlar müasir dövrün tələblərindən irəli gəlir. XXI əsrin tibb bacısı öz peşə vəzifələrini yerinə yetirməyə hazır olmaqla yanaşı, həm də tibdə innovativ dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyətinə malik olmalı və qrup lideri kimi fəaliyyət göstərməyi bacarmalıdır. Tibbi komandanın koordinatoru olaraq tibb bacısı hər bir xəstənın ehtiyaclarını dəqiq qiymətləndirməli, fərdi baxım planını qurmalı, komanda üzvləri arasında aydın ünsiyyəti təmin etməlidir. Bundan əlavə, elmin sürətlə inkişaf etdiyi dövrdə tibb bacısı tədqiqat aparmaq, bu tədqiqatların nəticələrini əsaslandırmaq və cəmiyyətə təqdim etmək qabiliyyətinə malik olmalıdır. Bunu da yaddan çıxarmaq olmaz ki, tibb bacısı təhsilinin əsas şüari: “Tibb bacısını tibb bacısı öyrətməlidir!” olduğundan, pedaqoji bacarıqları olan ali təhsilli tibb bacılarına ehtiyac qat-qat çoxalır.

Q.Qəniyevanın sözlərinə görə, təcrübə göstərir ki, ali təhsil tibb bacısının işinin keyfiyyətinə ciddi təsir edir və onun yeniliklərə tez uyğunlaşması üçün zəruridir. Bir çox ölkələrdəki kimi, Azərbaycanda da tibb bacısı üzrə bakalavriatın yaradılması Bolonya sisteminə uyğun olaraq məzunlara magistr və doktorantura pillələrində təhsilin davamlılığını təmin etməkdə geniş imkanlar verən amillərdən olacaq.

“2020-ci ildən etibarən Təhsil Nazirliyinin müvafiq qərarı ilə Azərbaycan Tibb Universitetində “Tibb bacısı işi” ixtisası üzrə təhsil həyata keçirilir. Bu qısa dövr ərzində tibb bacısı ixtisasının tədrisi üçün ATU-nun rəhbərliyi tərəfindən əhəmiyyətli işlər görülüb. Türkiyənın Qazi və EGE universitetlərinin bu sahədə tədrislə məşğul olan mütəxəssisləri ilə sıx əlaqələr yaradılıb və proqramların təkmilləşdirilməsi üzrə treninqlər təşkil edilib. Həmçinin ÜST və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində tibb bacısı ixtisası üzrə təhsil alan tələbəmiz Rəna Cumayeva bir semestr ərzində müvəffəqiyyətli nəticələr əldə edib.

Mən bu sahədə çalışanları və bu peşəyə həyatını həsr etməyə hazırlaşan tələbələri bu gün münasibətilə təbrik edirəm. İnanıram ki, onların arasında ölkəmizdə səhiyyə xidmətnin təkmilləşməsinə, əhalinin sağlamlığının yaxşılaşmasına öz töhfəsini verən və beynəlxalq səviyyədə Azərbaycanın adını yüksəldən mütəxəssislər olacaq” – deyə müsahibimiz bildirib.