Mayın 25-də ATU-nun Hərbi tibb fakültəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş soydaşlarımızın xatirəsi anılıb, dövlət himnimiz səsləndirilib. Bundan sonra fakültənin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov giriş nitqi ilə çıxış edib. O, ilk növbədə generalları, zabit heyətini və qonaqları salamlayaraq bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib. Fakültənin rəisi uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyevin tarix yazan dahi şəxsiyyət olduğunu vurğulayıb: “Belə unudulmaz tarixlərdən biri də 25 may 2000-ci il tarixidir. Həmin tarixdə Ulu Öndərin sərəncamı ilə Azərbaycan Tibb Universitetinin nəzdində Hərbi tibb fakültəsi yaradıldı. Bilirik ki, Azərbaycan Silahlı Qüvvələri dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin qarantıdır və onun onurğa sütunudur. Şəxsi heyətin, əsgər və zabitlərin, onların ailə üzvlərinin sağlamlığı keşiyində dayanan hərbi həkimlərə, o cümlədən hərbi feldşerlərə böyük ehtiyac vardı. Ulu Öndər bütün sahələri mükəmməl bildiyi kimi, eyni zamanda hərbi sahəni də əla bilirdi. Bilirdi ki, hərbi həkimlərlə mülki həkimlər arasında çox böyük fərqli xüsusiyyətlər var. Bu fərqli xüsusiyyətlərdən biri o idi ki, hərbi həkimlər həmişə ekstremal, tibbi nöqteyi-nəzərdən məhdud şəraitdə, döyüş meydanlarında mərmi yağışının altında fəaliyyət göstərirlər”.
Hərbi tibb fakültəsinin 23 illik fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri üçün xeyli sayda kadr hazırladığını diqqətə çatdıran Ç. Əlləzov qeyd edib ki, bu müddət ərzində 650-dən çox hərbi feldşer hazırlanaraq Silahlı Qüvvələrin sərəncamına verilib. Həmçinin 910 nəfər hərbi həkimin 757 nəfəri Müdafiə Nazirliyi, 140 nəfəri Ədliyyə Nazirliyi, 10 nəfəri Sərhəd qoşunları və 3 nəfəri Daxili Qoşunlarda xidmətə göndərilib: “ Bundan əlavə, təhsil sistemində aparılan islahatlarla əlaqədar 2010-cu ildə fakültəmizdə Rezidentura şöbəsi yaradılıb və baza olaraq Mərkəzi Kliniki Hospital və ATU-nun klinikaları seçilib. 2010-cu ildən sonra isə 24 ixtisas üzrə 112 rezident təhsilini başa vuraraq Silahlı Qüvvələrin sərəncamına verilib”.
Ulu Öndərin davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsinin ilk günlərində Hərbi Tibb fakültəsinin şəxsi heyətinin də cəbhə bölgəsinə yollandığını diqqətə çatdıran fakültənin rəisi bildirib ki, V-VI kurslarda təhsil alan kursantlarımız, eyni zamanda 78 rezidentimiz, ixtisasca həkim olan 13 nəfər müəllimimiz və 11 nəfər komandir heyəti cəbhə bölgəsində fədakarlıqla fəaliyyət göstəriblər.
Ç. Əlləzov bu müddət ərzində Hərbi tibb fakültəsinin məzunlarından 14 nəfərin şəhidlik zirvəsinə ucaldığını, onlardan 6 nəfərin həkim, 8 nəfərin feldşer olduğunu söyləyib. Bu gün də fəaliyyətini əzmlə davam etdirən fakültənin Silahlı Qüvvələr üçün savadlı, bacarıqlı kadrlar hazırladığını vurğulayaraq şəxsi heyətə uğurlar diləyib.
