Tələbə Dilbər Rahim Əliyevanın ssenari işləməsi və rejissorluğu, Aygün Abbasovanın bədii rəhbərliyi ilə hazırlanan tamaşanın maraqlı süjet xətti var. Belə ki, klinikanın rəhbəri, 30 illik iş təcrübəsinə malik qocaman professor Şahbazov gənc mütəxəssis İradə həkimin tətbiq etdiyi cərrahi əməliyyat və müalicə üsullarına qarşı çıxır. İradənin Xəzərdə neft buruqlarının qazılması zamanı gözlərinin nurunu itirən Arslan Yılmazın gözlərində etdiyi ilkin əməliyyatı “uğursuz, doğru olmayan əməliyyat” adlandırır. Amma İradə yeni üsulların tətbiqinin zəruriliyi üzərində israrla dayanır və onu elmi əsaslarla izah edir. İradə həm də professorun oğlu Raufun nişanlısıdır. Onlar bir-birlərini dərin məhəbbətlə sevir. Qocaman professor gələcək gəlininin onunla apardığı elmi mübahisələri qəbul etmir, bunu gəlinin qayınatanın “üzünə ağ olması” kimi dəyərləndirir.
Professor elmi rəhbəri olduğu gələcəyin alimlərini də özü kimi köhnə fikirlərin girdabında saxlamağa çalışır. Onların köhnə üsulları özündə əks etdirən elmi işlərinin müdafiə olunmasına şərait yaratmağa çalışır. Amma bu məqamda da qarşısında İradəni görür. O, Nərminənin yazdığı dissertasiya işini qeyri-məqbul hesab edir. İradə ilə bacara bilməyəcəyini hiss edən professor və Nərminə ona qarşı məkrli planı işə salırlar. Professor oğluna İradə ilə ailə qurmamağı məsləhət görür. Rauf fikirli olduğu üçün avtomobil qəzasına uğrayır və xəstəxanaya düşür. Bu xəbəri eşidən İradə kabinetində huşunu itirir və onunla həmsöhbət olan doktor Talıbovun qolları arasına düşür. Bu mənzərəni görən Nərminə tez telefonunun kamerasını xəlvətcə işə salır. Kadrları professora göstərir. Görüntülər klinikada həkim personalı arasında böyük rezonansa səbəb olur. Qeyd edək ki, Nərminə də Raufu sevir. Onun İradə ilə ailə qurmasını heç vəchlə istəmir. O, ürəyini Raufa açsa da, rədd cavabı alır. Çünki könlü İradədədir.
Belə olduqda, professor Şahbazov həkim Talıbovu gələcək gəlininə qarşı qoyur. Amma sonda məkrli planların üstü açılır.
Onu da deyək ki, İradənin Aslan Yılmazın gözlərində apardığı əməliyyat uğurla nəticələnir, görməsi bərpa olunur. İradə bir daha professor Şahbazova və klinikanın həkim personalına sübut edir ki, yeni üsulun tətbiqi heç də səhv deyil.
Tamaşada Həsənağa və Gülər personajları da diqqət çəkir. Həsənağa klinikanın sürücüsü, Gülər isə tibb bacısıdır. Onlar da bir-birlərini saf məhəbbətlə sevir, sonda ailə qururlar.
Tamaşa müsbət sonluqla nəticələnir. Yenilik köhnəlik üzərində zəfər çalır. Bu zəfərin əldə olunması isə Tibb Universitetinin istedadlı tələbələri - Dilbər Rahim Əliyeva, Kamran Əliyev, Fəxri Qardaşov, Gülgün Oktay, Misir Quluzadə, Elbəy Cabbarlı, Fatimə Şabanova, Nailə Əhmədova, Ruziyyə Hüseynova, Səid Qənbərov, Leyla Cavadova, Rüstəm Quliyev, Mirhəsən Cəfərovun aktyorluq məharəti sayəsində mümkün olur.
İzləyicilərin böyük marağına səbəb olan tamaşanın aparıcısı isə İctimai səhiyyə fakültəsinin tələbəsi Aytac Vəliyeva idi.
Tamaşa bitdikdən sonra tələbələrlə səmimi söhbət edən rektor, professor Gəray Gəraybəyli onları uğurlu səhnə işi münasibətilə təbrik edib. O, universitetimizdə gənclərin öz istəklərinə uyğun hər cür məşğuliyyət tapa bilmələri üçün müvafiq şəraitin mövcudluğundan məmnun olduğunu, tələbələrin müxtəlif sahələr üzrə istedadlarının üzə çıxarılmasını təqdirəlayiq hesab etdiyini bildirib. Bütün bunlarla yanaşı isə, dərslərin birinci yerdə dayandığını, hər bir tələbənin tədris prosesini daim diqqətdə saxlamalı olduğunu vurğulayıb.