15 May - Beynəlxalq Ailə Günü Azərbaycanda da geniş qeyd olunur

 

Cəmiyyətin sütunu – ailə institutu

 

15 May - Beynəlxalq Ailə Günü Azərbaycanda da geniş qeyd olunur

 

BMT Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Bu əlamətdar gün olduqca əhəmiyyətli dəyərləri özündə birləşdirməklə, dünya miqyasında bütün insanların diqqətini ailələrə və onların problemlərinin həllinə yönəldir.

Ailə cəmiyyətin əsas elementi kimi bəşəri dəyərlərin, mədəniyyətin və nəsillərin davamlılığını təmin edən sabitlik və inkişaf amilidir. Buna görə də hər bir dövlətin əsas vəzifəsi cəmiyyətdə firavan, uğurlu, mənəvi-əxlaqi prinsiplərə söykənən ailə modelini formalaşdırmaqdır.

“Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”,- deyən Ümummilli Lider Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılmasına böyük əhəmiyyət verirdi.

Ailə problemlərinin əksəriyyəti sosial-məişət və tibbi xarakterlidir. Bunlara ailə üzvlərinin qarşılıqlı münasibəti, onların yaşayış şəraiti, valideyn-övlad məsuliyyəti, ailələrin maddi təminatı, reproduktivliyin təminatı, xəstəlik, ailə üzvünün itirilməsi, uşaqların sağlamlığının formalaşması, psixi pozğunluqlar və bir çox başqa məsələlər daxildir. Bu problemlər içərisində hər bir ailə üzvünün sağlamlığına aid olan məsələlər xüsusi yer tutur. İnsanlar yaşadıqları hər bir mühitdə onların ehtiyaclarına diqqətlə yanaşacaq, davamlı münasibət qura biləcək təcrübəli həkim arzulayır, fərdi xüsusiyyətləri və yaşayış şəraiti nəzərə alınmaqla, sağlam həyat tərzinin formalaşmasına dair məsləhətlər almaq istəyir, buna can atırlar. Əhalinin bu tələblərinə cavab verən ailə həkimi bütün sağlamlıq problemləri ilə və eyni zamanda xəstəliyə deyil, insana hədəflənmiş şəkildə məşğul olur, xəstəlikləri erkən mərhələdə aşkarlamağa çalışır, patologiyanın xronikləşməsinin, daha ağır mərhələyə keçməsinin qarşısını alır. Həmçinin konkret şikayəti olmayan, sağlam hesab edilən əhali ilə də iş aparır, insanın həyat potensialının yüksəlməsinə və ömrünün uzanmasına yönələn profilaktik proqramları tərtib edir.

Əhalinin reproduktiv sağlamlığının müdafiəsi milli təhlükəsizlik məsələsidir və sağlam uşağın doğulması, sağlam nəslin yetişdirilməsi ümumbəşəri məsələlərin əsas prioritetlərindəndir. Reproduktiv sağlamlıq və ailə planlaşdırmasında da ailə həkimi ilk müraciət edilən həkimdir. Ailə problemlərinin həllində ailə həkimi mərkəzi yer tutur. Onun timsalında insanlar yalnız həkim deyil, həm də tibbi vəkil, sosioloq, müasir dövrdə tibbi menecer qazanmış olur.

Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanda Beynəlxalq Ailə Gününün qeyd olunmasının ənənəyə çevrilməsi məhz dövlətin beynəlxalq əməkdaşlıq prinsiplərini əsas tutaraq, bu sahəyə göstərdiyi xüsusi diqqət kimi qəbul edilə bilər.

 

İbrahim İsayev,

Ailə təbabəti kafedrasının müdiri, əməkdar elm xadimi, professor