Müdafiə Nazirliyinin Tibb İdarə rəisinin vəzifələrini icra edən tibb xidməti general mayoru Firuddin Nəbiyev keyfiyyətli hərbi kadr hazırlığının əhəmiyyətindən danışıb. Hərbi tibb fakültəsinin yaradılmasını Ulu Öndərin milli ordumuza ən böyük töhfəsi kimi dəyərləndirən idarə rəisi, fakültənin bütün əməkdaşlarını, professor-müəllim heyətini bu əlamətdar gün münasibətilə təbrik edib.
Tədbir iştirakçılarını ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından təbrik edən universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Hərbi tibb fakültəsində dərs deyən ilk müəllimlərdən biri olduğunu, o zaman Hərbi tibb fakültəsinin tələbələrinin imtahanlarda yüksək bal topladığını xatırladıb. 23 il əvvəl təməli Ulu Öndərimiz tərəfindən qoyulan bu fakültənin Vətən müharibəsindəki xidmətlərindən söhbət açan prorektor bildirib ki, həm ön, həm də arxa cəbhədə hazırlıqlı həkimlərimiz olmasaydı, itkilərimizin sayı daha çox olardı.
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin təbrik məktubunu Elmi Tədqiqat İnstitutunun rektor müavini, polkovnik Rəşad Tahirov oxuyub: “Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin rəisi, sizi və rəhbərlik etdiyiniz kollektivi Hərbi tibb fakültəsinin yaradılması günü münasibətilə Milli Müdafiə Universitetinin şəxsi heyəti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm! Hərbi sahədə qazanılan nailiyyətlər, torpaqlarımızın düşmən tapdağından azad olunması 44 günlük müharibənin taleyində həlledici rol oynadı. Həmin döyüşlərdə fakültənin kursantları və məzunu olan tibb işçiləri də yüksək bilik və bacarıq nümayiş etdirdilər. Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyi altında ölkəmizin ordu quruculuğu sahəsində şərəfli fəaliyyətinizdə sizə daha böyük uğurlar arzulayıram”.
Tədbirdə çıxış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov hələ o zaman Ulu Öndərin torpaqlarımızın işğaldan azad ediləciyinə inandığını və xalqımızda da güclü inam yaratığını diqqətə çatdırıb. Bu inamı Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun gerçəkləşdirdiyini deyən komitə sədri, Hərbi tibb fakültəsinin yaranmasını Ümummilli Liderin uzaqgörən siyasətinin bariz nümunəsi kimi səciyyələndirib.
Ehtiyatda olan tibb xidməti polkovnikləri Fərhad Meybəliyev, Rafiq Quliyev və Hərbi tibb fakültəsi rəisinin tədris işləri üzrə müavini, Tədris şöbə rəisi Məharət Rzayev də tədbirdə çıxış edərək, fakültənin keçdiyi tarixi inkişaf yolundan söhbət açıblar. Kursantları çətinliklərdən qorxmamağa çağıran natiqlər fakültənin strukturu, tədris şöbəsi, kafedraları, ixtisaslaşma və təkmilləşdirmə kursları, bazaları, son 5 ildə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Bundan sonra sözləri tibb xidməti polkovniki Məharət Rzayevə məxsus, fakültənin ildönümünə həsr olunmuş mahnını kursantlar Vahid Rzayev və Ömər Rüstəmli məharətlə ifa ediblər. Nicat Nəsibli və Xalid Musazadənin ifalarında “Ağ ümid”, “Bu dağlardan o yana” mahnıları da tədbir iştirakçılarında xoş ovqat yaradıb. Kursant Nicat Nəsiblinin qiraətində səslənən “Bayraq” şeirinin sədaları və tamaşaçı alqışlarının müşayiəti ilə üçrəngli bayrağımız səhnəyə gətirilməsi ilə tədbirin rəsmi hissəsi yekunlaşıb.
Daha sonra tədbir hərbi şəhərciyin həyətində bədii hissə ilə davam edib. ATU-nun “Şəfa” xalq çalğı alətləri ansamblının və “Çinar” rəqs ansamblının üzvləri rəngarəng çıxışları ilə tamaşaçılara zövqlü anlar yaşadıblar.